Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

'Neftdən gələn 175 milyardın sürətlə...'-Media icmalı


Neft buruğu
Neft buruğu

Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri, qrossmeyster Şəhriyar Məmmədyarovun sponsorunun olmaması ilə bağlı şikayəti, neft pullarının səmərəsiz xərclənməsi və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Qara qızıl»dan 16 illik gəlir

Azadliq.info saytında «Hər ailəyə 80 min manat neft pulu xərclənib» sərlövhəli yazı oxumaq olar.

Yazıda iqtisadçı-ekspert Qubad İbadoğlu ölkəyə gələn neft pulları ilə bağlı düşüncələrinə yer verib.

Dövlət Neft Fondunun (DNF) 2017-ci il üzrə illik hesabatına toxunan Q.İbadoğlu bildirir ki, 2001-2017-ci illər ərzində bu quruma 137 milyard ABŞ dollarından çox vəsait daxili olub. Bu vəsaitin təxminən 35.8 milyard ABŞ dolları (26%) yığıma yönəldilib: «Bu isə o deməkdir ki, ötən 16 il ərzində DNF-ə yığılan neft gəlirlərinin 74 faizi və ya 102 milyard dolları xərclənib. Xərclənmiş vəsait manatın hazırkı məzənnəsi ilə 173.4 milyard manat edir. Bunu da insafla adambaşına böləndə hər nəfərə 17 min 694 manat, orta statistik ailəyə isə 80 min manata yaxın vəsait düşür».

Ekspertə görə, bu vəsaitlərin 74 faizinin xərclənməsi onun nəsillər arasında ədalətsiz bölüşdürüldüyünü göstərir. Q.İbadoğlu vurğulayıb ki, xalqın sərvətinin 3/4-ü yalnız bir hakimiyyət dövründə xərclənib.

O xatırladıb ki, neftdən gələn pullar tək Fonda yığılan vəsaitdən ibarət deyil. Dövlət Neft Şirkətinin (SOCAR) də qazancı var. Üstəlik, o qeyd edib ki, neft sektorunda çalışan xarici şirkətlər də Azərbaycana böyük həcmli vergilər verir: «Beləliklə də, ötən 16 ildə Azərbaycanın əldə etdiyi neft gəlirlərinin cəmi məbləği 175 milyard dollardan çox olub».

Onun fikrincə, akademik tədqiqatlar (resursların lənəti, renta hakimiyyəti, «holland xəstəliyi» və s.) göstərir ki, sürətlə xərclənərək mənimsənilən neft pulları nə hakimiyyətə, nə də millətlərə xoşbəxtlik gətirib.

Şahmatçının bacısı: "Şəhriyarın yazdıqları həqiqətdir"
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

Ş.Məmmədyarov: «Əfsuslar olsun ki...»

Report.az saytında «Şəhriyar Məmmədyarov: «Sizlərin dəstəyi nəticəsində çoxsaylı təkliflər aldım»» sərlövhəli yazı yer alıb.

Yazıda bildirilir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov sponsorunun olmadığına dair sosial şəbəkədə yazdığı fikirlərə aydınlıq gətirib.

«Əfsuslar olsun ki, mənim qəlbimin harayına siyasi xarakterli rəylər verilib. Bildirmək istəyirəm ki, mən canım Azərbaycanım üçün mübarizə aparmaqdan qürur duyuram və vətənimi uğurla təmsil etmək üçün hər zaman əlimdən gələni edəcəyəm», - Ş.Məmmədyarov vurğulayıb.

Saytın habelə bildirdiyinə görə, o qeyd edib ki, son 5 il ərzində aidiyyəti qurumlardan yalnız İddiaçılar Turnirindən ötrü maliyyə dəstəyi alıb: «Həmçinin, milli komandanın iştirak etdiyi rəsmi yarışlar dövlət büdcəsi vəsaiti hesabına maliyyələşir. Ümumilikdə il ərzində Azərbaycan şahmatçılarına ayrılan vəsaitin mənim şəxsi büdcəm kimi təqdim edilməsini ədalətsiz hesab edirəm».

