Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:18

'Maraqların qanun üzərində hökmran olduğu zamanda'-Media icmalı


Lombardlara dövlət nəzarəti
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

Lombardlara dövlət nəzarəti

Regionların inkişafı, məhbus valideynlərinin şikayətləri, lombard və sələmçilərdən narazılıq medianın aparıcı mövzularındandır...

«İşləməyənlər borcu sələmçilərdən alırlar»

«Yeni Müsavat» qəzetində «Xalqı soyan lombardlar: yüksək faiz, vergidən yayınma...» sərlövhəli yazı oxumaq olar.

Müəllif yazıb ki, son dövrlərdə bankların vətəndaşlara və biznes sektoruna kredit verməsində irəliləyiş var, amma əvvəlki illərlə müqayisədə indi şərtlər daha ağırdır.

Yazıda vurğulanıb ki, rəsmi iş yeri, yüksək maaşı olmayan vətəndaşlar kredit götürməkdə çətinlik çəkirlər. Nəticədə onlardan nağd pula ehtiyacı olanların çoxu lombardlara və fərdi sələmçilərə üz tuturlar.

Müəllif hesab edir ki, lombardlar və fərdi sələmçilərin fəaliyyətinə dövlət nəzarəti yoxdur, vətəndaşların hüquqları ciddi şəkildə pozulur.

Yazıda vurğulanmasına görə, burada faizlər bank faizlərini üstələyir.

Ekspert Əkrəm Həsənov deyib ki, fiziki şəxslərin sələmçilik etməsi qanunla qadağandır. Onun bildirməsinə görə, lombardlar başqalarından borc götürdükləri pulu sələmə verə bilməzlər.

Ekspert hesab edir ki, Azərbaycan şəraitində heç bir lombard öz pulu ilə işləmir, faktiki olaraq, qanunsuz bank fəaliyyəti həyata keçirirlər: «Çünki öz pulları demək olar ki, yoxdur. Lombardlar, bir qayda olaraq, ya banklardan və ya başqa şəxslərdən kredit götürərək borca verirlər, bu da qanunsuz sahibkarlıq sayılır».

Ə.Həsənova görə, daha bir qanun pozuntusu da odur ki, lombardlar və sələmçilər vergi ödəmirlər.

Ekspertin vurğulamasına görə, üstəlik, onların faizləri də, bir qayda olaraq, yüksək olur...

Həbs olunmamışdan az öncə Rüfət Səfərovun Azadlıq Radiosuna dedikləri
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

«Rüşvətxorluğa, qanunsuzluğa etiraz...»

Azadliq.info saytında «Rüfətdən qisas aldıqları gün – 8 SENTYABR» sərlövhəli yazı yer alır.

Yazının müəllifi keçmiş deputat, hakim Yeni Azərbaycan Partiyasının keçmiş funksionerlərindən Eldar Sabirdir. O, vaxtilə Zərdab rayon prokurorluğunda çalışan, 2015-ci ildə hüquq-mühafizə sistemindəki neqativlərə dair bəyanat yayaraq, bu sistemdən çıxdığını bildirən, sonra isə rüşvətxorluqda günahlandırılaraq 9 il həbs cəzası alan oğlu, Rüfət Səfərovdan bəhs edir.

«Nə etmişdi Rüfət!? Bəlkə milyonları, milyardları mənimsəmişdi!? Bəlkə çevriliş etməyə hazırlaşırmış? Sadəcə, sistemin eybəcərlikləri ilə barışmadı. Onlar da dözmədilər. Çünki ağrılı yerlərinə duz basılmışdı. Baş prokurorun əmrindəki bu bircə cümlə kifayət edir ki, qərəzin hansı səviyyədə olduğunu görə biləsən: «Müstəntiq prokurorluq əməkdaşına yaraşmayan hərəkətlərə yol verdiyinə görə tutduğu vəzifədən azad edilsin». Görəsən rüşvətxorluğa, qanunsuzluğa qarşı etiraz nə vaxtdan qeyri-etik sayılıb?», - keçmiş deputat sual edir.

R.Səfərov həbsindən iki il əvvəl kimlərdənsə toplam 3500-4000 manat rüşvət almaqda ittiham olunur.

E.Sabir suallarına davam edir: «Bəs niyə bu qədər az? Yaxud «cinayət əməli»nin vaxtında aşkar edilməsinə maneçilik törədən səbəb nə olmuşdu ki, iş xeyli müddət açılmamış qalmışdı? Görürsünüz, qurub-quraşdırmağı da bacarmırlar. Di gəl danışdır, hamını qanmaz, özlərini dahi qismində görürlər...».

Yazıda vurğulanır ki, R.Səfərova məhkəmədə lazımı qaydada son söz deməyə belə şərait yaradılmayıb.

«Bir də, maraqların qanun üzərində hökmran olduğu zamanda yazıq hakim neyləsin, başına haranın daşını salsın?», - keçmiş deputat sual edir.

Yolların təmiri
Yolların təmiri

«Regionların yeni inkişafı»

«Azərbaycan» qəzetində «Regionlar inkişaf və quruculuğun yeni mərhələsini yaşayır» sərlövhəli yazı dərc edilib.

Yazıda bildirilir ki, hakimiyyətin qarşıya qoyduğu əsas məqsədlərdən biri qazanılan sosial-iqtisadi uğurların davamlı olmasını təmin etməkdir: «Regionlarda icra edilən sosial-iqtisadi dövlət proqramları makroiqtisadi sabitliyin təmin olunmasında, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin, iş yerlərinin yaranmasında, yoxsulluq həddinin aşağı düşməsində və əhalinin rifah halının yaxşılaşdırılmasında müstəsna rol oynayıb. 2004-cü ildən başlanan regional inkişaf proqramlarının icrası nəticəsində Azərbaycanda qeyri-neft sektoru yüksəliş dövrünə qədəm qoyub».

Yazıda vurğulandığına görə, yeni müəssisələrin yaradılması əhalinin məşğulluq probleminin yoluna qoyulması və yeni iş yerlərinin açılması ilə müşayiət edilir.

Müəllif habelə yazıb ki, regionlarda infrastrukturun bərpası və inkişafı əhalinin kommunal xidmətlər və sosial təminatını yaxşılaşdırıb.

Yazıda iddia edildiyinə görə, bu günlərdə prezident İlham Əliyevin Şamaxı, İsmayıllı rayonlarına səfərləri göstərib ki, regionların inkişafı davamlı və dinamikdir.

«Xüsusən son iqtisadi islahatlar bölgələrdə yeni yüksəliş mərhələsinin əsasını qoyub. Əsas işlər isə hələ qabaqdadır. İqtisadi potensial, əlverişli mühit və həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət yaxın illərdə Azərbaycanı inkişaf etmiş ölkələrin sırasına çıxaracaq», - deyə müəllif yazıb.

XS
SM
MD
LG