Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

Rusiya Türkiyəni öz tərəfinə necə çəkir


Akkuyunun tikildiyi ərazi
Akkuyunun tikildiyi ərazi

İyun Türkiyə-Rusiya meqalayihəsi və Türkiyənin birinci nüvə reaktoru olan Akkuyu Nüvə Enerjisi Zavodunun idarə heyəti üçün ağır keçib. İyunun 19-da Rusiya hakimiyyəti Akkuyunun idarə heyətinin keçmiş üzvü və Moskvadakı Inter RAO-nun rəsmisi Karina Tsurkan-ı casusluq ittihamıyla saxlayıb. İki gün sonra, iyunun 21-də türkiyəli jurnalist “Panama Sənədləri”ni yaymış hüquq firmasına əsasən 15 milyon dollarlıq sövdələşməni ifşa edib. Bu, türkiyəli tikinti maqnatı Mehmet Cengiz-lə Britaniyanın Vircin adalarında yerləşən konsaltinq firması arasında maraqlar toqquşmasının ifşası idi.

Konsaltinq şirkətinin rəhbəri, əslən Azərbaycandan olan rusiyalı Fuad Axundov vaxtilə Akkuyunun rəhbəri, bu ilin fevralınadək isə idarə heyətinin üzvü olub. Cengiz ötən il Akkuyuda idarəetmə səhmləri əldə etmək istəməyib, alınmayıb.

“National Interest” dərgisində Aykan Erdemir və John Lechner yazırlar ki, Rusiyayla Qərb arasında gərginlik artdıqca, Moskvanın Türkiyənin nazını çəkməsi Atlantik okeanının hər iki tərəfində narahatlıq yaradıb.

70 FAİZ RUSİYAYA MÜSBƏT BAXIR

İyulun 8-də ABŞ-ın NATO-dakı səfiri Kay Bailey Hutchison deyib ki, Rusiya Ankaraya S-400 havadan müdafiə sistemləri satmaqla və enerji razılaşmaları ilə Türkiyəni öz tərəfinə çəkmək istəyir.

Recep Tayyip Erdogan (sağda) Ankarada rusiyalı həmkarı Vladimir Putin-lə görüşdə, 3 aprel, 2018-ci il
Recep Tayyip Erdogan (sağda) Ankarada rusiyalı həmkarı Vladimir Putin-lə görüşdə, 3 aprel, 2018-ci il

Müəlliflərin fikrincə, Akkkuyunun idarə heyətindəki qalmaqal Rusiyanın Türkiyə prezidenti Recep Tayyip Erdoganı necə “qarmağa keçirməyə” çalışdığını üzə çıxarır. Prezident və müşavirləri yerli özəl sektor vasitəsilə ələ alınır.

Moskva iqtisadi resurslar və Rusiya şirkətlərinin əliylə hədəf ölkədə hakimiyyətin dayaqlarına təsirini göstərir, çox vaxt həmin ölkənin Rusiya enerjisindən dövlət səviyyəsində asılılığını təmin edir, yaxud da bu asılılığı gücləndirir. Akkuyunun sahibi Rusiyanın Rosatom şirkətidir.

Son iki əsrdə Rusiyayla bir çox müharibələr aparmış Türkiyədə ictimaiyyətin Rusiyaya inamsız yanaşdığını gözləmək olardı. Ancaq 2017-ci ildə keçirilmiş sorğu Türkiyə vətəndaşlarının 70 faizinin Rusiyayla siyasi, iqtisadi və təhlükəsizlik alyansına müsbət yanaşdığını ortaya qoyub.

Akkuyu Erdogan-ın sevimli layihələrindən sayılır, türk-rus münasibətlərində əsas inamyaradacı faktor kimi vurğulanır. 20 milyardlıq layihə Türkiyənin ilk nüvə reaktoru olacaq, ölkənin enerji ehtiyaclarının 10 faizini ödəyəcək.

Rosatom nüvə enerjisi şirkəti Akkuyu səhmlərinin 51 faizi əvəzində onu maliyyələşdirir. Amma tənqidçilərin fikrincə, Türkiyə enerji ehtiyaclarını diversifikasiya etməlidir, Rusiyadan asılılığı artırmamalıdır. Türkiyəyə təbii qazın əsas təchizatçısı Rusiyadır, neft təchizində isə üçüncü yerdədir.

ERDOGANA ÇIXIŞ

“Akkuyu layihəsinin həssaslığı səbəbindən idarə heyəti üzvlərini Rusiya hökuməti təsdiqləməliydi. Təxmin edə bilərik ki, Moskva bu iqtisadi layihənin siyasi təsirini anlayan şəxslərin idarə heyətində olmasını istəyib”, – məqalədə vurğulanır.

İxtisasca vəkil olan Karina Tsurkan-ın Dubossarskaya GES-ə informasiya ötürdüyü bildirilir. Bu, 1992-cı ildə Moldovadan ayrılmış Dnestryanı Moldova Respublikasında enerji şirkətidir. Rusiyanın Inter RAO elektrik şirkəti isə 2005-ci ildə Dubossarskaya GES-i alıb. Dubossarskaya GES hələ də Moldovanın elektrik ehtiyaclarının 70 faizini ödəyir və bu da Dnestyanlya Kişinau üzərində ciddi təsir rıçağı vermiş olur. Inter RAO Moldova bazarına girərkən Tsurkan-ı işə götürüb, həbsindən 9 gün sonra işdən çıxarılıb. Tsurkan-ın Krımda da çalışdığı bildirilir.

Onu Akkuyunun idarə heyətində Erdoganın keçmiş müşaviri Hasan Cuneyd Zapsu əvəzləyib. Həm Zapsu, həm də Cengiz Erdogana yaxın sayılır. “Hər ikisi Moskvaya Türkiyənin bir nömrəli şəxsinə çıxış imkanı yaratmış olur”, – müəlliflər yazırlar.

“Akkuyu həm Türkiyənin Rusiyadan enerji asılılığını artırır, həm də Erdogan-ın yaxın çevrəsini Moskvanın cibinə qoyur, yəni, Kreml bir daşla iki quş vurmuş olur. Türkiyənin Rusiyadan S-400 raket kompleksləri almasına görə Vaşinqtonda Ankaraya sanksiya tətbiq etmək çağırışları güclənir. Belə bir məqamda təsir rıçaqları əvəzolunmazdır”, – məqalədə deyilir.

XS
SM
MD
LG