Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:25

'Maaş 250, təhsil haqqı 6 min manat'-Media icmalı


Tələbələr
Tələbələr

Qeyri-neft sektorunun inkişafında texnoparkların rolu, təhsil haqlarının əhalinin maaş və pensiyalarına adekvat olmaması medianın aparıcı mövzularındandır...

«Bərabər təhsil imkanları...»

Azadliq.info saytında «Gəncliyin ümid işığını söndürənlər» sərlövhəli yazı yer alır.

Yazıda keçmiş deputat Gültəkin Hacıbəylinin təhsilin durumu ilə bağlı düşüncələrinə yer verilib.

Yazıda bildirilir ki, sovet işğalı dövründə təhsil pulsuz idi. Müəllifin iddialarına görə, Azərbaycana rüşvət ayaq açanadək sosial mənşəyindən, maddi durumundan asılı olmayaraq, hər bir savadlı gənc ali məktəbə daxil ola bilirdi: «70-ci illərdən başlayaraq Azərbaycanda əksər fakültələrə, xüsusilə də, Azərbaycan Dövlət Universitetinin hüquq, şərqşünaslıq, tarix, filologiya, Tibb Universitetinin müalicə işi, pediatriya, stomatologiya, Xalq Təsərrüfatı İnstitutunun bir çox fakültələrinə daxil olmaq imkansız abituriyentlər üçün müşkülə çevrildi».

Yazıda vurğulanır ki, rüşvət verməyə pulu olmayan, lakin öz biliyinə güvənən savadlı gənclər o zaman Moskvanın, Leninqradın, Kiyevin ən nüfuzlu ali təhsil ocaqlarına daxil ola bilirdilər.

Yazıda bildirir ki, 1992-ci ildə mərhum prezident Əbülfəz Elçibəy test sistemini tətbiq etməklə ali təhsilin qapılarını kasıb balalarının üzünə açdı.

Müəllif iddia edir ki, hazırda yenə də bərabər təhsil almaq imkanları aradan qalxıb: «Azərbaycanda pulsuz təhsil, demək olar ki, ləğv edilib. Qəbul yerlərinin 70 faizindən çoxu ödənişlidir…».

Müəllifə görə, əhalisinin böyük hissəsinin işsiz olduğu, həkiminin, müəlliminin 200-250 manat maaş, yaşlıların 200 manat pensiya aldığı ölkədə illik təhsil haqqını 3 min, 4 min, 5 min, hətta 6 min 500 manata qaldırmaq əslində bərabər təhsil şanslarını aradan qaldırmaq deməkdir.

Sel Azərbaycanın şimal-qərb rayonlarına ziyan vurub
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

Sel suları fındıq bağlarına dolub

Marja.az saytında «Fındıq bağları suyun altında qalıb, lildən məhsul yığmaq mümkün deyil» sərlövhəli yazı oxumaq olar.

Müəllif avqust ayında yağan yağışların Zaqatala rayonunun bir sıra kəndlərində təsərrüfatlara vurduğu ziyanı rəsmi şəxslər və yerli sakinlər ilə araşdırıb. Rayon fövqəladə hallar komissiyasının sədri Tofiq Əhmədov deyib: «Vöhtala və Höytala inzibati ərazisində vəziyyət daha acınacaqlı idi. Burada insanların bir qismi təbii fəlakət zonasında qalmış, digər tərəfdən də sel suları artıq sakinlərin həyətyanı sahələri bir yana, evlərinə də çatmışdı».

T.Əhmədovun sözlərinə görə, görülmüş tədbirlər nəticəsində həyətlərə və həyətyanı sahələrə dolan sel suları çəkilir, kəndlərdə həyat tədricən öz axarına düşür.

Yolayrıc kəndinin sakini Yunis Eminov deyib ki, bu kənddə 200 ev təsərrüfatı həyətlərə su dolduğundan zərər görüb. Kənd sakini vurğulayıb ki, bu dəfə dağlarda baş verən sürüşmələr çayın yatağının qum və çınqılla daha çox dolmasına səbəb olub: «Vəziyyətdən çıxış yolu isə ya böyük vəsait hesabına bəndin tikilməsi, yaxud da çayın yatağının qazılıb kənara atılması ola bilər. Təkcə bu il üçüncü dəfədir ki, kənd sel təhlükəsi ilə üzləşir».

Kənd sakini Musa Diqayev isə ziyandan danışıb: «Selin gəlmə istiqamətində olan fındıq bağında təxminən 300 kiloqram yay fındığı toplamışdıq. Lakin biz 5 nəfər su gələnə kimi heç onun yarısını belə götürə bilmədik. Əlavə olaraq qaynaq aparatı, su pompası və digər avadanlıqlar da lilin altında qaldı».

Müəllifin qeyd etməsinə görə, kənd sakinlərini qayğılandıran ilk növbədə fındıq bağlarıdır. Onların deməsinə görə, fındıq bu ərazidə yaşayan insanların çörək ağacıdır.

Yerli sakinlər vurğulayıblar ki, məhsul tökülüb gedir, sahəyə girmək mümkün deyil. Kartof, soğan, lobya əkilən sahələr də batıb…

Sumqayıt texnoparkı
Sumqayıt texnoparkı

Texnoparklar

«Azərbaycan» qəzetində dərc edilən «Texnoparklar elmi araşdırmalar aparılaraq yaradılır» sərlövhəli yazıda ölkədə sənayeləşmədə texnoparkların rolu dəyərləndirilir.

Müəllif hesab edir ki, iqtisadiyyatda dayanıqlı inkişaf istehsal sənayesinin miqyasından asılıdır, Azərbaycanda da belə aparıcı mövqe neft sənayesinə aiddir.

Bununla belə, yazıda bildirilir ki, dünya bazarında neftin qiyməti sabit deyil və bu qeyri-sabitlik ölkənin maliyyə bazarına bəzən müsbət, bəzən də mənfi təsir göstərir: «Buna görə ölkəmizdə də iqtisadiyyatın şaxələndirilməsi, xüsusilə qeyri-neft sektorunun inkişafı ön plana çıxarıldı. Beləliklə, qeyri-neft sektorunun inkişafı üçün iqtisadi islahatların aparılmasına start verildi. Ötən 15 ildə bu istiqamətdə görülən işlər nəticəsində ümumi istehsalda qeyri-neft sektorunun payı ildən-ilə artmaqda davam edir».

Müəllifin fikrincə, sənayeləşmədə texnoparkların rolu böyükdür: «Son dövrlər Bakı və bölgələrdə texnoparklar və sənaye məhəllələrinin yaradılması istiqamətində böyük işlər görülür. Belə ki, yeni yaradılan texnoparklarda xarici və yerli sahibkarların fəaliyyəti getdikcə genişlənir...».

Müəllif sonda da yazıb ki, ölkənin sənayeləşməsi istiqamətində aparılan işlər öz müsbət nəticəsini verir. Bu ilin yanvar-iyun aylarında sənayenin qeyri-neft sektorunda istehsal ötən ilin eyni dövrü ilə müqayisədə 8.8 faiz artıb.

XS
SM
MD
LG