İranın ali dini lideri Ayətulla Ali Khamenei ölkəsinin silahlı qüvvələrini müdafiə qabiliyyətini gücləndirməyə çağırıb. O, eyni zamanda müharibənin başlanması ehtimalını çıxdaş edib.
Khamenei hərbi komandirlərə müraciətində vurğulayıb ki, siyasi hesablamalara əsasən müharibənin başlanması ehtimalı yoxdur, amma ordu ayıq-sayıq olmalı, şəxsi və avadanlıq qabiliyyətini gücləndirməlidir. Bu haqda ali dini liderin rəsmi vebsaytı sentyabrın 2-də yazıb.
Bundan bir gün öncə İran ballistik və qanadlı raket qabiliyyətini gücləndirəcəyini, müasir qırıcı təyyarələr və sualtı qayıqla əldə edəcəyini açıqlayıb.
Khameni ordu komandirləri ilə İranın Havadan Müdafiə Günündə görüşüb.
ABŞ prezidenti Donald Trump İranla 2015-ci il nüvə sazişindən çıxınca tərəflər arasında söz savaşı başlayıb.
Trump bu sazişinin yetərincə sərt olmadığını, Tehranın onun ruhunu pozduğunu, ballistik raketlər hazırladığını, regionda yaraqlıların fəaliyyətini dəstəklədiyini bildirib.
İRAN TƏKZİB EDİR
Nüvə sazişi Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.
Birləşmiş Ştatlar və Qərb müttəfiqləri də İrandan Suriya prezidenti Bashar al-Assad-a hərbi dəstəyini dayandırmasını tələb edir.
“Reuters” isə avqustun 31-də üç İran rəsmisinə, iki İran kəşfiyyat mənbəyinə və iki Qərb kəşfiyyat mənbəyinə istinadla yazıb ki, İran İraqdakı şiə yaraqlılara yaxınmənzilli ballistik raketlər göndərib, onların İraqda raket qurmaq qabiliyyətini inkişaf etdirir.
Tehran isə İraqa raket göndərmədiyini, regionda yaraqlılara dəstək vermədiyini deyir, nüvə proqramının ancaq dinc məqsədli olduğunu bildirir.
Bu arada İranın dövlət mediası yazır ki, Britaniyanın Yaxın Şərq məsələləri üzrə naziri Alistair Burt sentyabrın 2-də Tehranda danışıqlar aparıb. İran Avropa ölkələrini nüvə sazişini xilas etməkdən ötrü tədbir görməyə çağırmışdı.
İran sənədi imzalamış Britaniya, Fransa və Almaniyadan ABŞ-ın sənəddən çıxmasına görə dəymiş ziyanı kompensasiya etməyə kömək istəyib.
Birləşmiş Ştatların addımı İranda maliyyə böhranını dərinləşdirib, milli valyuta ucuzlaşıb, küçə etirazları başqa qaldırıb.
ABŞ sanksiyalarının noyabra gözlənən ikinci paketi İranın neft satışını əngəlləyəcək.