Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:58

'Bir uşağın məktəbə getməsi 180 manata...'-Media icmalı


Şagirdlər məktəbə hazırlaşır: Bir şagirdin məktəb xərci
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

Şagirdlər məktəbə hazırlaşır: Bir şagirdin məktəb xərci. Arxiv videosu (2016)

Bakının istirahət parkları, dövlət vəsaitinin xərclənməsində yol verilən pozuntular, məktəbə hazırlıq xərcləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Məktəbli xərcləri və ailə büdcəsi

Musavat.com saytında «Məktəbli ləvazimatları: yarmarka daha ucuzdur, yoxsa mağazalar?» sərlövhəli yazı oxumaq olar.

Müəllif növbəti dərs ilinə hazırlıq, məktəbli ləvazimatlarının qiymətləri və bir məktəblinin məktəbə getməsinin ailə büdcəsinə neçəyə başa gəlməsini müzakirəyə çıxarıb.

Yazıda bildirilir ki, artıq bir neçə gündür Bakının müxtəlif mərkəzi yerlərində məktəb ləvazimatlarının satışı məqsədilə yarmarkalar fəaliyyətə başlayıb. Müəllif vurğulayır ki, yarmarkalarda məktəbliyə lazım olan bütün ləvazimatlar satılsa da, alıcı o qədər də çox gözə dəyməyib: «Əgər məktəbli üçün lazım olan bütün ləvazimatlar alınırsa, o zaman endirim də edirlər. Müşahidə etdik ki, burada satılan məktəbli çantalarının qiyməti 28 manatdan başlayıb, 55 manata qədər dəyişir. Satıcılar söylədilər ki, əgər digər ləvazimatlarla birlikdə çanta da alınarsa, o zaman çantanın qiymətində 4-5 manata qədər endirim edirlər».

Yazıda bildirilir ki, 12-vərəqli dəftər 10 qəpiyə, 40-vərəqli dəftər 30-40 qəpiyə, 60 vərəqli dəftərlər 40-50 qəpiyə, 100 vərəqli dəftər isə 60-80 qəpiyə təklif edilir. Bundan başqa, yapışdırıcı 60 qəpik-1 manata, su qabları 10-12 manata, qələm yonanlar 1.50-2 manata, qələmlər 10-50 qəpiyə, rəngli karandaşlar 3-12 manata, rəsm albomu 30 qəpiyə, sadə karandaşlar da 20-40 qəpiyə satılır.

Yazıda geyimlərin qiymətləri də təqdim edilib. Müəllif bildirir ki, köynək 8 manat, şalvar 15-18 manat, pencək 25 manat, yubka – 15-18 manata təqdim edilir.

Müəllif yazının sonunda da vurğulayıb ki, əgər ayaqqabı da nəzərə alınsa, yarmarkalardakı qiymətlərə əsasən, bir uşağın məktəbə getməsi orta hesabla 150-180 manata başa gəlir.

Arxiv
Arxiv

Hesablama Palatasının «arxiv» hesabatı

«Novoye Vremya» qəzetində «Arxiv idarəsindəki vaxtı keçmiş kartriclər nədən xəbər verir?» sualı gündəmə daşınır.

Yazıda Milli Arxiv İdarəsinə yeni rəhbər təyin olunması və Hesablama Palatasının bu qurumda yoxlama aparmasından bəhs edilir.

Müəllif yazıb ki, auditin nəticəsi olaraq bəzi materiallar Baş Prokurorluğa göndərilib: «Audit 2016-cı il yanvarın 1-dən 2018-ci il yanvarın 1-nə kimi olan dövrü və 6 milyon 455.7 min manat vəsaiti əhatə edib».

Müəllifin bildirməsinə görə, hesabatda qeyd edilib ki, elmi tədqiqatlarla bağlı vəsaitlərin 35 faizi maaşlara yönəldilib. Yazıda hesab edilir ki, elə buna görə də bu sahədə hansısa elmi uğurdan danışmaq olmur.

Habelə hesabatda vurğulanıb ki, idarə 2017-ci ildə ümumi məbləği 1 milyon 599.8 min manat olan tender keçirib. Müəllifin yazmasına görə, tenderin 6-da qalib eyni şirkət olub.

Yazıda qeyd edildiyinə görə, Hesablama Palatası özü də alınan avadanlıqların əksər hissəsinin anbarlarda istifadəsiz qaldığını bildirir.

Müəllif vurğulayıb ki, xərclərə görə ikinci yerdə 321.5 min manat olmaqla təmir işləri gəlib.

Yazıda qeyd edildiyinə görə, hesabatda diqqətçəkən daha bir məsələ isə idarənin lazım olmasından 4-5 dəfə artıq xidməti geyim forması, eləcə də vaxtı keçmiş kartriclər alması ilə bağlı məqamlardır.

Yazıda vurğulanır ki, Milli Arxiv İdarəsi hələ büdcəsi kiçik olan qurumdur. Müəllifin fikrincə, büdcəsi 10 milyonlarla ölçülən qurumlarda nələr baş verdiyini təsəvvür etmək lazımdır.

Hesabata Milli Arxiv İdarəsinin mövqeyini isə öyrənmək mümkün olmayıb.

Bakıda Dənizkənarı park
Bakıda Dənizkənarı park

«Bakı parklar şəhəridir»

«Azərbaycan» qəzetində «Bakı parklar, bağlar şəhəridir» sərlövhəli yazı dərc edilib.

Yazıda bildirilir ki, son illər Azərbaycana və onun paytaxtına istirahətə gələn xarici vətəndaşların sayı artıb. Müəllifin fikrincə, Bakı və ətraf qəsəbələri gündən-günə gözəlləşir, abadlaşır, insanların istirahətindən ötrü lazımi infrastruktur yaradılır.

Müəllif bildirir ki, son illər Bakıda, ətraf qəsəbələrdə 49-dan çox yeni mədəniyyət və istirahət parkı salınıb. 87-dən çox park isə əsaslı təmir olunub. Yazıda daha sonra dövlət başçısı İlham Əliyevin bu yaxınlarda belə guşələrdən birinin açılışı zamanı çıxışından sitat da gətirilir: «Son illər ərzində Bakı şəhərində bir çox parklar, ictimai yerlər, istirahət guşələri yaradılıb. İndi Bakı parklar, bağlar şəhəridir».

Yazıda daha sonra vaxtilə Bakıdan köçən, indi isə doğma şəhərlərinə istirahət məqsədilə gəldiyi bildirilən insanların təəssüratları çatdırılır.

Müəllifin yazmasına görə, Bakının parklarından paytaxt sakinlərinin özləri də razılıq edir: «Yaxınlaşıb xan çinarın kölgəsində oturacaqda əyləşmiş Samir Mustafayevlə həmsöhbət olduq. O dedi:

- Hər il bu vaxtlar məzuniyyətimi bir az Gürcüstanda, sonra da Yesentukidə keçirirdim. Amma bu il getdim ata-baba yurdum Qusara. Bir həftə orada dincələndən sonra Bakıya qayıtmalı oldum. Vallah, məni qınamayın, bəlkə yaşlaşmışam, ona görə belə deyirəm. Əvvəlki vaxtlara baxanda, indi Bakıda istirahət etməyə, dincəlməyə o qədər yer, elə qəşəng şərait var ki, heç xərc çəkib evindən-eşiyindən olmağa dəymir...»».

XS
SM
MD
LG