Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:31

İran Birləşmiş Ştatlara meydan oxuyur


Hassan Rouhani (solda) "Kowsar" qırıcısının kabinəsində
Hassan Rouhani (solda) "Kowsar" qırıcısının kabinəsində

İran prezidenti Hassan Rouhani ölkənin hərbi gücünün artırılacağını vəd edir. O, İranda istehsal olunmuş qırıcı təyyarəni nümayiş etdirib, bütün bunların ABŞ-ın Tehrana aqressiyasına cavab olaraq gerçəkləşdirildiyini vurğulayıb.

Rouhani avqustun 21-də dövlət televiziyasında çıxışında deyib ki, İslam Respublikasının hərbi qüdrəti Vaşinqtonu bu ölkəyə hücumdan çəkindirib.

“FƏSADLARDAN ÇƏKİNİR”

“Düşmən İrana müdaxilənin necə baha başa gələcəyini görməlidir. Niyə ABŞ bizə hərbi hücum etmir? Gücümüzə görə, çünki fəsadlarından çəkinir”, – o vurğulayıb.

“Bəziləri düşünür ki, hərbi gücümüzü artırmağımız müharibə istəyimizi göstərir. Biz sülh istəyirik, müharibənin baş verməsini istəmirik. Önləyici gücümüz olmasa, başqalarının bu ölkəyə girməsinə yaşıl işıq yanar”, – Rouhani vurğulayıb.

Vaşinqton İranla hərbi münaqişəyə can atmır, iqtisadi sanksiyalar vasitəsilə Tehrana “maksimum təzyiq” göstərməyə çalışır ki, onu Suriya, Yəmən, Yaxın Şərqdəki digər münaqişələrdən uzaqlaşmağa məcbur etsin. Bunu isə Ağ evin milli təhlükəsizlik müşaviri John Bolton “Reuters”ə müsahibəsində deyib.

“Birləşmiş Ştatların bunu sülh yoluyla həll etmək istəməsinə şübhə olmamalıdır, ancaq biz İranın yaratdığı istənilən gözlənilməz hala da tam hazırıq”, – o deyib.

Ötən həftə İranın ali dini lideri ayətulla Ali Khamenei də iddia edib ki, Birləşmiş Ştatlar İranın hərbi qüdrətinə görə Tehranla hərbi qarşıdurmaya getməyəcək. O, İran liderlərinə ABŞ prezidenti Donald Trump-ın yeni nüvə sazişi üzrə qeyd-şərtsiz danışıqları aparmaq təklifinə razılaşmamaq göstərişi verib.

Ayətulla Ali Khamenei
Ayətulla Ali Khamenei

Trump mayda İranla nüvə sazişindən çıxdığını, Tehrana iqtisadi sanksiyaların bərpa olunduğunu bildirib. Sanksiyalar İran rialının ucuzlaşmasına səbəb olub, ölkədə qiymət artımına etirazlar baş qaldırıb.

“MÜTTƏFİQLƏRİ DƏ İNAMI İTİRİB”

Rouhani çıxışında İrana sanksiyaları Trump-ın Çinlə ticarət müharibəsi və Türkiyə mallarına qoyduğu yeni tariflərlə müqayisə edib. O iddia edib ki, Avropa və Kanadadan alüminium və polad idxalına tariflərin artırılmasından sonra Türkiyəyə qarşı oxşar addım Trump-ın təkcə İranla deyil, Vaşinqtonun çoxdankı müttəfiqləri ilə də iqtisadi müharibə apardığını göstərir, sonucda Birləşmiş Ştatlar dünyada təcrid durumuna düşür.

“Amerikaya inanmayan təkcə biz deyilik. Bu gün hətta Avropa və Çin də onlara inanmır; hətta Kanada kimi müttəfiqləri də inamı itirib”, – o deyib.

Dövlət televiziyası Kowsar adlı “100 faiz yerli istehsal” olan qırıcı təyyarəni də nümayiş etdirib. Bəzi hərbi ekspertlər bunun Birləşmiş Ştatlarda 1960-cı illərdə hazırlamış F-5-in surəti olduğunu bildiriblər.

İsrailin baş naziri Benjamin Netanyahu-nun sözçüsü Ofir Gendleman yeni qırıcının yenilənmiş F-5 olduğunu deyib, müdafiə naziri Avigdor Lieberman yeni təyyarəyə rişxənd edib.

“Bu, iqtisadi çətinliklərə təbii reaksiyadır. Amerikanın sanksiyaları altındadırlar və əhvalatlar uydurmaqla reaksiya verirlər. Amma buna yüngül də yanaşmaq olmaz”, – nazir Təl-Əvivdə jurnalistlərə deyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG