Ermənistan şirkəti Rusiyanın məşhur Kalashnikov avtomatlarının son modellərini hazırlayacaq. Məlumatı Müdafiə Nazirliyi dünən – avqustun 21-də açıqlayıb.
Nazirliyin sözçüsü Artsrun Hovannisian deyib ki, az tanınmış Royalsys Engineering şirkətinin rəhbəri Moskvada Kalashnikov Konserninin aparıcı rəsmisilə istehsal lisenziyası kontraktını imzalayıb.
BİRGƏ MÜDAFİƏ MÜƏSSİSƏLƏRİ YARADILA BİLƏR
Hovannisian “bu son dərəcə vacib xəbəri” Facebook səhifəsində paylaşıb. Onun sözlərinə görə, saziş Kalashnikov AK-12 və AK-15 modellərinin Ermənistanda istehsalına yol açır. Rusiya Silahlı Qüvvələri ilin əvvəlində bu modelləri əsas xidmət avtomatları kimi qəbul edib. Sözçü istehsalın həcmi və nə vaxt başlanacağını açıqlamayıb.
Ermənistanın müdafiə naziri Davit Tonoyan da imzalama mərasiminə qatılıb.
Kalashnikov-un köhnə Ak-74 avtomatları və PK pulemyotları hazırda Ermənistan ordusunun əsas yüngül silahlarıdır. Son açıqlamadan görünən budur ki, ordu AK-74-ləri tədricən daha qabaqcıl, 2011-ci ildə dizayn olunmuş AK-12 və AK-15 versiyaları ilə əvəzləyəcək.
Kalashnikov Konserni 2014-cü ildə Yerevanda rəsmi təmsilçilik açıb. Ozamankı müdafiə naziri Seyran Ohanian deyirdi ki, Rusiya-Ermənistan sazişləri birgə müdafiə müəssisələrinin yaradılmasını nəzərdə tutur.
Tonoyan Moskvada beynəlxalq müdafiə və təhlükəsizlik sərgi-konfransına qatılıb. O, Rusiyanın dövlət silah ixracatçısı olan Rosoboronexport və Almaz-Antey müdafiə korporasiyasının rəsmiləri ilə görüşüb.
Almaz-Antey yer-yer tipli raketlər və təkmil S-400 havadan müdafiə sistemləri istehsal edir. Müdafiə Nazirliyinin məlumatına görə, Tonoyan şirkətin icraçı direktorunun müavini Vyacheslav Dzirkaln-a deyib ki, məhsullarının bəziləri Ermənistanı maraqlandırır.