Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:03

Rusiya dollardan imtina edə bilər


Moskva, 10 avqust, 2018-ci il
Moskva, 10 avqust, 2018-ci il

Rusiya ABŞ hökumət aktivlərinə investisiyanı azaldacaq və qlobal ödənişlərin dollarla olunmasını dayandıra bilər. Bu, Vaşinqtonun Moskvaya yeni sanksiyalarına cavab olaraq edilir.

Açıqlamanı Rusiyanın maliyyə naziri Anton Siluanov avqustun 12-də Rossiya-1 televiziyasına verib. O deyib ki, Rusiya “Amerika iqtisadiyyatına və Amerika istiqrazlarına sərmayəni minimuma endirib və onları azaltmaqda davam edəcək”.

O, beynəlxalq ödəmələrdə dollardan imtinanı da istisna etməyib, deyib ki, bu, “ödənişlər üçün riskli alətdir”.

Anton Siluanov
Anton Siluanov

Mart-may aylarında Rusiya ABŞ-ın dövlət istiqrazlarına yatırımların həcmini 81 milyard dollardan 15 milyard dollara qədər azaldıb.

Bəzi ekspertlər Rusiyanın addımım effektini elə də böyük saymırlar. Onlar Moskvanın ABŞ-ın dövlət borcundakı payının böyük olmadığını deyirlər. Müqayisə üçün, Çin 1,2 trilyon dollarlıq ABŞ istiqrazlarına malikdir.

ABŞ Dövlət Departamenti avqustun 8-də yeni sanksiyalar açıqlayıb, bu tədbirin rusiyalı casus Sergei Skripal və qızı Yulia-nın Britaniyada zəhərlənməsinə cavab olaraq görüldüyünü deyib.

Zəhərlənmədə əli olmadığını deyən Rusiya yeni sanksiyaları “tamamilə qəbuledilməz” adlandırıb, “əks-tədbirlər” hazırladığını bildirib.

ABŞ Dövlət Departamenti rəsmisinin bildirməsinə görə, avqustun 22-dən qüvvəyə minəcək sanksiyalar ABŞ-dan Rusiyaya həssas texnologiya və sənaye avadanlığının, elektronika, qaz turbin mühərriklərinin ixracını yasaqlayacaq. Belə məhsulların ixracına lisenziya verilməyəcək.

Sergei Skripal (solda) və qızı Yulia
Sergei Skripal (solda) və qızı Yulia

90 GÜN

Rusiyaya tələbləri yerinə yetirməsi üçün 90 gün vaxt verilib. Moskva kimyəvi, yaxud bioloji silahların olub-olmamasını yoxlamaqdan ötrü ölkəyə beynəlxalq müfəttişləri də buraxmalıdır.

Əməl eləməsə, sanksiyaların ikinci raundu zamanı Rusiyayla diplomatik münasibətlərin azaldılması nəzərdə tutulur.

Sanksiyalar elanı verilən kimi rus rublunun səviyyəsi son iki ildə ən aşağı həddə düşüb, bir dollar 68 rubla bərabərləşib.

Siluanov yeni sanksiyaların Rusiya banklarına təsir etməyəcəyini, onların ümumilikdə ürəkaçan olmasa da, faciəvi olmadığını da vurğulayıb.

“Faktiki olaraq, bu məhdudiyyətlər amerikalıların özlərinə təsir göstərəcək”, – o deyib.

Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra Birləşmiş Ştatlar və Avropa Birliyi Moskvaya bir sıra sanksiyalar tətbiq edib. Rusiyanın Ukraynanın şərqində separatçıları dəstəkləməsi və 2016-cı ildə ABŞ-da seçki kampaniyasına iddia olunan müdaxiləsi sanksiyaların gücləndirilməsinə səbəb olub.

Avqustun 2-də ABŞ senatorlar Rusiyaya “dağıdıcı sanksiyalar” paketini təklif ediblər. Ancaq bu sanksiyalar hələ yekunklaşdırılmayıb, ABŞ Konqresində taleyi də qeyri-müəyyən qalır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG