Ermənistanın baş naziri Nikol Pashinian sabah – avqustun 17-də Yerevandakı Respublika meydanında mitinq və yürüş keçirməyi planlaşdırır.
Tədbirlər Pashinian-ın baş nazir postunda 100 gününün bitməsi münasibətilə nəzərdə tutulur.
“Düşünürəm ki, sabah Respublika meydanına Yerevanın rayonlarının birindən yürüşlə gələk, inqilab günlərində etdiyimiz kimi. Siz necə fikirləşirsiz?” – Pashinian bu gün Facebook səhifəsində yazıb.
Ermənistanın keçmiş prezidenti Serzh Sarkisian apreldə küçə etirazları nəticəsində baş nazir postundan getməli oldu. Nikol Pashinian mayın 8-də baş nazir seçildi. Bundan sonra hökumət korrupsiyayla mübarizəyə başlayıb.
“ƏSAS VƏZİFƏMİZİ YERİNƏ YETİRDİK”
“Hökumətimizin fəaliyyətinin 100 günü tamam olan kimi yeni etapa daxil oluruq, bunun əsas mənası islahatların sürətləndirilməsidir”, – AzadlıqRadiosu-nun erməni xidmətinin məlumatına görə, Pashinian bunu bu gün hökumətin iclasında əvvəlində deyib.
“Hökumətimizin 100 günü ərzində əsas vəzifəmizi yerinə yetirdik – ölkədə həyatın normal axarını, inqilabdan sonrakı dönəmdə iqtisadiyyatın normal, fasiləsiz inkişafını təmin etdik. Fikrimcə, yüzgünlük perioddan sonra yeni mərhələyə giririk və əsas məqsəd islahatların sürətləndirilməsidir, yəni sürətli və səmərəli islahatlar aparmaqdır ki, ölkə və iqtisadiyyat üçün yeni, ikinci nəfəs açılsın, büdcə müzakirələri kontekstində konkret perspektivləri, nəticələri müəyyənləşdirə bilək”, – baş nazir deyib.
Pashinian ümidini bildirib ki, bu 100 gün ərzində toplanmış vəsait və enerji onlara bütün tapşırıqları səmərəli həll etmək imkanı verəcək.
Pashinian hakimiyyətə gələndən sonra korrupsiyayla mübarizə çərçivəsində bir sıra həbslər gerçəkləşdirilib. Keçmiş prezident Serzh Sarkisian-ın bir neçə yaxın qohumuna qanunsuz yolla varlanma ittihamı irəli sürülüb.
Keçmiş prezident Robert Kocharian 2008-ci ildə prezident seçkisindən sonrakı zorakı hadisələrlə əlaqədar saxlansa da, sonradan məhkəmənin qərarıyla azadlığa buraxılıb.