Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:25

Erdogan Trump-la savaşı uduzacaqmı


Donald Trump (solda) və Recep Tayyip Erdogan NATO sammitində, 11 iyul, 2018-ci il

Ankara keşiş Andrew Brunson-u ABŞ-da saxlanmış türkiyəli banker Hakan Atilla-ya dəyişməyə ümid edirmiş. Keşiş casusluqda suçlanır, Atilla isə İrana ABŞ sanksiyalarından yayınmaqda kömək göstərməkdə təqsirli bilinib. “The Washington Post” qəzetində Ishaan Tharoor yazır ki, ABŞ prezidenti Donald Trump administrasiyası Türkiyənin Brunson-dan siyasi girov kimi istifadə etməsindən qeyzlənib. Ötən həftə Türkiyə nümayəndə heyətinin Vaşinqtonda keçirdiyi yüksək səviyyəli görüş qəfil kəsilib, çünki amerikanlar keşişin dərhal azadlığa buraxılmasını tələb ediblər.

Trump-ın Türkiyədən alüminium və polada tarifləri artırması lirəni rekord səviyyədə ucuzlaşdırıb. Erdogan-sa xəbərdarlıq edib ki, Birləşmiş Ştatlar yanaşmasını dəyişməsə, Türkiyə “yeni dostlar və müttəfiqlər axtarmağa başlayacaq”.

PROBLEMİN HƏLLİ

“Amma bu mövqe Erdogana o qədər də populyar olmadığı Vaşinqtonda daha çox düşmən qazandıracaq. Konqres Türkiyəyə F-35 qırıcılarının satışını Brunson-un dərhal buraxılması ilə əlaqələndirir. Erdogan-ın ABŞ siyasətindəki tənqidçiləri onun avtoritarizminə nifrət edirlər. Trump da əvvəlki prezidentlərdən fərqli olaraq fikir ayrılığı yaşadığı keçmiş müttəfiqlərini qorxutmağa yaman həvəslidir”, – müəllif yazır.

Recep Tayyip Erdogan, arxiv fotosu
Recep Tayyip Erdogan, arxiv fotosu

“Adətən, Vaşinqton belə məqamlarda qlobal bazarları sakitləşdirməyə çalışır, ancaq Trump indi Ankaranı daha çox sıxır”, – “Wall Street Journal” yazır.

Bloomberg News-a müsahibəsində Atlantik Şurasının Yaxın Şərq üzrə eksperti Aaron Stein deyib ki, Erdogan durumu yanlış dəyərləndirib, “çünki güc balansı tamamilə Birləşmiş Ştatların xeyrinədir”.

Müəllif yazır ki, Erdogan-ın NATO tərəfdaşlığına istinad etməsi də mənasız səslənir, axı həm Erdogan-ın Avropayla münasibətləri keşməkeşlidir, həm də Trump alyansı daim tənqid edir.

“NATO-ya çox dəyər verməyən bir administrasiya, yaxud prezident üçün Türkiyənin NATO müttəfiqi kimi dəyəri azalıb”, – Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutundan Jacob Funk Kirkegaard Bloomberg News-a deyib.

Təhlilçilər problemin soyuq başla yoluna qoyulacağına ümid edirlər.

“Türkiyənin iqtisadi və hüquqi problemləri ortadadır və Birləşmiş Ştatların sanksiyalarının nəyəsə kömək edəcəyi real görünmür. Burada daha çox diplomatiya lazımdır, nəinki sanksiyalar”, – türkiyəli şərhçi Mustafa Akyol belə düşünür.

Amma Ishaan Tharoor yazır ki, indi məhsuldar diplomatiya qıtlığı yaranıb. Erdogan siyasəti əsasən milli əhval-ruhiyyəni qızışdırmağa əsaslanır. O, elə iyun seçkisini də millətçilərin dəstəyilə qazanıb.

“Hazırkı böhran Erdogan-ın tədbirsiz rəhbərliyinin nəticəsidir. Bunu yoluna qoymaq illər çəkəcək, bundan ötrü tamamilə yeni rəhbərlik və fərqli mentalitet lazım olacaq”, – Erdogan tənqidçisi, Vaşinqtondakı Demokratiyaların Müdafiə Fondunun aparıcı əməkdaşı Aykan Erdemir bu fikirdədir.

Arxiv fotosu
Arxiv fotosu

TÜRKİYƏ BU HALA NECƏ GƏLDİ

Türkiyənin İndoneziya kimi yetərincə böyük rezervləri yoxdur ki, işlər pisləşəndə iqtisadiyyatını xilas edə bilsin. Bunu isə CreditSights firmasından təhlilçi Richard Briggs CNBC televiziyasına deyib.

Digər tərəfdən, Türkiyədəki xarici valyutanın böyük qismi banklarda saxlanır və bu vəsaiti də müştərilər çıxara bilər.

Bu o deməkdir ki, Türkiyə valyutasının daha da ucuzlaşmasını önləməkdən ötrü onu almaq iqtidarında olmaya bilər. Durum pisləşərsə, ölkə borcunu maliyyələşdirməyə başqa yollar tapmalı olacaq. Bunlardan biri Beynəlxalq Valyuta Fondundan maliyyə yardımı almaqdır.

Bir çox təhlilçilərin fikrincə, Türkiyə mərkəzi bankına öz işinə görməyə imkan versəydilər, ölkə belə bu duruma düşməzdi.

İyulda inflyasiya 16 faiz, mərkəzi bankın 5 faizlik hədəfindən artıq olanda faiz dərəcələrini artırmaqla qiymət artımını önləmək olardı. Yüksək faiz dərəcəsi xarici investorları cəlb edir və onlar da Türkiyədə aktiv almaqdan ötrü lirədən istifadə edəcəkdilər. Di gəl, Erdogan artımın dəstəklənməsindən ötrü faiz dərəcələrinin aşağı qalmasına tərəfdar olduğunu bəyan etdi. Ekspertlərin yanaşmasına görə, prezidentin mərkəzi bank üzərindəki nüfuzu inevstorların inamını sarsıdıb.

Standard Chartered Bank-ın təmsilçisi Eric Robertsen-in fikrincə, Türkiyə faiz dərəcələrini artırmasa, iqtisadi problemlərini yoluna qoyması çətin olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG