Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 08:51

Google İranı təbliğ edən YouTube kanallarını bağlayır


İllüstrativ foto
İllüstrativ foto

Google İranın dövlət televiziyasına bağlı onlarla YouTube kanalını və digər hesabları bağlayıb, televiziyanın siyasi təbliğat apardığını bildirib.

Şirkətin avqustun 23-də bildirməsinə görə, araşdırmalar həmin hesabları İranda dövlətə məxsus IRIB televiziyasına bağlı şəxslərin yaratdığını üzə çıxarıb.

39 YouTube KANALI BAĞLANIB

Texnologiya nəhəngi bağladığı 39 kanalına Birləşmiş Ştatlarda cəmi 13 min 466 dəfə baxıldığını bildirir. Şirkət Blogger-də 6 hesabı, Google+ sosial şəbəkəsində isə 13 hesabı bağladığını qeyd edir.

FireEye kibertəhlükəsizlik firması texnologiya şirkətlərini şübhəli fəaliyyətdən xəbərdar edib. Şirkət bu həftə yaydığı hesabatda bildirib ki, bu fəaliyyət əsasən İrandan qaynaqlanır, Birləşmiş Ştatlar və başqa yerlərdə İranın maraqları təbliğ edilir.

IRIB məsələyə münasibət bildirməyib.

Facebook və Twitter sosial şəbəkələri avqustun 21-də İranın yaratdığı bildirilən saxta hesabları bağladığını bəyan edib. FireEye qeyd edir ki, bütün bunlar, İranın YouTube-da apardığı kampaniya onu göstərir ki, sosial mediada siyasi kampaniya aparan təkcə Rusiya deyil.

Foto illüstrasiya
Foto illüstrasiya

Facebook Rusiya və İrana bağlı 652 şübhəli vebsayt və hesabın, Twitter isə 300-dək hesabın bağlandığını bildirib.

Google həmçinin “dövlətin sponsorluq etdiyi hücumların” da önləndiyini vurğulayıb. Bu hücumlar zamanı istifadəçilərə yalançı mesajlar göndərilir, onların parollarını ələ keçirməyə cəhd olunur.

Kaliforniyada yerləşən internet nəhənginin məlumatına görə, son bir ildə Rusiyanın İnternet Araşdırmaları Agentliyinə “bağlı oyunçular”a qarşı müdafiəni gücləndirib.

Sankt Peterburqda yerləşən bu agentlik troll fabriki adlanır, 2016-cı ildə ABŞ-da prezident seçkisinə müdaxilədə suçlanır.

XÜSUSİ QORUMA XİDMƏTLƏRİ

Seçki kampaniyası zamanı rusiyalı agentlərin sosial şəbəkələrdə təbliğat aparmasına görə Facebook, Google və Twitter tənqid olunublar.

İndi bir sıra şirkətlər noyabr seçkisindən öncə ABŞ-da siyasi namizədlərin rusiyalı hakerlərdən qorunması üçün kömək təklif edirlər.

Microsoft AccountGuard xidmətini işə salıb, Google isə ötən il haker hücumlarına qarşı xüsusi qoruma proqramını tətbiq edib.

Di gəl, bəzi ekspertlər konqres seçkilərinə xarici müdaxiləni önləməyin çox gec olduğunu bildirir.

Ötən il Facebook-un təhlükəsizlik rəhbəri vəzifəsindən istefa vermiş Alex Stamos onlayn essesində yazır ki, ABŞ rəsmiləri bu hədələrə yetərincə ciddi yanaşmayıblar.

Elə bu səbəbdən də “Birləşmiş Ştatların 2018-ci il seçkilərini qorumağa hazır olmadığını” deyən ekspert “2020-ci ildə Amerika demokratiyasını mühafizə etmək şansının qaldığını” vurğulayıb.

Konqresə seçkilər noyabrın 6-da keçiriləcək, ancaq bir çox ştatlarda ilkin seçki artıq baş tutub.

XS
SM
MD
LG