Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Xəzərin yeni statusu nəyi dəyişəcək


Nursultan Nazarbayev (solda) və Vladimir Putin Aktauda Xəzər sammitində, 12 avqust, 2018-ci il
Nursultan Nazarbayev (solda) və Vladimir Putin Aktauda Xəzər sammitində, 12 avqust, 2018-ci il

Xəzər regionunda Rusiya və İran üçün qaz məsələləri ikinci plana keçib, təhlükəsizlik prioritet sayılır. Hər iki ölkə regiondan kənar ölkələrin Xəzərdə iştirakını, özəlliklə də hərbi iştirakını önləməyə çalışır. Bu, daha çox Birləşmiş Ştatlara aiddir və heç kəs bunu gizlətməyə çalışmır”. Karnegi fondunun saytında Arkady Dubnov yazır ki, avqustun 12-də 5 xəzəryanı dövlətin imzaladığı Xəzərin Hüquqi Statusu üzrə Konvensiya barədə xeyli çılğın və bəlağətli bəyanatlar səslənib. Rusiya prezidenti Vladimir Putin onu “epoxal”, qazaxıstanlı həmkarı Nursultan Nazarbayev isə Xəzər konstitusiya adlandırıb.

İNQİLABİ QƏRAR

Ancaq müəllif 22 illik danışıqların nəticəsi olan 18 səhifəlik konvensiyanın sadəcə çərçivə sənədi olduğunu yazır, onun əlavə razılaşmalarla dolğunlaşdırılmasının vacibliyini vurğulayır. Yalnız bundan sonra Xəzərin bölünməsi barədə danışmaq olar.

***Buna da bax: İran prezidenti Xəzər Konvensiyasına görə tənqid olunur

Bəs onda bu konvensiya nəyi dəyişəcək? Müəllifin fikrincə, əsas məsələ Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə konseptual yanaşmanın dəyişməsidir. O, Xəzərin nə dəniz, nə də göl sayılması qərarını inqilabi adlandırır. Belə ki, dəniz sayılmadığından BMT-nin Dəniz Qanunu Konvensiyası Xəzərə tətbiq olunmadı və bu da ərazi sularının enini genişləndirməyə imkan verdi. Göl təyinatı isə Xəzərin beş ölkə arasında bərabər bölünməsini tələb edəcəkdi, baxmayaraq ki, dənizlər ölkələr arasında sahil xətti boyunca bölünür. Xəzər “qitələrarası su hövzəsi” statusu aldı.

Xəzər sammiti, infoqrafika
Xəzər sammiti, infoqrafika

Beş ölkə Xəzərin orta xətt boyunca bölünməsi ideyasını rədd edib ki, bu da Bakının Aşqabadla mübahisədə mövqeyini möhkəmləndirir. Mübahisə dənizin ortasındakı neft yataqlarının kimə məxsus olmasıyla bağlı idi. Rusiya Transxəzər Qaz Kəmərinə veto hüququndan əl çəkdi. Ancaq müəllif Rusiyanın digər Xəzər ölkələri kimi Transxəzərin tikintisini əngəlləmək imkanını saxladığını vurğulayır. Onlar iyulun 20-də Moskvada imzalanmış ətraf mühitin qorunması protokoluna istinad edə bilərlər.

Moskvanın Aşqabada güzəştə getməyə hazır olması Avropanın qaz bazarındakı dəyişikliklərlə əlaqədardır. Moskva əvvəl qorxurdu ki, Xəzər qazı Gazproma rəqabət meydanı aça bilər, ancaq Türkmənistan qazı indi daha çox Birləşmiş Ştatlardan maye qazla rəqabət aparmalı olacaq”, – məqalədə deyilir.

Türkmənistanda nərə balığının qanunsuz satışı
Türkmənistanda nərə balığının qanunsuz satışı

RUSİYA DONANMASINA AÇILAN QAPI

Müəllif təhlükəsizlik məsələsinin konvensiyaya salınmasına diqqət çəkir. Yəni Moskva və Tehran Qazaxıstanla Azərbaycanın Vaşinqtonla əməkdaşlıq planları sarıdan narahatlıq dilə gətirə bilər. Söhbət Birləşmiş Ştatların bu iki ölkənin ərazisindən istifadə etməklə Əfqanıstandakı hərbçilərə qeyri-hərbi yük tranzitindən gedir. Moskvanın arqumentinə görə, Qazaxıstanın Xəzərdəki limanlarına tranzit məntəqələri Birləşmiş Ştatların faktiki olaraq burada Amerika bazaları qurmasına imkan verir. Astana isə iddiaları rədd edir.

***Buna da bax: Xəzər Konvensiyası – Rusiya maraqlarını “tam təmin edən” sənəd

İran isə daha çox qonşu Azərbaycanın ABŞ-ın Əfqanıstana yük daşımasında tranzit nöqtəyə çevrilməsindən narahatdır. Türkmənistanın da tranzit marşruta razılaşması ehtimalı mövcuddur. Bu halda Birləşmiş Ştatlar Qazaxıstan-Özbəkistan marşrutundan daha qısa və ucuz marşrut əldə etmiş olar. İran belə bir marşrutun sərhədinə yaxınlaşacağından əndişələnir. Konvensiya isə regiondan kənar qüvvələrin burada mövcudluğunu qadağan edir.

Ən əsası, konvensiyanın xəzəryanı ölkələrin dənizdə maneəsiz hərbi fəaliyyətinə icazə verməsidir. Bu o deməkdir, ən güclü donanması olan Rusiya Xəzərdə istədiyi kimi “əl-qol atacaq”, bircə digər ölkələrin ərazi sularını və balıqçılıq zonalarını çıxmaqla.

Xəzərdə balıqçılığın gələcəyi isə sual altında qalmaqdadır. Ölkələr nərə balığı ovuna kvota müəyyənləşdirməlidir, hazırda bu balığın tutulmasına moratorium qoyulub. Ancaq bu kvotaların da necə işləyəcəyi bəlli deyil. Türkmənistandan bir müşahidəçinin deməsinə görə, moratorium illərdir qoyulub, di gəl, Aşqabad bazarlarında nərə balığının satışı, sosial şəbəkələrdə kürü satışı reklamları bu moratoriumun işləmədiyini anlamağa kömək edir.

XS
SM
MD
LG