Keçid linkləri

Təcili xəbərlər
2021, 09 May, bazar, Bakı vaxtı 23:07

Bloklanmış saytın işi dolaşığa düşüb


Bakı Apellyasiya Məhkəməsi

Səbail Rayon Məhkəməsinin icra şöbəsinin arqument.az saytına xəbərdarlıq məktubu göndərdiyi bildirilir.

Bu haqda saytın rəhbəri Şəmşad Ağayev məlumat verib. Onun deməsinə görə, xəbərdarlıqda bildirilir ki, saytın əmlakına həbs qoyula bilər.

Ş.Ağayevin vurğulamasına görə, halbuki, arqument.az saytına qarşı hər hansı məhdudlaşdırıcı məzmunlu qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdur.

«Avqustun 8-də Səbail Rayon Məhkəməsi rəhbəri olduğum sayta müraciətin məhdudlaşdırılması (blok) barədə qərar qəbul etdi. Ancaq gözlənilmədən bizim şikayətimiz təmin olundu və iki gün sonra, avqustun 10-da Bakı Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qərarını ləğv etdi», - deyən jurnalist bu durumda xəbərdarlığın anlaşılmaz olduğunu qeyd edib:

«Avqustun 21-i tarixi ilə məktub almışam. Səbail Rayon İcra və probasiya şöbəsinin icra məmuru Tural Aşurov göndərib. Məktubda qeyd edilir ki, arqument.az saytı barəsində Səbail Rayon Məhkəməsinin qərarı icraya yönləndirilib. 10 günə onlara cavab verməliyəm, əks halda, əmlakımıza həbs qoyulacağı barədə xəbərdarlıq ediblər».

Jurnalist hesab edir ki, görünür, məhkəmələrlə icra qurumları arasında rabitədə problem var. O, bayramdan sonra (avqustun 22-i və 23-ü Qurban bayramı ilə bağlı iş günləri deyil-R) Bakı Apellyasiya Məhkəməsinin qərarını icra şöbəsinə təqdim edəcəyini bildirib.

Məsələyə Səbail Rayon İcra və probasiya şöbəsindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Arqument.az portalına Azərbaycan ərazisindən girişə Səbail Rayon Məhkəməsi avqustun 8-də qadağa qoymuşdu. Qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin iddia ərizəsi əsasında hakim Elmar Rəhimov çıxarmışdı.

Nazir arqument.az-ın orada yerləşdirilmiş iki materiala görə bloklanmasını istəmişdi. Saytın rəhbəri isə demişdi ki, hər iki material başqa saytdan götürülüb, istinadla verilib, üstəlik, yazıda bütün tərəflərin fikirləri də əks olunub.

«Materiallardan biri Lerik rayonunun üç kəndində susuz qalan vətəndaşların prezidentə şikayətidir. Lerikin icra başçısının müavini, «Azərsu» ASC-nin mətbuat xidməti də öz rəyini bildirib. Tam obyektiv materialdır. Görünür, yuxarıdan göstəriş gəlib ki, bu sayt da bloklansın, gözlərinə görünən material bu olub, oxumadan onun adını iddiaya yazıblar. Orada böhtan varsa, orada adları çəkilən tərəflər məhkəməyə müraciət etməliydi. Biz susuz qalan insanların səsini çatdırmışıq», - deyə Ş.Ağayev ilk məhkəmədən öncə vurğulamışdı.

Avqustun 10-da isə Bakı Apellyasiya Məhkəməsinin arqument.az saytının blok edilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinin qərarını ləğv etdiyi açıqlanmışdı.

2017-ci ilin əvvəlində qanunvericiliyə edilən dəyişiklikdən sonra Azərbaycanda 10-dan çox sayta giriş məhdudlaşdırılıb.

Onların arasında AzadlıqRadiosunun azadliq.org saytı da var.

XS
SM
MD
LG