Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:21

'Manatın məzənnəsində dəyişiklik gözlənilmir'-Media icmalı


Avropa Oyunlarının açılışı. 2015
Avropa Oyunlarının açılışı. 2015

Ölkədə qazlaşdırılma, idman yarışlarında xərclənən böyük pullar, dünyadakı iqtisadi təlatümlərin Azərbaycana mümkün təsirləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«İdmanla sovrulanlar...»

Azadliq.info saytında «Belə idmandan qurtulmalıyıq…» sərlövhəli yazı oxumaq olar.

Müəllif yazıb ki, Azərbaycanda idmandan ölkənin gerçək mahiyyətini pərdələməkdən ötrü istifadə edilir: «Dövlətə, xalqa məxsus böyük pullar necə gəldi xərclənir, legionerlər milliləşdirilir, qazanılmış medallarla böyük uğur görüntüsü yaradılır, idmana qayğıdan danışılır».

Yazıda vurğulanır ki, böyük idman tədbirləri böyük gəlir imkanları yaradır. Müəllifin fikrincə, ara firmalar, hotellər, restoranlar, xidmət edən hər cür şirkətlərin əli ilə yaxşıca qazanmaq imkanı yaranır: «İdmana və yarışa sevgi, maraq, azarkeşlik insanın canında var. Tarixin gedişində onun yaşamına kifayət qədər daxil olub – burada anormal bir şey yoxdur. Amma təəssüf ki, insanlarımız idmana sevgiləri, azarkeşlik emosiyaları ilə çox vaxt bu sahənin adı altında qurulan hiylələrə aldanmış olurlar».

Müəllif hesab edir ki, azad bazar münasibətləri, klubçuluq idmanı gəlirli, uğurlu sektora çevirir: «Braziliya ən yaxşı futbolçuların vətənidir, amma bu futbolçular özü azad olan və idmanı dövlətin «qarışmaması» ilə azad edən ölkələrə pul qazanmağa gedirlər. Braziliya özü isə problemlərdən çıxa bilmir. Xalq da haqlı olaraq bir gün küçələrə çıxıb, beynəlxalq idman yarışını ölkəyə gətirib pul xərclədiyinə görə öz hökuməti ilə üzbəüz durur...».

Q.İbadoğlu
Q.İbadoğlu

İqtisadçı Aİ-92 benzinin bahalaşacağını istisna etmir

Musavat.com saytında «Qubad İbadoğlu: Hökumətin manatın məzənnəsinə dəyişiklik edəcəyini gözləmirəm» sərlövhəli yazı yer alır

Yazıda dünyada baş verən iqtisadi təlatümlərin Azərbaycana mümkün təsirləri iqtisadçı-ekspert Qubad İbadoğlu ilə təhlil edilib.

Q.İbadoğlu düşünür ki, Azərbaycanın əsas ticarət tərəfdaşları olan Türkiyə, Rusiya və İranla ABŞ arasında yaşanan gərginliklər Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyəcək.

Ekspertə görə, bu ilin 7 ayında Azərbaycana idxalın 31 faizi Rusiya və Türkiyənin payına düşüb. İqtisadçı vurğulayıb ki, bu ölkələrdə qiymətlər valyuta ilə nisbətən aşağıdır, bu da ixracı stimullaşdırır: «2018-ci ilin yanvar-iyun ayları ərzində idxalımız ötən ilin eyni dövrü ilə müqayisədə 37 faiz artıb. Bu isə o deməkdir ki, daxildə qazanılan kapital, əlavə dəyər ölkədə qalmır, xarici ölkələrə qaçır...».

Q.İbadoğlu vurğulayıb ki, son 6 ayda ixracda neft-qaz və neft məhsullarının payı 90 faizə çatıb. İqtisadçının fikrincə, bütün bunlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatında xarici şoklara həssaslıq getdikcə çoxalır: «Xüsusilə İranda, Rusiyada, Türkiyədə milli valyutaların sürətlə dəyərsizləşməsi manata olan təzyiqləri artırıb, idxalı stimullaşdırıb, qeyri-neft məhsullarının ixracat qabiliyyətini aşağı salıb».

Q.İbadoğlu deyib ki, Azərbaycan manatının bütün bu təzyiqlərə baxmayaraq, sabit saxlanılması, gedən proseslərə adekvat reaksiya verməməsi tənzimləmə funksiyasını itirməsinin nəticəsidir.

İqtisadçının fikrincə, ilin sonuna yaxın dollara tələb bir az da artacaq: «Amma buna baxmayaraq, hökumətin manatın məzənnəsində dəyişiklik edəcəyini gözləmirəm. Çox təəssüflər olsun ki, artıq biz digər ölkələrdəki kimi iqtisadi amillərlə milli valyutanın dəyərinin dəyişməsi praktikasına malik deyilik».

Q.İbadoğlu Aİ-95, Aİ-98 markalı benzinlər kimi, ölkədə kütləvi istehlak edilən Aİ-92 markalı benzinin, dizel yanacağı və yanacaq-sürtgü materiallarının da bahalaşacağını istisna etmir.

Qaz sobası
Qaz sobası

Ölkədə qazlaşdırma

«Azərbaycan» qəzetində «Ölkədə qazlaşdırmanın səviyyəsi 95 faizə çatdı» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, hazırda qazlaşdırılma səviyyəsinin 95 faizə çatması dövlət başçısı İlham Əliyevin 2018-ci il üzrə qarşıya qoyduğu vəzifənin bir neçə ay əvvəl yerinə yetirilməsi deməkdir.

Yazıda bu günlər İsmayıllı rayonunun Lahıc qəsəbəsinin mavi yanacaqla təmin edilməsinin üzərində xüsusi dayanılır: «Prezident İlham Əliyevin ucqar kənd və qəsəbələrin qazlaşdırılması barədə tapşırığına uyğun olaraq, İsmayıllı rayonunun adıçəkilən qəsəbəsi, eləcə də bu xətt boyunca yerləşən kəndlərdə qazlaşdırma işləri həyata keçirildi. Bu, son illərdə ölkədə vüsət alan qazlaşdırma sahəsində əldə olunmuş mühüm nailiyyətlərdən biridir».

Yazıda bildirilir ki, hazırda Azərbaycanda qaz abonentlərin sayı 2 milyon 140 min nəfərə çatıb.

Müəllifin vurğulamasına görə, indi Azərbaycanda elə yerlərə qaz çəkilir ki, onlar SSRİ dönəmində də mavi yanacağa həsrət qalıblar. Yazının sonunda da oxuyuruq: «Qaz itkiləri də xeyli azalıb - 16-17 faizdən 5.5 faizə enib. Bütün bunlara yeni sistemlərin qurulması, həyata keçirilən çoxsaylı, məqsədyönlü tədbirlər sayəsində, dövlətin qarşıya qoyduğu hədəfə doğru inamlı addımlar atılması nəticəsində nail olunub».

XS
SM
MD
LG