Rusiyanın keçmiş neft maqnatı, hazırda Kremlin tənqidçisi olan Mikhail Khodorkovsky araşdırmaçı xəbər saytının maliyyələşdirilməsini dayandırıb. Bu saytın jurnalistləri ötən ay Mərkəzi Afrika Respublikasında (MAR) öldürülüblər. Onlar bu ölkədəki Rusiya muzdluları barədə araşdırma aparırdılar.
Khodorkovsky açıqlamanı avqustun 29-da verib. Cəmi bir ay öncə onun maliyyələşdirdiyi onlayn xəbər təşkilatı – Araşdırmaların İdarə Olunması Mərkəzi (TsUR) MAR-da qeyri-müəyyən şəraitdə güllələniblər.
Jurnalistlər Orxan Camal, Aleksandr Rastorguyev və Kiril Radçenko bu ölkədə Rusiyanın Vagner qrupunun mümkün fəaliyyəti barədə sənədli film çəkəcəkdilər.
BAŞQA BİR ARAŞDIRMA QRUPU MAR-DADIR
Vagneri Kremlə bağlı biznesmen Yevgeny Prigozhin maliyyələşdirir, onun muzdluları Ukrayna, Suriya və başqa yerlərdə missiyalar gerçəkləşdirib.
MAR hakimiyyəti və Moskva jurnalistlərin qarət məqsədilə öldürüldüyünü bildirsə də, Khodorkovsky bu mövqe ilə razılaşmayıb.
Khodorkovsky TsUR-a maliyyənin dayandırılmasını jurnalistlərin MAR-a səfərlərinin təşkilinin çətinliyi ilə izah edib.
O, özəlliklə TsUR-un “Martin” adlı yerli təşkilatdan asılılığını əsas gətirib. Bu təşkilat CAR-da jurnalistlərin hərəkəti və yerləşməsinə kömək vəd edib.
Khodorkovsky onu da bildirib ki, dəstəklədiyi başqa bir araşdırma qrupu hazırda MAR-dadır. O, öldürülən “jurnalistlərin planlı əməliyyat qurbanı olmalarına inanmağa əsasları olduğunu deyib”.
Keçmiş maqnat layihəni maliyyələşdirdiyi üçün ölümlərə görə də məsuliyyət daşıdığını, jurnalistlərin qohumlarına maliyyə yardımı edəcəyini deyib.
TsUR-un keçmiş baş redaktoru Andrei Konyakhin avqustun 29-da Facebook-da yazıb ki, layihə “daha yoxdur”.
O, həmkarlarının ölümünü araşdıracağını deyib.