Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

'Plansız Bakı'-Media icmalı


Dollar
Dollar

Hakimiyyətin gənclərlə bağlı siyasəti, Bakının Baş planı ətrafında müzakirələr, dünyada və regionda gedən proseslərin Azərbaycanın milli valyutasına mümkün təsirləri medianın aparıcı mövzularındandır...

Deputat: «Süni ajiotaj yaradılmamalıdır»

Modern.az saytında «Manata təzyiq artacaq-Deputat aidiyyəti orqanları süni ajiotaj yaratmamağa çağırdı» sərlövhəli yazı oxumaq olar.

Müəllif ABŞ-ın İran və Türkiyə ilə indiki gərgin münasibətləri fonunda baş verən proseslərin Azərbaycan iqtisadiyyatına mümkün təsirlərini deputat Əli Məsimli ilə müzakirə edib.

Yazıda bildirir ki, ABŞ avqustun 7-dən İrana sanksiyalar tətbiq edib. Noyabr ayında daha sərt sanksiyaların tətbiq olunacağı gözlənir.

Deputat Ə.Məsimli isə öz növbəsində nefti sadəcə iqtisadiyyat yox, həm də geosiyasət adlandırıb. O, bu baxımdan son vaxtlar dünyada baş verən proseslərin neftin qiymətinə təsir edəcəyini gözləyir: «Hazırda baş verən ticarət müharibəsi şəraitində neftin qiymətinin artmasına və düşməsinə təsir edə bilən amillər bir-birinə qarışdığından, hansının üstünlük təşkil edəcəyini indidən demək çətindir».

Deputat vurğulayıb ki, baş verən hadisə və proseslər Azərbaycan iqtisadiyyatınin dünyaya daha çox inteqrasiya olunan hissəsinə təsir göstərəcək: «Məsələn, neftin qiymətinin qalxıb –enməsi Dövlət Neft Şirkətinin, Dövlət Neft Fondunun, dövlət büdcəsinin gəlirlərinə təsir edəcək. Neftin qiymətinin kəskin aşağı düşməsi, tədiyyə və xarici ticarət balansının indiki müsbət saldosuna, bu isə manata mənfi təsir göstərə bilər».

Ə.Məsimli bildirib ki, Azərbaycanın daha çox ticarət etdiyi ölkələrin milli valyutalarının dəyərdən düşməsi manata təzyiq yarada bilər: «Ona görə də aidiyyəti orqanlar son vaxtlar manatın məzənnəsinə müsbət və mənfi təsir göstərən amillərin təsir gücünün nisbətini incələyərkən bu amili ciddi şəkildə nəzərə almalı, valyuta dəyişdirilməsinə məhdudiyyət qoymaq və başqa üsullarla süni ajiotaj yaratmamalıdırlar».

Bakı
Bakı

Baş plansız Bakı

«Novoye Vremya» qəzetində «Bakıda sükansız tikintilər» sərlövhəli yazı yer alır.

Müəllif Bakının Baş planının hazırlanması fonunda paytaxtda qanunsuz tikililərlə mübarizə aparılması sahəsindəki durumu dəyərləndirir.

Yazıda bildirilir ki, görüləcək işlərlə bağlı Arxitektura və Şəhərsalma Komitəsinə 4 milyon manat vəsait ayrılıb. Komitə isə «Boston Consulting Group»unu baş planın hazırlanmasının ilkin mərhələsinə cəlb edib və bundan ötrü bu şirkətə 1 milyon 285 min avro vəsait ödəməlidir.

Yazıda vurğulanır ki, baş plan hazırlanan müddətdə bu sahədə qanunsuz tikintilərə yol verməmək məqsədilə komitə ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Müəllifin qeyd etməsinə görə, memorandum imzalandıqda komitə sədri Samir Nuriyev çıxışında iş adamlarına xəbərdarlıq da edib. «Rəsmi icazə olmadan, sənədləşmə aparılmadan tikintiyə başlamaq olmaz. Bəzən olur ki, tikinti işi hər hansı sənəd olmadan başlanır...»,- deyə yazıda S.Nuriyevdən sitat gətirilir.

Müəllif isə hesab edir ki, qanuni tikintilər sahəsində də problemlər var. O, bunu paytaxtın baş planının olmaması ilə izah edir: ««Qış bulvarı»nın salınması zamanı baş verənləri yada salmaq kifayətdir ki, vətəndaşların hansı qanunsuzluqlara məruz qaldıqları aydın olsun. Yaxud, indi «Sovetski» məhəlləsində irimiqyaslı tikini işləri aparılır. Amma yenə də şəhərin baş planı yoxdur».

Müəllifin fikrincə, Bakının Baş planı üzərində işləyəcək ekspertlər 20 ildir ki, tikinti işlərinə milyardlar xərclənən paytaxtda baş planın olmamasını təəccüblə qarşılayacaqlar.

Azərbaycan gənci hansı idealın arxasınca getməlidir?
Gözlə

No media source currently available

0:00 0:02:48 0:00

«Gələcəyin qarantı»

«Azərbaycan» qəzetində «Gənclər gələcəyin qarantıdır» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir: «Vaxtilə ümummilli lider Heydər Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğı, Azərbaycan dövləti üçün qoyub getdiyi irs bu gün onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar».

Yazıda vurğulanır ki, gənclərin fəaliyyətindən ötrü dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Gənclər müxtəlif sahələrdə istedad və bacarıqlarını layiqincə nümayiş etdirirlər: «Hazırda Azərbaycanda 300-dən artıq gənclər təşkilatı Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu da dövlət gənclər siyasətinin həyata keçirilməsində olduqca böyük rola malikdir».

Müəllif yazıda prezident İlham Əliyevin gənclər haqqında dediklərindən sitat da gətirir: «Gənclər əlbəttə ki, cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar. Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar. Bu, çox önəmlidir, gənclər gərək milli ruhda tərbiyə alsınlar, biz milli dəyərlərimizi hər şeydən üstün tutmalıyıq».

XS
SM
MD
LG