Paytaxtın avtobus parkının təzələnməsi, bank sektorunda vəziyyət, mobil cihazların qeydiyyat rüsumlarının artırılması və başqa məsələlər medianın aparıcı mövzularındandır...
Bank sektorunda durum sabitləşirmi?
Musavat.com saytında «Bank sistemində durum sabitləşir, amma…» sərlövhəli yazı oxumaq olar.
Müəllif bank sistemindəki durumu ekspert Pərviz Heydərovla müzakirə edib.
Yazıda rəsmi mənbələrə istinadən bildirilir ki, bu ilin 6 ayı ərzində bank sistemində müştərilərə verilən kreditlər və əhalinin banklara yerləşdirdikləri əmanətlərdə artım baş verib. Amma bank zərərlərinin ödənməsindən ötrü ayrılan ehtiyat vəsaitlər azalıb.
Ekspert hesab edir ki, bütün bu göstəricilər müsbət meyldir, amma bank sisteminin düşdüyü ağır vəziyyətdən köklü şəkildə çıxmağın əlaməti sayılmaz: «Bank sektorunda köklü problemlər olduğu kimi qalır. Milli valyutada olan əmanətlərin həcminin artması, kreditləşmənin çoxalması kimi müsbət meyllər belə, əhalinin banklara olan inamının bərpa edildiyini deməyə əsas vermir. Qoyulan əmanətlərin həcminin artması heç də orta statistik vətəndaşa, orta təbəqəyə bağlı proses deyil».
P.Heydərov vurğulayıb ki, bankların çöküşü prosesi ardıcıl xarakter aldığı zaman vəsaitlər banklardan çəkilirdi. İndi bu proses müəyyən müddətdir dayanıb.
Ekspert deyib ki, bankların ən böyük problemi vaxtı ötmüş kreditlərdir: «Vaxtı keçmiş kreditlərin həcmi 2 milyard manata yaxındır. Onların ümumi kredit portfelində payı 14 faizdən yüksəkdir. Pis olan budur ki, problemli kreditlərin həcmi azalmır, əksinə, artım dinamikası var. Bu problemin olduğu müddətdə bank sektorundakı digər müsbət dinamikaları davamlı saymaq mümkün deyil».
P.Heydərov hesab edir ki, iqtisadiyyatın digər seqmentləri kimi bank sektoru da neftin qiymətindən asılıdır.
«Xarici rəqabətdən qorunmaq, yoxsa...»
Azadliq.info saytında «Rüsumların artırılmasının heç bir iqtisadi mənası yoxdur» sərlövhəli yazı yer alır.
Yazıda iqtisadçı-ekspert Məhəmməd Talıblının ölkəyə idxal olunan mobil telefon cihazlarının dövlət qeydiyyatına alınması ilə bağlı rüsumlarının artırılması barədə Nazirlər Kabinetinin bu il iyulun 31-də qəbul etdiyi qərarla bağlı düşüncələrinə yer verilib.
İqtisadçı hesab edir ki, bu qərarın hədəfində varlı təbəqə yox, orta statistik vətəndaşdır.
Müəllif vurğulayıb ki, bu qərarla bazar dəyəri 100 dollara qədər olan telefonlara 30, 701-1000 dollara qәdәr olan telefonlara 100 və 1001 dollardan yuxarı olan telefonlara isə 150 AZN rüsum alınacaq: «Bu zaman daha bahalı telefon alanlar daha az, daha ucuz telefon alanlar isə daha çox vəsait ödəmək məcburiyyətində qalacaq. Zəif istehlakçıdan və əksəriyyəti əhatə edən telefon alıcılarından daha çox yığım alınacaq, yüksək gəlirli alıcılardan isə daha az rüsum tutulacaq».
M.Talıblıya görə, rüsumların əsas məqsədi heç də dövlət büdcəsinə əlavə vəsait toplamaq deyil, həm də qazanmaqdır. Onun fikrincə, bunda məqsəd, eyni zamanda, iqtisadiyyatı tənzimləməkdir.
Amma iqtisadçı hesab edir ki, vergi, qeyri-vergi dərəcələri həmin malların özünün və ya əvəzedicilərinin ölkədə istehsal olunduğu zaman artırıla bilər: «Dövlət bununla daxili bazarı və milli istehsalçını xarici rəqabətdən qoruyur. İndiki halda Azərbaycan mobil telefon istehsal etmir, demək, onları xarici təzyiqdən qorumağa da ehtiyac da yoxdur...».
Yeni avtobuslar alınır
«Azərbaycan» qəzetində «Yeni avtobusların alınması bütün marşrut şəbəkəsi üzrə avtobuslar yenilənədək davam edəcək» sərlövhəli yazıda paytaxtın avtobus parkının təzələnməsi sahəsində fəaliyyət dəyərləndirilir.
Müəllif bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevlə söhbət edib.
M.Ağayev avtobus parkının yenilənməsi ilə bağlı dövlət başçısı İlham Əliyevin avqustun 8-də imzaladığı sərəncamı «dövlətin vətəndaşa olan xüsusi diqqət və qayğısının növbəti təzahürü» adlandırıb: «Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması üçün avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir».
M.Ağayev deyib ki, son 3 ildə orta- və iritutumlu 300-dən çox müasir avtobus alınaraq paytaxtın marşrutlarına buraxılıb və dövlət başçısının yeni sərəncamı avtobus parkının yenilənməsi ilə bağlı işləri daha da sürətləndirəcək.
Şöbə müdiri vurğulayıb ki, bu il iyunun 21-də avtobusların alınması ilə bağlı tender elan edilib. Onun deməsinə görə, tenderin nəticələrinə uyğun olaraq, sərnişinlərin rahatlığı və təhlükəsizliyi baxımından müəyyən edilən tələblərə cavab verən müasir, komfortlu avtobusların alınaraq paytaxta gətirilməsi təmin ediləcək.
M.Ağayev daha sonra da deyib: «Bir avtobusun idarə edilməsi üçün iki nəfər sürücüyə ehtiyac olduğunu nəzərə alsaq, dövlət başçısının müvafiq sərəncamı yeni iş yerlərinin açılması baxımından da olduqca mühüm əhəmiyyət kəsb edir...».
İyulun 30-da Tarif Şurası avtobus və metroda gediş haqlarını 50 faiz bahalaşdırıb.
Dövlət başçısı İ.Əliyevin avqustun 8-də imzaladığı sərəncamla isə paytaxtın avtobus parkının yenilənməsinə 28 milyon manat vəsait ayrılıb.