Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 18:02

Mübahisəli yataqların çözülməyən düyünü-Media icmalı


Xəzərdə neft platforması
Xəzərdə neft platforması

Əhalinin məşğulluq vəziyyəti, Xəzərin hüquqi statusu ilə bağlı imzalanmış konvensiyada mübahisəli qalan məqamlar, ABŞ-Türkiyə münasibətlərinin Azərbaycana mümkün təsirləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Araz-Alov-Şərq» və «Kəpəz»

Musavat.som saytında «Xəzər konvensiyası mübahisəli yataqlar mövzusunu qapatmır» sərlövhəli yazı oxumaq olar.

Yazıda bu il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı dövlət arasında Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzalanan konvensiyanın mübahisəli yataqlar məsələsini həll edib-etməməsi ekspert İlham Şabanla müzakirə olunur.

Müəllif vurğulayıb ki, İranla Azərbaycan arasında belə mübahisəli struktur Bakıdan 120 kilometr cənub-şərqdə yerləşən «Araz-Alov-Şərq»dir. 2001-ci ildə İranın hərbi gəmiləri orada kəşfiyyat işlərinin dayandırılmasına nail olub.

Azərbaycanla Türkmənistan arasında mübahisə mövzusu isə «Kəpəz» yatağı ilə bağlıdır.

Ekspert İ.Şaban deyib ki, konvensiya Xəzərin dibinin bölgüsünü əhatə etmir: «Konvensiyada dənizin dibinin orta xətt prinsipi ilə bölgüsü tövsiyə olunur. Necə ki, Rusiya, Qazaxıstan, Azərbaycan Xəzərin şimal hissəsi ilə bağlı qarşılıqlı razılaşma əsasında belə bölgü aparıblar. Tövsiyə olunur ki, cənub hissəsində də eyni razılaşma əldə olunsun. Amma nə Azərbaycan-İran, nə Azərbaycan-Türkmənistan, nə də İran-Türkmənistan arasında belə razılaşma uzun illərdir ki, əldə olunmur».

Ekspert bu razılığın olmaması səbəbi kimi İranın Xəzəri göl hesab etməsini göstərir.

İ.Şabanın deməsinə görə, Türkmənistan bölgünün orta xətt prinsipi ilə aparılmasına razıdır. Amma başlanğıc nöqtə kimi Abşeron yarımadasının götürülməsinin əleyhinədir, çünki bu halda «Kəpəz»i itirirlər: «Yəni, mübahisələri tərəflər özləri həll etməli olacaqlar».

Yazıda bildirilir ki, «Kəpəz» yatağını ötən əsrin 80-ci illərində Azərbaycan neftçiləri kəşf ediblər.

V.Əhmədov
V.Əhmədov

Türkiyəyə yatırılan 20 milyard ABŞ dollarının taleyi...

Bizimyol.info saytında «Sanksiyalar uzun müddət davam edərsə, Azərbaycan-Türkiyə iqtisadi münasibətlərinə təsir göstərə bilər» sərlövhəli yazı yer alır.

Yazıda Türkiyənin ABŞ-la münasibətlərinin gərginləşməsinin Azərbaycana mümkün təsirləri deputat Vahid Əhmədovla təhlil edilib.

V.Əhmədov hesab edir ki, ABŞ-la Türkiyə arasında müəyyən gərginlik fonunda lirə ucuzlaşıb. Deputat bununla belə vurğulayıb ki, son günlər lirə dollar qarşısında cüzi bahalaşıb: «Amma bu müvəqqəti haldır, çünki artımı qoruyub saxlamaq üçün kifayət qədər vəsait lazımdır».

V.Əhmədov xatırladıb ki, Azərbaycan Türkiyəyə 20 milyard ABŞ dollarından çox investisiya yatırıb. O vurğulayıb ki, Türkiyə də Azərbaycana investisiya qoyub: ​«Lirənin dollar qarşısında ucuzlaşmasının Azərbaycan-Türkiyə münasibətlərinə hələ ki, təsiri yoxdur. Bu proseslər çox uzun müddət davam eləsə, problem yarana bilər. Qısa müddət üçün isə ciddi problem olan deyil».

Deputat SOCAR-ın Türkiyədəki yatırımlarının gələcək taleyi ilə də bağlı düşüncələrini bölüşüb. V.Əhmədov deyib ki, yatırımlara ciddi problem gözləmir.

Azərbaycanda iş tapmaq nə dərəcədə asandır?
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Açılan və bağlanan iş yerləri

«Azərbaycan» qəzetində «İşləyənə iş var, qurub-yaradana meydan» sərlövhəli yazıda ölkə əhalisinin məşğulluq vəziyyəti dəyərləndirilib.

Müəllif yazıb ki, məşğulluq problemini həll etmək məqsədilə hər il minlərlə iş yeri açılır, insanlar iqtisadiyyatın dövlət və özəl sektorlarında işlə təmin olunurlar.

Yazıda qeyd edilməsinə görə, əhalinin ildən-ilə artması, bəzi iş yerlərinin hansı səbəblərdənsə bağlanması bu məsələnin daim gündəmdə olmasını tələb edir.

Müəllif hesab edir ki, bu problem dövlət başçısının da diqqət mərkəzindədir. Daha sonra yazıda İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışından sitat gətirilir: «58 min yeni daimi iş yeri açılıb. Ancaq eyni zamanda, 20 mindən çox iş yeri bağlanıb. Əgər bu rəqəmlərə baxsaq, görərik ki, yenə də dinamika müsbətdir. Ancaq bağlanmış iş yerlərinin təhlili aparılmalıdır. Hansı səbəblərə görə bu iş yerləri bağlanıb və o iş yerlərini itirən vətəndaşlar hansı işlərlə təmin olunub. Olunubmu, yoxsa yox?».

Yazıda rəsmi statistikaya istinadən bildirilir ki, üçüncü dövlət proqramının icrasına başlandığı 2014-cü il yanvarın 1-dən 2018-ci ilin əvvəlinə kimi ölkədə 530.4 mini daimi olmaqla 721.2 min yeni iş yeri açılıb. Keçən il isə ümumilikdə 281.4 min yeni iş yeri açılıb ki, bunların da 179.3 mini daimidir.

Müəllifin iddialarına görə, yeni iş yerləri ölkə iqtisadiyyatının bütün sahələrini əhatə edir: «İnşaat sektorundakı canlanma da iş yerlərinin yaradılması deməkdir. Məsələn, hazırda Bakıda onlarca hündürmərtəbəli ev tikilir və burada minlərlə yeni iş yerləri yaradılır. Eləcə də köhnə binaların sökülməsi və yerində təzələrinin tikilməsi ilə çoxlu iş yerləri açılır».

XS
SM
MD
LG