Ş.Məmmədyarov bildirib ki, şahmatdan başqa gəlir mənbəyi olmadığından və məşqlərə hazırlaşmaq, komandaya məvacib vermək xərcləri öz hesabına düşdüyündən, məcburən çoxsaylı turnirlərə qatılmalı olur. Bununla belə, o vurğulayıb ki, yarışlarda qazandığı uğurlarla bağlı prezident dəfələrlə onu mükafatlandırıb.

Yazıda bildirildiyinə görə, o sonra da deyib: «Şahmatdan uzaq olanlara kiçik bir açıqlama gətirim ki, dünya səviyyəsində 20-liyə daxil olan şahmatçının il ərzində oynayacağı yarışlara hazırlığı üçün aşağıdakı tərkibdə komandanın olması vacibdir: Menecer, 2 məşqçi-sekundant, psixoloq, fiziki hazırlıq üzrə məşqçi və təlim-məşq toplanışlarının keçirilməsi üçün güclü sınaqçı-rəqiblər. Bu tərkibdə komandanın saxlanılması isə sözsüz ki, külli miqdarda vəsait tələb edir...».

A.Merkel və İ.Əliyev
A.Merkel və İ.Əliyev

«Almaniya Azərbaycanı seçdi»

«Azərbaycan» qəzetində «Almaniya Cənubi Qafqazda əsas siyasi-iqtisadi tərəfdaş kimi Azərbaycanı seçdi» sərlövhəli yazı dərc edilib.

Yazıda Almaniya kansleri xanım Angela Merkelin avqustun 25-də Azərbaycana səfərinin nəticələri dəyərləndirilib.

Müəllif yazıb ki, Azərbaycanın Avropa dövlətləri ilə münasibətləri kontekstində Almaniya ilə əlaqələri xüsusi yer tutur. Üstəlik, Almaniya da Azərbaycanı Cənubi Qafqazda əsas tərəfdaşı hesab edir: «Ölkəmiz bir neçə məsələdə Almaniya üçün xüsusi önəm daşıyır. Bunlar rəsmi Bakının tam müstəqil siyasət yürütməsi, Avropanın yeni enerji təhlükəsizliyi arxitekturasında mühüm rol oynaması kimi aktual məsələlərdir. Məhz buna görə Almaniya daim Azərbaycanın Qərbə inteqrasiyasını, Avropa İttifaqı ilə münasibətlərinin inkişafını dəstəkləyib».

Müəllifin fikrincə, A.Merkelin Azərbaycana ilk səfərinin yekunları iki ölkə arasında siyasi dialoqun fəal şəkildə aparıldığını ortaya qoyub. Yazıda mövzu ilə bağlı dövlət başçısı İlham Əliyevdən sitat da gətirilib: «Bu, Almaniya kanslerinin Azərbaycana ilk səfəridir, bu, tarixi bir səfərdir. Əminəm ki, bu səfər nəticəsində Almaniya-Azərbaycan əlaqələri sürətlə inkişaf edəcək, bu səfər əlaqələrimizə yeni təkan verəcək».

Müəllif bildirir ki, iqtisadiyyatının həcminə görə Almaniya Avropada birinci, dünyada isə dördüncü yeri tutur.

Yazıda səfərdə demokratiya və insan haqlarının müzakirə edilməsinə də toxunub. Müəllifin xatırlatmasına görə, prezident İ.Əliyev də deyib ki, «biz bu yola şüurlu şəkildə getmişik».

«Azərbaycan müasir, demokratik ölkə kimi bundan sonra da uğurla inkişaf edəcək. Bizim siyasi və iqtisadi islahatlarımız bir-birini tamamlayaraq Azərbaycanı daha da yüksək səviyyəyə çıxaracaq», - prezident vurğulayıb.

XS
SM
MD
LG