Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Avqust, bazar, Bakı vaxtı 13:16

Əfvlə azadlığa çıxan cəbhəçi vəfat edib


E.Fərəcov

Bu il mayın 24-də prezidentin verdiyi əfv fərmanı ilə azadlığa çıxan AXCP fəalı Elnur Fərəcov dünən, avqustun 9-da vəfat edib. Bu barədə AzadlıqRadiosuna mərhumun atası Hüseyn Fərəcov bildirib. Onun sözlərinə görə, E.Fərəcovun ölümünə səbəb xərçəng xəstəliyi olub: «Həbsdə yatdığı ilyarım müddətin 8 ayını Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasında, sonra da Binədəki xəstəxanada keçirdi. Bir neçə dəfə biopsi edərək xəstəliyini müəyyən etmək istəmişdilər, alınmamışdı. Nəhayət, onda ki, müəyyən etdilər, artıq gec idi. Xəstəxanada yatdığı müddətdə iki dəfə kimyəvi terapiya edildi, amma bunun səmərəsi olmadı».

H.Fərəcov deyib ki, həbsdən buraxıldıqdan sonra oğlunun müalicəsini davam etdirib: «Milli Onkologiya Mərkəzinə apardım. Müayinədən sonra həkimlər ağciyərlərinə su gəldiyini dedilər. Suyu çəkdilər, kimyəvi terapiya etdilər. Müəyyən qədər xeyri də oldu, bədəninin bəzi yerlərində şişlər çəkildi. Sonuncu dəfə 3-4 gün öncə apardım. Yenə də həkimlər bildirdilər ki, Elnurun ciyərlərinə su gəlib. Əvvəlcə, kimyəvi terapiya etmək istədilər, sonra isə həkim mənə müalicənin nəticə verməyəcəyini söylədi. Elə dünən də (avqustun 9-da) həmin xəstəlikdən dünyasını dəyişdi».

Xatırlatma

E.Fərəcov Cinayət Məcəlləsinin 234.2-ci (narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədilə qanunsuz əldə edilməsi, saxlanması, hazırlanması və göndərilməsi) maddəsi ilə təqsirli bilinib.

Cinayət işi 2016-cı ilin dekabrında açılıb. Müdafiə tərəfinin bildirməsinə görə, E.Fərəcov təxribatla üzləşib. «Bir nəfər Fərəcovla tanış olaraq, rayonda biznes qurmaq istədiyini deyib. O, Fərəcova onu işlə təmin etməyə söz verib. E.Fərəcov onunla razılaşıb və birlikdə çayxanaya gediblər. Bu zaman polis çayxananı mühasirəyə alıb və onun tanışının cibindən narkotik götürüblər. O isə narkotik vasitəni Fərəcovdan aldığını deyib. Bu şəxsi «istintaqa yardım» adı ilə məsuliyyətdən azad ediblər», - deyə E.Fərəcovun vəkili bir müddət öncə AzadlıqRadiosuna bildirmişdi.

Neftçala Rayon Məhkəməsi E.Fərəcovu 2017-ci ildə narkotik ittihamı ilə 3 il azadlıqdan məhrum edib.

E.Fərəcov bu ilin mayında prezidentin verdiyi əfv fərmanı ilə azadlığa çıxıb.

Hazırda AXCP-nin 10-dan çox üzvü həbsdədir. Partiya onların hamısına böhtan atıldığını, siyasi sifarişlə tutulduqlarını bəyan edib. Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG