Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:03

Trump-ın paradı gələn ilə qaldı


Fransa prezidenti Emmanuel Macron (solda) Donald J. Trump ilə paradda, 14 iyul, 2017-ci il
Fransa prezidenti Emmanuel Macron (solda) Donald J. Trump ilə paradda, 14 iyul, 2017-ci il

ABŞ prezidenti Donald Trump-ın noyabra planlaşdırdığı hərbi parad gələn ildən tez keçirilməyəcək. Məlumatlara görə, buna xərclərin gözlənildiyindən çox çıxması səbəb olub.

“İlkin olaraq, tədbiri 2018-ci il noyabrın 10-na planlaşdırırdıq, ancaq Ağ evlə razılaşdıq ki, gələn il üçün imkanları nəzərdən keçirək”, – Müdafiə Departamentinin sözçüsü polkovnik Rob Manning avqustun 16-da deyib.

Pentaqondan adı çəkilməyən rəsmi “Reuters” agentliyinə deyib ki, ertələnməyə səbəb xərclərin 90 milyon dollara qalxmasıdır, bu Ağ evin ilkin olaraq hesabladığından azı üç dəfə çoxdur.

10-30 MİLYON DOLLAR RƏQƏMİ SƏSLƏNMİŞDİ

Müdafiə naziri Jim Mattis Boqotada jurnalistlərlə söhbətində 90 milyon rəqəmini təsdiqləməkdən imtina edib, medianı “daha yaxşı mənbələr tapmağa” çağırıb.

Parisdə parad, 14 iyul, 2017-ci il
Parisdə parad, 14 iyul, 2017-ci il

Paradın 1-ci Dünya Müharibəsinin bitməsinin 100 illiyi münasibətilə keçirildiyi bildirilir. Trump 2017-ci ilin iyulunda Parisdə dəbdəbəli hərbi parada qatıldıqdan sonra Pentaqona belə bir tədbir keçirməyi tapşırıb.

İlin əvvəlində Trump Cənubi Koreyayla birgə hərbi təlimləri təxirə salıb, bununla Birləşmiş Ştatların “böyük vəsait”ə qənaət edəcəyini deyib. Pentaqon daha sonra bununla 14 milyon dollara qənaət edildiyini bildirmişdi.

Ağ evin büdcə rəsmisi bu ilin əvvəlində deyirdi ki, parad vergi ödəyicilərinə 10-30 milyon dollara başa gələcək.

Pentaqonun martda bildirməsinə görə, Vaşinqtonda keçiriləcək paradın sonunda “hava komponentlərinin çəkisi daha ağır olacaq”. Qurum yerli infrastruktura ziyanı minimuma endirməkdən ötrü tanklardan istifadə olunmayacağını, yalnız təkərli maşınlara üstünlük veriləcəyini bildirib.

Tənqidçilərin fikrincə, Pentaqon təlimlərə, heyətə ayrılan xərcləri qarşılamağa çalışdğı bir məqamda hərbçi və silahların bahalı göstərisinə pul xərclənməməlidir.

Birləşmiş Ştatlarda hərbi paradlar nadir hallarda keçirilir. 1991-ci ildə İraq prezidenti Saddam Hussein qüvvələrinin Küveytdən çıxarılması münasibətilə Vaşinqtonda parad təşkil olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG