Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

'Qohumluq heç kimi korrupsiyaya görə məsuliyyətdən azad etmir'-Media icmalı


Elektrik dirəyi
Elektrik dirəyi

Türkdilli ölkələrin əməkdaşlığı, ziyanla işləyən bir sıra dövlət müəssisələrinin çıxış yolları, korrupsiyaya ilə mübarizədə üzə çıxan məqamlar və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Çıxış yolu: Özəlləşdirmə»

Musavat.com saytında ««Azərenerji» özəlləşdirilməyənə qədər dövlətin çiynində yük olaraq qalacaq» sərlövhəli yazı dərc edilib.

Müəllif «Azərenerji» Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Etibar Pirverdiyevin bu günlərdə vəzifədən azad olunması fonunda ölkənin enerji sektorunun gələcəyini ekspert Pərviz Heydərovla müzakirə edib.

Müəllifin fikrincə, yerli müstəqil mütəxəssislər və xarici ekspertlər ölkədə effektiv enerji təchizatının təmin olunmasından ötrü enerji istehsalı müəssisələrinin özəlləşdirilməsini əsas şərtlərdən biri hesab edirlər.

İqtisadçı-ekspert P.Heydərov da hesab edir ki, ölkənin elektrik enerjisi ilə təminatı iqtisadiyyatın təhlükəsizlik məsələsidir: «İqtisadiyyat inkişafdadırsa, enerji istehsalı hər il artmalıdır. Bu dayanıqlıq təmin olunmazsa, iqtisadiyyatın özünə təhlükə yaranmış olar. Bizdə isə ötən il elektrik enerjisi istehsalında azalma baş verib».

P.Heydərov deyib ki, bunu heç bir obyektiv səbəblə izah etmək mümkün deyil və bu hal «Azərenerji» ASC-də ciddi problemlərin göstəricisidir.

Ekspert daha sonra qurumun maliyyə-təsərrüfat fəaliyyətinə də diqqət çəkərək nöqsanlardan bəhs edir. P.Heydərov hesab edir ki, nə qiymət artımı, nə də kadr dəyişikliyi problemləri yoluna qoya bilər. Ekspertin fikrincə, belə qurumların problemlərinin yeganə həlli onların özəlləşdirilməsidir: «Nə qədər ki özəlləşdirilməyib, «Azərenerji» kimi qurumlar dövlətin çiynində yük olaraq qalacaq...».

Korrupsiya
Korrupsiya

«Korrupsiya aradan qalxmadıqca...»

«Novoye Vremya» qəzetində «Cəmiyyət səs-küylü antikorrupsiya ifşaları gözləyir» sərlövhəli yazı yer alır.

Müəllif ölkədə korrupsiya ilə mübarizənin vəziyyətini təhlil edib: «Rüşvətxoruq və korrupsiya ayrı-ayrı anlayışlardır. Korrupsiyaya ilə mübarizədə real uğura nail olmayana kimi, rüşvətin və fırıldaqçılığın sonuna çıxmaq mümkün olmayacaq. Bizdə isə korrupsiya sistem halıdır, belə korrupsiya dövlət təhlükəsizliyinə birbaşa hədədir. Odur ki, korrupsiyaya ilə minimal mübarizə fonunda rüşvətxorluqla mübarizə demək olar ki, mənasızdır, rüşvət onsuz da yenə «çiçəklənəcək»».

Müəllifə görə, korrupsiyayla mübarizə daha yüksək səviyyələrdə aparılmalıdır. Yazıda vurğulanır ki, ancaq ölkədə yüksəkvəzifəli korrupsionerlərlə mübarizə onlar vəzifədən çıxarıldıqdan sonra başlayır.

Müəllif hesab edir ki, ölkədə kimin korrupsiya ilə məşğul olduğu aydın məsələdir: «Azərbaycan kiçik ölkədir, hətta sadə vətəndaşlar belə 100 milyonlarla dəyəri olan təmtəraqlı villalara istər ölkə içində, istər xaricdə kimlərin sahib olduqlarını bilir. Onlar bu pulları haradan əldə ediblər, bu da hamıya məlumdur. Yəni Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bunu görmür?».

Yazıda korrupsiya ilə mübarizənin bir neçə nazirliklə məhdudlaşdırılması da düzgün sayılmır. Müəllifin iddiasına görə, icra, qanunverici, bələdiyyə orqanlarında «pullu» bir çox məmurlar var: «Bu məsələdə qadağa zonası olmamalıdır, əgər bizim ölkədə hamı qanun önündə bərabərdirsə... Nə keçmiş xidmətlər, nə yuxarılarla qohumluq əlaqələri heç kimi korrupsiyaya görə məsuliyyətdən azad etmir...».

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammiti
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammiti

Türkdilli ölkələrin birlik yolları

«Azərbaycan» qəzetində «İlham Əliyevin təşəbbüsləri türkdilli ölkələri daha dərin iqtisadi əməkdaşlığa yönəldir» sərlövhəli yazı dərc edilib.

Müəllif yazını dövlət başçısı İ.Əliyevin sentyabrın 3-də Qırğızıstanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşündəki çıxışından sitatla başlayır: «İndiki şəraitdə biz iqtisadi əməkdaşlığı dərinləşdirməliyik. Xüsusilə, aramızdakı ticarət dövriyyəsinin artırılması üçün əlavə addımlar atılmalıdır və burada hesab edirəm ki, investisiya layihələri xüsusi rol oynayır. Qarşılıqlı investisiya qoyuluşunu təşviq etmək üçün yeni mexanizmlər işlənməlidir».

Müəllifə görə, hazırda cərəyan edən siyasi-iqtisadi proseslər türkdilli ölkələr arasında əlaqələrin daha da sıxlaşması zərurətini artırır. Yazıda qeyd edildiyinə görə, Azərbaycan da türkdilli ölkələrlə əməkdaşlığı, siyasi-iqtisadi, sosial-mədəni və humanitar əlaqələri gücləndirməyə, eləcə də strateji tərəfdaşlığı dərinləşdirməyə çalışır.

Yazıda vurğulanır ki, prezident İ.Əliyev Şuranın bütün toplantılarında qardaş ölkələri hər sahədə sıx əməkdaşlığa səsləyib və təkliflər irəli sürüb.

Müəllifin fikrincə, bu il avqustun 12-də Qazaxıstanda Xəzərin hüquqi statusu ilə bağlı imzalanmış konvensiya da Azərbaycan, Qazaxıstan və Türkmənistana yeni imkanlar yaradır (konvensiyanı sözü gedən ölkələrdən başqa, İran və Rusiya da imzalayıb). Yazıda iddia edilir ki, həmin sənəd türkdilli ölkələrin daha dərin iqtisadi əməkdaşlığını şərtləndirir.

XS
SM
MD
LG