Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

'2019-2022-ci illərdə xarici borc azaldılmalıdır'-Media icmalı


Borc
Borc

Ölkədə yeni sənaye müəssisələrinin yaradılması, dövlət borclarının ödənmə imkanları, rus dilində tədrislə bağlı müzakirələr və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Borc yükü

«Novoye Vremya» qəzetində «Dövlət borcu strategiyası: nə və necə?» sərlövhəli yazı oxumaq olar.

Müəllif bu günlərdə qəbul edilən «Azərbaycanın orta- və uzunmüddətli dövlət borcunun idarə olunması Strategiyası» adlı sənədi müzakirə edir.

Yazıda vurğulanır ki, 2019-2022-ci illər borcların əsas ödənməsi vaxtıdır.

Müəllif bildirib ki, bu il yanvarın 1-nə dövlət borcu 17007.4 milyon manat təşkil edib. Bunun 15978.1 milyon manatı xarici, 1 milyard manatı daxili borclardır: «Sənədə görə, ölkənin xarici borclarının sürətlə artmasının səbəbi Beynəlxalq Bankın borc problemləri, onun sağlamlaşdırılması tədbirləri və nə qədər qəribə olsa da, Cənub Qaz Dəhlizi layihəsidir».

Yazıda bildirilir ki, hazırda dövlət borcu hökumətin birbaşa kreditlərindən, dövlət orqanlarının istiqrazlarından və onların dövlət zəmanətiylə götürdükləri kreditlərdən ibarətdir.

Yazıda vurğulanır ki, 2019-2022-ci illərdə dövlət borcunun azaldılmasından ötrü yeni borclar götürülməməlidir. Müəllif bunu şübhəli sayır.

Yazıda üstəlik, hökumətin bank sistemində hansısa pozitiv meyllərdən danışması da aşırı nikbinlik kimi dəyərləndirilib.

Müəllif bütün bu təhlillərdən sonra isə hesab edir ki, yaxın 10 ildə dövlət borcu ilə bağlı ciddi problemlər gözlənir.

Yazıda qeyd edilir ki, ölkənin inkişafı dünya bazarında sabit olmayan neft-qaz qiymətinə söykəndiyindən, gələcəkdə nə baş verəcəyini müəyyən etmək çox çətindir.

A.Rəhimzadə
A.Rəhimzadə

Deputat: «Müəllimlərin maaşlarını artırmaq lazımdır»

Modern.az saytında «Deputat rus bölmələrinin bağlanmasına qarşı çıxdı» sərlövhəli yazı yer alır.

Yazıda ölkə mediasında Azərbaycanda rus dilində tədrisin perspektivi mövzusunda yer alan müzakirələr barədə deputat Arif Rəhimzadənin düşüncələrinə yer verilib.

Yazıda bildirilir ki, Azərbaycanda əvvəlki illərlə müqayisədə övladlarını rus dilində təhsil verən məktəblərdə oxutmaq istəyən insanların sayında artım müşahidə edilir.

Müəllifə görə, mətbuatda isə tez-tez orta və ali məktəblərdə rus bölmələrinin sayının azaldılması və ya ümumiyyətlə, ləğv edilməsi ilə bağlı təkliflər gündəmə gəlir.

Yazıda vurğulandığına görə, hətta mütəxəssislər qeyd ediblər ki, rus dilində tədris həyata keçirən məktəblərdə oxuyan insanların sayında artımın müşahidə edilməsi gələcəkdə Azərbaycan dilinin sıxışdırılmasına gətirib çıxara bilər.

«Azərbaycanda rus bölmələrinin sayının azaldılması və ya ümumiyyətlə, ləğv edilməsi ilə bağlı çağırışlar tamamilə əsassızdır», - deyə Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü A.Rəhimzadə sayta açıqlamasında bildirib.

Deputat hesab edir ki, belə düşüncələrin heç bir əsası yoxdur: «O zaman belə çıxır ki, ingilis bölmələri qalmalıdır? Azərbaycan dilinin sıxışdırılması məsələsinə gəldikdə isə, onu deyə bilərəm ki, rus bölmələrinin fəaliyyət göstərməsi Azərbaycan dilinə heç bir təsir göstərə bilməz. Azərbaycan dili inkişaf edir, sadəcə olaraq, tədrisin səviyyəsini, tələbkarlığı artırmaq lazımdır».

A.Rəhimova görə, elə etmək lazımdır ki, uşaqlar bütün bilikləri məktəblərdə ala bilsinlər.

Deputat habelə hesab edir ki, müəllimlərin maaşlarını artırmaq lazımdır və onlar da üzərilərinə düşən məsələləri həll etməlidirlər.

Sumqayıtda karbamid zavodunun inşası.
Sumqayıtda karbamid zavodunun inşası.

Ölkənin sənaye xəritəsi

«Azərbaycan» qəzetində «Azərbaycanın sənaye potensialı genişlənir» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, bu il paytaxt Bakda, eləcə də regionlarda bir sıra yeni sənaye müəssisələri, sosial obyektlər, yaşayış evləri istifadəyə verilib: «Bunların arasında iri zavodlar, elektrik yarımstansiyaları, tibb müəssisələri, ümumtəhsil məktəbləri, idarə binaları və s. var. Bu il bir sıra yeni yolların da açılışı olub, infrastruktur layihələri yekunlaşıb. Prezident İlham Əliyev yeni tikililərin bir çoxunun açılışında iştirak edib».

Müəllifə görə, Azərbaycanın sənaye xəritəsində elə yeni müəssisələr var ki, beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin bəhrəsidir. Yazıda bu sırada İranla birgə inşa edilən «Xəzər» Avtomobil Zavodu nümunə göstərilir. Yazıda vurğulanır ki, zavodun dəyəri 15 milyon ABŞ dollarıdır, səhmlərin 75 faizi «Azərmaş»a, 25 faizi «Iran Khodro» şirkətinə məxsusdur.

Müəllif bildirir ki, ilkin mərhələdə zavod ildə 10 min, daha sonra 15 min avtomobil istehsal edəcək, yaxın gələcəkdə isə buraxılan avtomobillərin sayı 50 minə çatacaq.

Yazıda daha sonra Sumqayıt Kimya Sənaye Parkının ərazisində «SOCAR Polymer» layihəsi çərçivəsində inşa edilən polipropilen zavodundan bəhs edilir.

Müəllif sonda da yazıb: «Azərbaycanda həyata keçirilən tikinti-quruculuq işləri, sosial-iqtisadi əhəmiyyətli müəssisələrin işə salınması davamlı prosesdir. Belə ki, bir çox obyektlərin tikintisi davam etdirilir, yaxud başa çatmaq üzrədir. Deməli, ilin sonunadək ölkəmizin sənaye xəritəsi daha da zənginləşəcək».

XS
SM
MD
LG