Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

'Manat sabitdir, bahalaşma davam edir'-Media icmalı


Banklara etibar edirsinizmi? [video-sorğu]
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Banklara etibar edirsinizmi? [video-sorğu]

Azərbaycan-Avropa İttifaqı münasibətləri, bank sektorunda durum, manatın sabit qalmasına baxmayaraq, bir sıra sahələrdə baş verən qiymət artımı və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Bəzi vətəndaşlar sələmçilərdən borc almağa məcbur olurlar»

«Yeni Müsavat» qəzetində «Əkrəm Həsənov: Mərkəzi Bank banklara müəyyən dəstək verməlidir» sərlövhəli yazı oxumaq olar.

Müəllif ölkənin bank sektorunun indiki durumunu ekspert Əkrəm Həsənovla təhlil edib.

Yazıda bildirilir ki, bank sektorunda gərgin dövr geridə qalıb, amma bu, heç də problemlərin tam şəkildə həllini tapdığı anlamına gəlmir.

Müəllif yazıb ki, 2018-ci ilin ilk yarısında bankların kredit portfelində əmanətlərin həcmində müəyyən artımlar olub: «Amma bankların kapital çatışmazlığı, vaxtı keçmiş kreditlər, bağlanmaq təhlükəsi ilə üz-üzə qalmaq kimi problemləri var».

Ekspert Ə.Həsənov deyib ki, hazırda problemli kreditlər bütün banklarda var, bir neçə bankda isə çox ciddidir: «Nəticədə həmin bankların durumu heç də ürəkaçan deyil. Demək olar ki, kapitalları yoxdur, bəzilərinin kapitalları hətta mənfidir. Bankların məcmu kapitalı ən azı 50 milyon manat olmalıdır. Bu baxımdan, banklar bəzən bu öhdəliklərini də yerinə yetirə bilmirlər».

Ə.Həsənova görə, Mərkəzi Bank bəzi banklara müəyyən qədər dəstək verməlidir: «Bəzi banklar var ki, onların qaytarılmayan kreditləri çoxdur. Lakin bir neçə ilə tədricən geri qaytarılacaq, çünki girovla təmin olunub. Bu səbəbdən bir neçə ilə ya məhkəmə yolu ilə, ya da girovları satışa çıxarmaqla kreditlərini geri qaytaracaqlar. Lakin bunun üçün onlara həm vaxt, həm də dövlət dəstəyi lazımdır. Bəzi banklar da var ki, onların vəsaitləri kifayət qədər deyil, o baxımdan bağlanma ehtimalları var».

Ekspertin fikrincə, bank sektorunda hələ də böhrana qədərki vəziyyət bərpa edilməyib: «Çünki şərtlər çətinləşdiyindən bəzi vətəndaşlar kredit almaq imkanında deyillər. Onlar daha çox lombardlardan, fərdi sələmçilərdən borc almağa məcbur olurlar. Burada isə faizlər qat-qat çoxdur, sələmçilər isə vətəndaşların başına oyun açırlar...».

‘Premium Euro-95” və “Super Euro-98”in qiymətinin qalxması haqda nə düşünürsünüz?
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Hökumətin qiymət siyasəti

«Novoye Vremya» qəzetində «Fəlakətin başlanğıcı: Zəncirvari reaksiya gözləmək olarmı?» sualı gündəmə daşınır.

Müəllif avqustun 19-da «Premium Euro-95» və «Super Euro-98» markalı benzinlərin bahalaşmasını dəyərləndirib.

Yazıda vurğulanır ki, hələlik imkanlı vətəndaşların istifadə etdikləri «Premium», «Super» markalı benzin bahalaşıb: «Amma, necə deyərlər, bu fəlakətin başlanğıcıdır».

Müəllif xatırladır ki, «Premium Euro-95» markalı benzinin litri 1 manat 25 qəpikdən 1 manat 50 qəpiyə, «Super Euro-98» isə 1 manat 50 qəpikdən 1manat 60 qəpiyə yüksəlib.

Müəllif hesab edir ki, benzinin bahalaşması bütün qiymətlərə təsir edir: «İndi bahalaşan benzindən əhalinin kiçik hissəsi istifadə edir. Amma eyni zamanda da vətəndaşlar qiymətlərin zəncirvari qaydada bahalaşa bilməsi həyəcanı yaşayırlar. Artıq kommunal xidmətlərin, xüsusilə mənzil haqlarının bahalaşacağı şayiələri yayılır. Digər tərəfdən isə, heç kəs zəmanət verə bilməz ki, kütləvi istehlak edilən Aİ-92 markalı benzin bahalaşmayacaq».

Müəllifə görə, onsuzda ictimai nəqliyyatda gediş haqlarının, bəzi rüsum və gömrük yığımlarının artması ilə növbəti bahalaşma kursu götürülüb.

Yazıda vurğulanır ki, uzun müddətdir manatın sabit qalması fonunda baş verənlər müəmmalıdır: «Yəni, doğrudanmı hökumətin büdcəni tamamlamaq, vətəndaşların həyat şəraitini yüksəltmək üçün hər şeyin qiymətinin bahalaşdırılmasından başqa yolu yoxdur?».

Azərbaycan/Avropa İttifaqı
Azərbaycan/Avropa İttifaqı

Azərbaycan və Avropa İttifaqı

«Azərbaycan» qəzetində «Avropa İttifaqı (Aİ) Azərbaycanın əsas investoru və ticarət tərəfdaşıdır» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, son illərdə Azərbaycan demokratiya və tərəqqi yolunda irəliləyir, ölkənin Avropa İttifaqı ilə əməkdaşlığı Avratlantik məkana inteqrasiya kontekstində inkişaf edir: «Prezident İlham Əliyev tərəfindən yürüdülən müstəqil xarici siyasət (Aİ) ölkələri ilə bərabərhüquqlu, yaxın təmaslara söykənən harmonik münasibətlərin qurulmasına əsaslanır. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın geostrateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərin də ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməyə marağını daha da artırıb».

Azərbaycan-Aİ münasibətlərinin 22 ilik tarixə malik olduğunu deyən müəllif bu münasibətin qarşılıqlı hörmət və maraq prinsipləri üzərində qurulduğunu iddia edir.

Yazıda vurğulanır ki, Aİ hazırda Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Üstəlik, Azərbaycan iqtisadiyyatına investisiya yatırımında Aİ ölkələri üstünlük təşkil edirlər.

Müəllif sonda da Avropa İttifaqı ilə tərəfdaşlıq sazişi ilə bağlı gedən danışıqları nəzərdə tutaraq yazıb: «Hazırda Avropa Azərbaycanın əsas investoru və ticarət tərəfdaşıdır. Əminliklə söyləyə bilərik ki, Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq yeni sazişdən sonra siyasi əlaqələrlə yanaşı, iqtisadi münasibətlərin də yeni inkişaf istiqamətləri müəyyənləşəcək və bu da Azərbaycana böyük dividentlər qazandıracaq».

XS
SM
MD
LG