İranın xarici işlər naziri Mohammad Javad Zarif sentyabrın 3-də Dəməşqə səfəri zamanı prezidenti Bashar al-Assad və digər rəsmilərlə görüşür. Bu görüşlər Suriya hökumət qüvvələrinin üsyançıların əlində olan sonuncu məkan – İdlib vilayətinə gözlənən hücumundan öncəyə təsadüf edir.
Bir neçə gün sonrasa Rusiya, İran və Türkiyə liderləri bir araya gələrək artıq səkkizinci ilə keçmiş Suriya münaqişəsini müzakirə edəcəklər.
“TERRORÇULARDAN TƏMİZLƏMƏK”
Zarif suriyalı həmkarı Walid al-Muallem-lə görüşündə “üçtərəfli sammitə hazırlıq məqsədilə” siyasi və hərbi prosesləri müzakirə edib. Məlumatı Suriyanın Xarici İşlər Nazirliyi yayıb.
Zarifin Suriyanın baş naziri Imad Khamis-lə görüşündə sonuncunun deməsinə görə, Suriyada yenidənqurma işləri İran və Rusiya şirkətlərinin köməyilə aparılacaq.
İran xarici işlər nazirinin Assad-la görüşündə isə İdlibdə və ətraf ərazilərdə müxalifət döyüşçülərə qarşı planlaşdırılan hərbi hücum müzakirə olunmalıdır.
Rusiya və İranın dəstəklədiyi Assad İdlibdəki döyüşçülər Suriya hökumətinə tabe olmazsa, onları məğlub etməyə and içib.
Zarif Dəməşqdə deyib ki, “İdlibin qalan hissələri terrorçulardan təmizlənməli, region Suriya xalqının nəzarətinə qaytarılmalıdır”. Bunu İranın Fars agentliyi yazır.
Rusiyanın xarici işlər naziri Sergei Lavrov isə sentyabrın 3-də Moskvada bildirib ki, Suriya hökumət qüvvələrinin İdlibdə “terrorçuları məhv etmək” hüququ var.
VAŞİNQTONUN REAKSİYASI
ABŞ dövlət katibi Mike Pompeo avqustun 31-də deyib ki, Vaşinqton Assad qüvvələrinin İdlibə hücumunu Suriya müharibəsinin genişlənməsi sayacaq.
Dövlət Departamenti həmçinin xəbərdarlıq edib ki, Suriya hökumət qüvvələrinin gerçəkləşdirdiyi istənilən kimyəvi silah hücumuna Vaşinqton cavab verəcək.
Hazırda İdlibdə və ətrafında 3 milyon nəfər yaşayır. BMT rəsmiləri xəbərdarlıq edib ki, hökumətin hücumu 800 min nəfəri evindən didərgin sala bilər.
Sentyabrın 7-də Rusiya prezidenti Vladimir Putin Tehrana gedəcək, burada İran və Türkiyə liderləri ilə Suriyadakı durum müzakirə olunacaq.
Zarif Dəməşqdə deyib ki, həmin danışıqlarda Suriyada hökumət qüvvələrinə qarşı döyüşən silahlı qruplarla mübarizəyə diqqət ayrılacaq.
İdlibdəki ən güclü silahlı alyans Tahrir al-Sham-dır. Onun tərkibində əvvəllər Al-Nusra Cəbhəsi kimi tanınan, Al Qaeda-ya bağlı qrup da var.