Azərbaycanın beynəlxalq nəqliyyat imkanları, Qurban bayramında təşkil olunan yarmarkalar, toylarda israfçılıq və başqa məsələlər medianın aparıcı mövzularındandır...
«Toy var adambaşına 150-200 manata ...»
Musavat.com saytında «Dəbdəbəli toylar qadağan olunsa» sərlövhəli yazı oxumaq olar.
Yazıda bildirilir ki, Naxçıvanda dəbdəbəli toylar keçirilməsinə qadağa qoyulması haqda məlumatlar yayılıb. Amma sonradan bu məlumatlar təsdiqini tapmayıb. Bununla belə, müəllif hesab edir ki, mövzu artıq müzakirə obyektinə çevrilib.
Yazıda vurğulanır ki, toylarda israfçılığa son qoyularsa, həm toy sahibləri, həm də qonaqlar ağır xərcdən xilas ola bilər.
İqtisadçı-ekspert Natiq Cəfərli mövzu ilə bağlı sayta deyib: «Elə toy var, adambaşına 10-15 manata, eləsi də var ki, 150-200 manata başa gəlir. Yəni bu, toy sahibinin imkanlarından asılıdır. Bahalı toylarda həm ərzaq məhsullarında, həm də digər sahələrdə israfçılığa yol verilir. Ümumiyyətlə, bu sektorda bir düzən etmək çox vacibdir. Lakin düşünürəm ki, qadağalardan daha çox, örnəklərlə bu məsələni həll etmək daha yaxşı olardı».
Ekspert iddia edib ki, bir zamanlar belə bir problem Türkiyədə də yaşanıb. Amma cəmiyyətin qabaqcıl insanlarının örnək göstərməsi ilə problem yoluna qoyulub.
N.Cəfərli hesab edir ki, bu dəbdəbəli toyların aradan qaldırılması ilk növbədə toy biznesinin əsasını təşkil edən şadlıq sarayları şəbəkəsinə zərbə olacaq. Çünki hesablamalara görə, bu şəbəkədə 15-20 min insan çalışır.
Yazıda iş adamlarının mövqeyi də təqdim edilir. Onlar isə hesab edirlər ki, toyları yox, toylarda ərzaq israfçılığını aradan qaldırmaq vacibdir.
«Əgər həqiqətən dəbdəbəli toylara qadağa tətbiq olunarsa, daha çox kənd təsərrüfatı məhsullarının bazarlığına təsir edəcək. Şou-biznes sektoruna isə azacıq təsir edə bilər», - deyə iş adamlarından biri vurğulayıb.
«Bunun harası güzəşt oldu?»
Azadliq.info saytında «Bayram sevinci yaşadıqmı?» sualı gündəmə daşınır.
Müəllif yazıda bu il avqustun 22-i və 23-də Azərbaycanda keçirilmiş Qurban bayramının təşkilində nöqsanlara yol verilməsi ilə bağlı iddialarını ortaya qoyur: «Niyə adi bir işi təşkil etmək bu qədər problemə çevrilsin; hökumətin əlində bu qədər resursları olduğu halda… Düzdür, kəsim məntəqələrinin yaradılacağını elan ediblər, ancaq bu məntəqələr də kimlər üçünsə yeyinti yeri olacaq, nəticədə qəssablar ətin qiymətini qaldıracaq, yenə də ziyanı sadə vətəndaşlar ödəməli olacaq. Hökumətimiz heç bir halda sahibkarlığın inkişafını istəmir…».
Müəllif iddia edir ki, avqustun 22-də şəhərin müxtəlif yerlərində olub, antisanitariyanın baş alıb getdiyini, aidiyyəti dövlət qurumlarının heyvan kəsimi və satışı məntəqələri kimi müəyyən etdiyi bəzi guşələri boş görüb.
Yazıda vurğulanır ki, bir çox hallarda paytaxta qoyun gətirən işbazlar heyvanları həmin məntəqələrdə yox, suyu belə olmayan ərazilərdə kəsib satıblar: «Nazirliyin təşkil etdiyi satış yarmarkalarında kəsim yox idi, heyvanlar ancaq diri satılırdı. Satış yerlərinin yaxınlığında hərə özünə bir obyekt açıb 10 manata qoyunu kəsib, soyub sahibinə verirdi».
Müəllif yazıda satışa çıxarılan qoyunların qiymətinə də diqqət çəkir.
Yazıda bildirilir ki, Şərifzadə küçəsində Kənd Təsərrüfatı Nazirliyinin yarmarkasında yalnız Gürcüstandan gətirilən qoyunlar satılıb. Müəllifin bildirməsinə görə, əsasən 160 manata təklif edilən qoyunların çəkisi 12-13 kq arasında dəyişib: «Bu hesabla nazirlik ətin kiloqramını 12 manata satır, bunun harası güzəşt oldu? Fermerlər də həmin qiymətə satır...».
«Yollar Azərbaycanda qovuşur»
«Azərbaycan» qəzetində «Beynəlxalq avtomobil, su və dəmir yolları Azərbaycanda qovuşur» sərlövhəli yazı dərc edilib.
Yazıda bildirilir ki, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkədir və belə ölkələr, bir qayda olaraq, nəqliyyat mərkəzi rolunu oynaya bilmirlər. Amma müəllifin fikrincə, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanı mühüm nəqliyyat, logistika mərkəzinə çevirib: «Azərbaycan isə heç bir açıq dənizə, yaxud okeana çıxışı olmadan təkcə regionun deyil, Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilib. Bununla da tarix qarşısında böyük xidmət göstərib. Bu, ölkədə yürüdülən məqsədyönlü iqtisadi siyasət, Azərbaycan dövlətinin dünyadakı nüfuzu və yaratdığı mükəmməl tərəfdaşlıq formatı sayəsində mümkün olub».
Yazıda böyük sərmayələr hesabına ərsəyə gələn Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu nümunə kimi göstərilir.
Müəllif hesab edir ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı təkcə Azərbaycandan yox, həm də bölgədən ötrü önəmli hadisədir.
Yazıda vurğulanır ki, Azərbaycan yeganə ölkədir ki, hər iki layihənin (Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri) fəal iştirakçısı və üzvüdür: «Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin Azərbaycandan keçən avtomobil və dəmir yolu hissələri Ələtdə kəsişir. Ərazidə inşa edilən liman Xəzər hövzəsinin ən böyük beynəlxalq ticarət limanıdır. Beləliklə, limanın tikintisi buraya su magistrallarını da əlavə edib. Məhz bütün bunlar - avtomobil, dəmir və su yollarının birləşməsi Azərbaycanın mühüm nəqliyyat qovşağına, yeni geniş logistik məkana çevrilməsinə imkan yaradıb».