Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Pashinian keçid dövrü məhkəmələri yaradılmasını təklif edir


Nikol Pashinian Yerevanda yürüş zamanı, 17 avqust, 2018-ci il
Nikol Pashinian Yerevanda yürüş zamanı, 17 avqust, 2018-ci il

Ermənistanın baş naziri Nikol Pashinian ötən cümə günü keçirdiyi yüzgünlük mitinqində keçid dövrü ədalət məhkəmələrinin yaradılmasına çağırıb.

Pashinian bunu bir sıra səbəblərlə əsaslandırıb. Bir səbəb məhkəmə sisteminin hazırkı durumu və qanunvericiliyin bitkin olmamasıdır. “Keçid dövrü məhkəmələri bizə təkcə ona lazım deyil ki, məhkəmə sistemimizdəki bir sıra ələ alınmış məmurlar xalq inqilabını anlamırlar. Həm də ona görə lazıdır ki, qanunvericiliyimizdə xeyli problemlər var”, – baş nazir çıxışında deyib.

“HƏQİQƏT KOMİSSİYASI” YARADILSIN

Pashinian 2017-ci il iyulun 1-dən qüvvəyə minmiş “Qanunsuz varlanma” barədə qanunu misal çəkib. “Yüksəkçinli məmurlardan birinin doğma qardaşının bank hesablarından yalnız birində 30 milyon dollar aşkarlanıb. Amma indiki şəraitdə istintaq təşkil etmək çox çətindir, çünki bu adam uzun illər dövlət məmuru olmayıb, deklarasiya təqdim etməyib, buna görə də istintaq və qanuni müsadirə məsələlərində problemlər var”, – o deyib.

Baş nazir onu da vurğulayıb ki, keçid dövrü məhkəmələri ilə fövqəladə hal məhkəmələrini qarışdırmaq olmaz. “Bir çox ölkələr keçid dövrü məhkəmə orqanları yaradıblar və beynəlxalq ictimaiyyət bu praktikanı alqışlayıb. Bu alətdən səmərəli istifadə üçün mümkün olanı etməliyik”, – Pashinian vurğulayıb.

Pashinian tərəfdarları Respublika meydanında
Pashinian tərəfdarları Respublika meydanında

Beynəlxalq hüquq üzrə ekspert Ara Kazarian AzadlıqRadiosu-nun erməni xidmətinə müsahibəsində deyib ki, keçid dövrünün ədliyyə orqanları hüquq sistemində resurs çatışmazlığını diqqətə alaraq mövcud orqanları dəstəkləyə bilər. Onun sözlərinə görə, hüquq sisteminin yetərincə resursları yoxdur və ona yeniləmə lazımdır.

Hüquqşünasın fikrincə, “həqiqət komissiyası”nın yaradılması vacibdir, bu komissiya faktları toplamaqla müxtəlif dövlət, istintaq orqanları ilə əməkdaşlıq edə bilər. Kazarian yenə də yekun qərarı məhkəmənin verəcəyini vurğulayır. O deyir ki, keçid dövrü ədalət mühakiməsi orqanları Konstitusiya və qanunlar çərçivəsində yaradılmalıdır, amma Pashinian-ın sonucda konstitusion quruluşu devirməyə cəhddə ittiham oluna biləcəyi barədə deyilənlərin əsası yoxdur.

Hüquqşünas Facebook səhifəsində yazıb ki, bu orqanların məqsədi ədalətli kompensasiya və pozulmuş hüquqların bərpası olmalıdır.

“İCTİMAİ TƏLƏB NƏ OLURSA-OLSUN...”

Hüquqşünas Norair Norikian isə Pashinian-ı mövcud hüquq alətləri və strukturları ilə qane olmağa çağırıb. Əks halda, onun fikrincə, baş nazir konstitusion quruluşu devirmək cəhdində suçlana bilər. “İctimai tələb nə olursa-olsun, indiki şəraitdə hüquqi dövlət fəlsəfəsindən kənar addımlar atmaq bumeranq effekti verə bilər”, – o, radioya deyib.

Norikyanın sözlərinə görə, yeni hökumət problemlərin həllindən ötrü bütün qanuni vasitələrə əl ata bilər. Hüquqşünas deyib ki, keçid dövrü məhkəmələri təcrübəsi Afrika ölkələrində mövcuddur.

Ara Kazarian isə yada salıb ki, 2-ci Dünya Müharibəsindən sonra Almaniya problemlərini məhz keçid dövrü məhkəmələri sayəsində həll edə bilib.

Ermənistanda keçid dövrü ədalət məhkəmələrinin yaradılması təklifi bir neçə gün öncə də səsləndirilib. Ölkənin birinci prezidenti Levon ter-Petrosyanın rəhbərlik etdiyi “Ermənistan Milli Konqresi” partiyası bu təkliflə çıxış edib.

Ermənistanın keçmiş prezidenti Serzh Sarkisian apreldə küçə etirazları nəticəsində baş nazir postundan getməli oldu. Nikol Pashinian mayın 8-də baş nazir seçildi. Bundan sonra hökumət korrupsiyayla mübarizə çərçivəsində bir sıra həbslər gerçəkləşdirib. Elə Sarkisian-ın bir neçə yaxın qohumuna qanunsuz yolla varlanma ittihamı irəli sürülüb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG