Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Keşiş uşağa deyib ki, ‘Məryəm ana da İsanı...’


Ukraynada kilsə
Ukraynada kilsə

ABŞ-ın Pensilvaniya ştatında Roman katolik kilsəsinin keşişləri minlərlə uşağa 70 il boyunca cinsi təcavüz ediblər. Ştatın baş prokurorunun dünən – avqustun 14-də bildirməsinə görə, onlar qurbanlara qarşı “etiqaddan silah kimi istifadə ediblər”, həm də yepiskopları bu hərəkətləri ört-basdır edib.

“Reuters” agentliyi yazır ki, baş prokuror Josh Shapiro iki illik təhqiqat nəticəsində 884 səhifəlik hesabat hazırlayıb. Hesabat yepiskopluqların gizli arxivlərinə, keşişlərin əllə yazılmış etiraflarına əsasən hazırlanıb.

“Bu, uşaqları cinsi təcavüzə məruz qoymadır, bunu kişi keşişlər uşaqlara qarşı törədib”, – Shapiro mətbuat konfransında deyib.

301 KEŞİŞ

Hesabatda adı çəkilən altı Pensilvaniya yepiskopluğundan şərh almaq mümkün olmayıb.

Baş prokurorun deməsinə görə, bu, Amerika tarixində katolik ruhanilərin uşaqlara cinsi təcavüzünü ortaya qoyan ən hərtərəfli hesabatdır.

Yepiskopluqların bəziləri bəyanat verərək qurbanlardan üzr istəyib, bu cür davranışların artıq bitdiyini təmin etməkdən ötrü addımlar atıldığını bildirib.

Prokuror danışarkən arxasında duran şəxslər, keşişləri ittiham edənlər göz yaşları axıdıblar. Bir fakta görə, ştatın ikinci ən böyük şəhəri olan Pittsburqda bir qrup ruhani səcdəgahda işləyən oğlandan lüt soyunmağını və İsa peyğəmbər çarmıxa çəkildiyi kimi poza verməyini istəyiblər və onun şəklini çəkiblər.

Papa Francis İtaliyada məhbusların ayaqlarını yuyur, may, 2018-ci il
Papa Francis İtaliyada məhbusların ayaqlarını yuyur, may, 2018-ci il

Shapiro deyib ki, kilsə rəsmiləri uzun müddət bu iddiaların gizlin qalmasına çalışıblar.

“Keşişlər kiçik oğlan və qızları zorlayıb və onlar bunu on illər boyunca gizlədiblər”, – Shapiro deyib.

Hesabatda 301 keşişin adı çəkilir, bəziləri artıq dünyasını dəyişib. Onlardan cəmi ikisinə qarşı cinayət təqibi aparılır.

Hesabatda ittiham olunan ruhanilərdən bəziləri adlarının çıxarılmasına nail olub. Ancaq Shapiro deyib ki, sentyabrın 26-da keçirilək məhkəmədə bütün adların ictimaiyyətə açıqlanmasını istəyəcək.

O, böyük jürinin min qurbanı müəyyənləşdirdiyini, ancaq onların sayının daha çox olduğunu deyib.

QURBANLAR NECƏ SUSDURULUB

Shapiro-nun sözlərinə görə, bir keşiş bir ailədən beş bacını cinsi qısnamaya məruz qoyub, ancaq sonrada yepiskopluq ailəylə razılığa gəlib, konfidensiallıq razılaşması əldə edib.

Baş prokuror bildirib ki, katolik keşişlər uşaqların keşişlər tərəfindən cinsi istismara məruz qalmasını ört-basdır edib, onları dəfələrlə fərqli prixodlara göndəriblər. “Onlar keşişlərin 40 ilədək fəaliyyətdə qalmasına imkan veriblər”, – o deyib.

Qurbanların susdurulması üçün “etiqaddan silah kimi istifadə olunmasına” gəlincə, Shapiro bir neçə misal çəkib. Məsələn, bir keşiş uşaqları oral seksə sövq etmək üçün deyirmiş ki, “Məryəm ana İsa anadan olunca onu təmizləmək üçün yalamalı olub”.

“Uşaqlara deyib ki, bu, nəinki normaldır, həm də müqəddəs işdir”, – Shapiro bildirib.

1990-cı illərdə Bostonda keşişlərlə bağlı qalmaqal çıxandan sonra Amerikanın müxtəlif yerlərində oxşar iddialar səsləndirilib.

Vaşinqtonun keçmiş arxiyepiskopu Theodore McCarrick ötən ay istefa verib, onun on illər öncə 16 yaşlı oğlanı cinsi istismara məruz qoyduğu üzə çıxıb.

Son aylar Papa Francis Çilidəki yepiskopların istefasını qəbul edib, ölkəni cinsi təcavüz qalmaqalı silkələyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG