Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 03:33

Rusiya dollardan imtinanı gerçəkləşdirəcəyini deyir


İllüstrativ foto

Rusiya ABŞ sanksiyalarına cavab olaraq qlobal ticarətdə dollardan istifadəni dayandıracağını deyir. Moskva Çin və İranla birlikdə hərəkət edəcəyini, daha vacib sayılan neft satışında dollardan imtina olunacağını bildirir.

Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov avqustun 23-də “Beynəlxalq İşlər” dərgisinə müsahibəsində deyib ki, “sözdən hərəkətə keçməyimizin, qarşılıqlı razılaşmalada dollardan istifadədən imtinanın, başqa alternativlər axtarmağın vaxtı çatıb”. Xəbəri Rusiya agentlikləri yayıb.

“CAVAB TƏDBİRLƏRİ” GÖRÜLƏCƏK

“Allaha şükür, bu baş verməkdədir və bu işi sürətləndirəcəyik”, – deyən nazir müavini ABŞ sanksiyalarının gücləndirilməsinə qarşı başqa “cavab tədbirləri”nin də görüləcəyini vurğulayıb.

Sergei Ryabkov
Sergei Ryabkov

İran da ABŞ sanksiyaları altındadır və Rusiya kimi o da ABŞ dollarından imtina etmək istəyir.

Dollar on illərdir dünyanın əsas valyutası sayılır, neft, mis, digər vacib məhsulların ticarətində ondan istifadə olunur. İran və Rusiya böyük neft ixracatçılarıdır və məhz neft sənayeləri ABŞ sanksiyalarına məruz qalıb.

Çin illərdir dolları qlobal valyuta mövqeyindən sıxışdırmaq istəyir. Hazırda Pekinlə Vaşinqton ticarət savaşı aparır, bir-birinin məhsullarına tarifləri yüksəldirlər. Çin yuanı bəzən qlobal ticarətdə dolların mümkün əvəzləyicisi kimi qeyd olunur.

Rusiyanın enerji naziri Aleksandr Novak bu yaxınlarda deyirdi ki, getdikcə daha artıq ölkə dolları neft ticarəti və digər sövdələşmələrdə əsas vasitə kimi əvəzləmək tərəfdarıdır.

İRANIN ADDIMLARI

ABŞ sanksiyaları fonunda İran artıq ticarətdə dollardan istifadəni yasaqlamaq yolunda addım atır. Ötən il Türkiyə və İran ticarətdə öz valyutalarından istifadəyə razılaşıblar.

İranın neft sektoruna yeni sanksiyalar noyabrda qüvvəyə minməlidir. İran digər ölkələrlə ticarətdə onların valyutasından və hətta kriptovalyutalardan istifadəyə razılaşıb. Tehran hazırda Rusiyayla danışıqlar aparır.

Bəzi təhlilçilərin fikrincə, ABŞ sanksiyaları Birləşmiş Ştatların Rusiya, İran və digər ölkələrin iqtisadiyyatları üzərində üstünlüyünü göstərir. Digərlərinin fikrincə, ABŞ dollarından silah kimi istifadə Vaşinqtona qarşı çevrilə, dolların dünyadakı hegemon statusunun dəyişməsinə səbəb olar.

ABŞ dollarından Rusiya, Çin və İrana qarşı beysbol çubuğu kimi istifadənin mümkünlüyü on ildən çoxdur ortadadır. Bu səbəbdən onlar illərdir dollarlarını digər valyutalara dəyişirlər”, – Strateji Mədəniyyət Fondunun təhlilçisi Federico Pieraccini deyib.

Təhlilçinin fikrincə, dolları “silaha çevirməklə” Vaşinqton daha çox ölkəni ondan istifadəni nəzərdən keçirməyə sövq edə bilər, uzunmüddətli perspektivdə bu, “Vaşinqtonun iqtisadi qüdrəti”ni sarsıda bilər.

XS
SM
MD
LG