Keçid linkləri

2025, 24 Mart, Bazar ertəsi, Bakı vaxtı 06:47

Rial yenə rekord həddə ucuzlaşıb


Rial ucuzlaşır, karikatura
Rial ucuzlaşır, karikatura

İran rialı yenə də dollar qarşı rekord səviyyədə ucuzlaşıb. Son 3 gündə rialın açıq bazarda dəyərinin 15 faizini itirdiyi bildirilir. İranda məzənnəni izləyən Bonbast.com portalının məlumatına görə, sentyabrın 3-də axşam bir dollar 128 min 500 riala bərabər olub.

Birləşmiş Ştatlar İranla nüvə sazişindən çıxandan sonra sanksiyaları bərpa etməyə başlayıb. Bu, İranda iqtisadi çətinlikləri daha da dərinləşdirib.

Son bir ildə rial 70 faiz dəyər itirib. Üstəlik qiymətlərin bahalanması son həftələr ölkədə küçə etirazlarına səbəb olub.

VALYUTA EHTİYATLARININ AYRILMASINA MƏHDUDİYYƏTLƏR

Sentyabrın 1-də Mərkəzi Bank rəhbəri Abdolnaser Hemmati valyuta ehtiyatlarının ayrılmasına məhdudiyyətlərin sərtləşdiriləcəyini elan edib. Bunu iqtisadiyyat yazarı Maziar Motamedi deyir.

“Hemmati deyib ki, valyutanın hökumətin məzənnəsinə uyğun ayrılmasına ehtiyatla yanaşacaq. Bu da potensial valyuta qıtlığı deməkdir”, – Motamedi “Frans Pres” xəbər agentliyinə deyib.

Tehranda valyutadəyişmə məntəqəsi
Tehranda valyutadəyişmə məntəqəsi

Rialın ucuzlaşması ölkə iqtisadiyyatının zəifləməsi və iranlılar arasında dollar tələbatın kəskin artmasıyla bağlıdır.

Birləşmiş Ştatlar sanksiyaların bərpasına ötən ay başlayıb. Nüvə sazişi Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

Sanksiyaların İrandan neft ixracını hədəfləyən ikinci raundunun noyabrın əvvəlində qüvvəyə minəcəyi gözlənir.

Prezident Hassan Rohani hökumətindən narazılıq artıb. Ötən həftə deputatlar iqtisadi məsələlər və maliyyə nazirlərini işdən çıxarıb.

İranda etirazlar hələ ötən dekabrdan başlanıb. 80-dən çox şəhərdə iğtişaşlarda 25 nəfərin öldüyü bildirilirdi.

O vaxtdan yük maşını sürücüləri, fermerlər, tacirlər arasında təkəmseyrək etirazlar davam edir.

XS
SM
MD
LG