Rusiya prezidenti Vladimir Putin sabah – avqustun 29-da pensiya sisteminə dair mövqeyini açıqlayacaq. Kremlin sözçüsü Dmitry Peskov jurnalistlərə deyib ki, prezident televiziya müraciəti edəcək.
Daha öncə Putin Omskda deyib ki, çərşənbə günü pensiya islahatını münasibətini açıqlaya bilər. İslahat təqaüdə çıxma yaşının artırılmasını nəzərdə tutur.
Putinin sözlərinə görə, qəbul edilən qərarlar “milyonlarla adama aiddir və ədalətli olmalıdır”. Prezident əmindir ki, “ölçülü-biçili, qeyri-rəsmi yanaşma lazımdır”, “məndən sonra nə olursa olsun” prinsipilə idarə etmək olmaz.
Ötən həftə Kreml Putinin, gərəkli sayarsa, yaxınlarda pensiya islahatını yumşaldacağını istisna etməmişdi. Media da bu haqda yazmışdı.
İyulun ortasında Dövlət Duması pensiya yaşının kişilər üçün 65-ə, qadınlar üçünsə 63-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.
Bu islahat artıq ölkənin onlarla şəhərində etirazlara səbəb olub. Sosioloji xidmətlər Vladimir Putinin reytinqinin düşdüyünü bildiriblər.