Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

İran yeni ballistik raket təqdim edir


Fateh-e Mobin raketi
Fateh-e Mobin raketi

İran yaxınmənzilli ballistik raketlərin yeni nəslini təqdim edib və bu qabiliyyətini artıracağını vəd edib. Bu, Birləşmiş Ştatların belə təkmil silahların hazırlanmasını dayandırmaq tələblərinə meydan oxumaq kimi görünür.

İranın dövlət mediası avqustun 13-də xəbər verib ki, yeni Fateh-e Mobin (Parlaq fateh) raketi “sınaqlardan uğurla keçib”, həm quruda, həm də dənizdə hədəfləri vura bilər.

“Əziz xalqımıza vəd etdiyimiz kimi, raket qabiliyyətimizi gücləndirmək üçün bütün imkanlardan istifadə edəcəyik, hər gün raket gücümüzü artıracağıq”, – müdafiə naziri Amir Hatami dövlət mediasına deyib.

“BU RAKETİ HEÇ NƏ DAYANDIRA BİLMƏZ”

“Yüksək çevikliyinə görə bu raketi heç nə dayandıra bilməz”, – Hatami vurğulayıb. O, Fateh Mobin-in yeni versiyasının 100 faiz yerli istehsal, taktiki, dəqiq, sürətli, görünməz olduğunu vurğulayıb.

Hatami yeni raketin əhatə dairəsini açıqlamasa da, əvvəlki versiyalar 200-300 kilometrlik məsafəni vura bilirdi. Bunu Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi bildirir.

ABŞ rəsmilərinin Fox News-a deməsinə görə, İran ötən həftə Hörmüz boğazında donanma təlimləri keçirərkən “Fateh-110” raketini sınaqdan çıxarıb.

ABŞ generalı bu təlimləri avqustun 7-də İrana gözlənən sanksiyalar öncəsi Vaşinqtona bir mesaj adlandırmışdı.

Ayatollah Ali Khamenei
Ayatollah Ali Khamenei

Birləşmiş Ştatlar prezidenti Donald Trump İranla 2015-ci il nüvə sazişindən çıxdıqlarını açıqlayıb. Ondan sonra İranı yeni nüvə sazişi üzrə danışıqlara çağırıb. O, yeni sazişin İranın nüvə silahı hazırlamasını tamamilə önləməli, ballistik raket hazırlamasına da məhdudiyyət qoymalı olduğunu bildirib. Elə bu məsələlər illərdir Tehranla Vaşinqton arasında fikir ayrılığına səbəb olub.

KHAMENEİ DANIŞIQLARI YASAQLAYIR

İranın yeni Fateh raketini təqdim etdiyi gün ali dini lider Ayatollah Ali Khamenei Trump-ın Vaşinqtonla birbaşa danışıqlar təklifini rədd edib. Khamenei eyni zamanda Birləşmiş Ştatlarla müharibə ehtimalını da çıxdaş edib.

“Amerikalılar sanksiyalarla yanaşı iki variant irəli sürürlər: müharibə, ya da danışıqlar. Müharibə olmayacaq, danışıqlara da getməyəcəyik”, – o, dövlət televiziyasına deyib.

“Biz heç vaxt müharibəyə başlamamışıq və onlar İranla hərbi qarşıdurmaya getməyəcəklər”, – ali dini lider vurğulayıb.

“Amerikanın nüvə sazişindən çıxması Amerikaya yeni sazişlə bağlı inanmağın mümkün olmamasına aydın dəlildir. Amerikayla hər hansı danışıqları qadağan edirəm”, – Khamenei deyib.

Birləşmiş Ştatlar və avropalı müttəfiqləri İranın raket proqramına qarşı çıxır, onun Qərbin regiondakı müttəfiqləri olan Səudiyyə Ərəbistanı və İsrailə təhlükə yaratdığını bildirir.

İran isə raketlərin yalnız müdafiə məqsədilə istifadə olunduğunu deyir.

XS
SM
MD
LG