Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:14

‘Məhəmməd peyğəmbər karikatura müsabiqəsi’ keçirilməyəcək


Geert Wilders
Geert Wilders

Hollandiyanın ifrat sağçı siyasətçisi Geert Wilders deyib ki, adamların İslam zorakılığına məruz qalmamaları naminə Məhəmməd peyğəmbərə həsr olunmuş karikatura müsabiqəsi keçirmək planından əl çəkir.

Ziddiyyətli siyasətçi deyib ki, onun fikrini dəyişməsinə səbəb aldığı bir neçə ölüm hədələri olub:

"Mən müsəlmanların karikatura müsabiqəsindən İslam zorakılığı üçün istifadə etmələrini istəmirəm”.

***

Bundan əvvəl, avqustun 30-da Pakistanın Lahor şəhərində 10 minədək adam etiraza çıxıb, Niderland siyasətçisinin Məhəmməd peyğəmbərin karikaturalarının müsabiqəsini keçirmək planlarına qarşı çıxıblar. Yaxın günlərdə etirazların miqyasının böyüyəcəyi gözlənir.

Pakistanda etirazlar
Pakistanda etirazlar

Avqustun 29-da keçirilən etirazları Tehreek-i-Labaik islamçı partiyası təşkil edib. Bu partiya ötən ay parlament seçkisində gözlənilmədən xeyli səs toplayıb. Partiyanın bəzi namizədləri küfr cinayətlərinə cəzalarla bağlı vədlər veriblər.

“SƏFİR DEPORTASİYA OLUNMALIDIR”

İslam dini Allahın, peyğəmbərin hətta müsbət təsvirini çəkməyi qadağan edir. Pakistanın yeni seçilmiş hökuməti də Niderlandda karikatura müsabiqəsini pisləyib, onu İslam dinini ləkələmək cəhdi adlandırıb.

Labaik partiyasının lideri Khadim Hussain Rizvi bunu yetərli saymır, Niderlandla diplomatik münasibətləri kəsməyə çağırır.

Khadim Hussain Rizvi
Khadim Hussain Rizvi

O, Lahorda başlanan etirazları paytaxt İslamabadda davam etdirəcəklərini, oturaq aksiya keçirərək baş nazir Imran Khan-a Niderlandla diplomatik münasibətləri kəsmək üçün təzyiq göstərəcəklərini deyib.

“Niderland səfiri dərhal deportasiya olunmalıdır. Ancaq hökumət tələbimizə əməl edəndə dayanacağıq”, – Labaikin sözçüsü Ejaz Ashrafi “Reuters” agentliyinə deyib.

Pakistan artıq Niderland hökumətinə şikayətini çatdırıb. Karikatura yarışmasını ifrat sağçı deputat Geert Wilders planlaşdırır. O, İslam dini barədə qızışdırıcı bəyanatları ilə tanınıb. Bu tədbirin təkcə Pakistanda deyil, bütün dünyada müsəlmanları qəzəbləndirmək ehtimalı var.

Geert Wilders
Geert Wilders

Wilders deyib ki, karikaturaları partiyasının parlamentdəki otağının divarlarında sərgiləyəcək. O, artıq “yüzlərlə” karikaturanın təqdim olunduğunu bildirib.

BAŞ NAZİR DEPUTATI MÜDAFİƏ EDİB

Niderlandın baş naziri Mark Rutte ötən həftə deyib ki, hökumətinin bu müsabiqəyə dəxli yoxdur, “bununla bağlı bir şey edə bilməz” və eyni zamanda Wilders-in söz azadlığını da müdafiə edib.

Khan-ın idarəsi avqustun 29-da bildirib ki, Pakistan məsələylə bağlı Niderland səfirinə etirazını çatdırıb və məsələni BMT qarşısında qaldıracaq.

“Bu hərəkətləri ilə bizi nə qədər incitdiklərini anlamırlar”, – Khan avqustun 28-də deyib.

Puncab vilayətinin hökumət rəsmiləri Lahorda Labaik liderləri ilə görüşərək onları etirazı dayandırmağa çağırıblar, ancaq nəticəsi olmayıb.

Pakistanda küfrün cəzası ölümdür.

Keçmiş kriketçi Khalid Latif karikatura müsabiqəsi arxasında duran “hollandı öldürməyə görə” 28 min dollarlıq mükafat təklif edib.

Avqustun 28-də Niderland qəzetləri Wilders-i hücumla təhdid etməkdə şübhəli bilinən bir pakistanlının saxlandığını yazıb. 26 yaşlı şübhəlinin avqustun 30-da məhkəmə qarşısına çıxarılacağı gözlənir.

Wilders islamı tənqid etməsindən dolayı aldığı ölüm təhdidlərinə görə illərdir xüsusi qoruma altında yaşayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG