Rusiyalı əməliyyatçılar ABŞ-ın ən böyük ştatlarının birində seçki sisteminə giriblər və sistemlər yetərincə qorunmasa, noyabr seçkisi öncəsi seçicilərin qeydiyyat sənədlərini poza bilərlər. Xəbərdarlığı Florida ştatının senatorları edib.
“Onlar artıq bəzi dairələrə nüfuz edə biliblər və hazırda oralarda sərbəst dolaşa bilərlər”, – senator Bill Nelson avqustun 8-də “Tampa Bay Times” qəzetinə deyib.
“Senatın kəşfiyyat komitəsinin sədri və sədr müavini bizdən xahiş etdi ki, Floridanın seçki rəsmilərinə rusiyalıların onların sənədləri içində dolaşdığını bildirək”, – Nelson vurğulayıb.
Cənubda yerləşən Florida təkcə sıx məskunlaşmış ştat deyil. Bu ştat, adətən, seçkilərdə “tərəddüd” edir, son anadək seçkinin nəticəsini proqnozlaşdırmaq çətin olur.
67 DAİRƏYƏ MƏKTUB GÖNDƏRİLİB
Qəzet yazır ki, demokrat Nelson və Floridadan digər senator, respublikaçı Marco Rubio ötən ay ştatın 67 dairəsinin seçki rəsmilərinə məktub göndərərək Rusiya təhdidi barədə xəbərdarlıq ediblər.
Ancaq ştatda seçkilərə nəzarət edən departamentin avqustun 8-də bildirməsinə görə, Nelsondan, federal, yaxud dövlət agentliklərindən Rusiyanın sənədlərə nüfuz etməsi iddialarına dair “heç bir informasiya” almayıblar.
“Senator Nelsonda seçkilərmizə təhdidlə bağlı spesifik informasiya varsa, bunu Floridanın seçki rəsmilərilə paylaşmalıdır”, – Florida ştat departamentinin sözçüsü Sarah Revell deyib. Onun sözlərinə görə, ştat və yerli rəsmilərə ştatın seçki sisteminin təhlükəsizliyinin gücləndirilməsi üçün vəsait ayrılıb.
Nelsonun Times-a deməsinə görə, “təhlükə realdır və seçki rəsmilərimiz, bütün səviyyələrdə zəif yerlərlə bağlı problemləri həll etməlidir”.
“Seçki günü yarana biləcək qarışıqlığı təsəvvür edə bilərsiniz – seçicilər səsvermə məntəqəsinə gedir və daha qeydiyyatda olmadıqlarını öyrənirlər”, – deyən senator “rusiyalıların məhz belə bir qarışıqlıq yaratmaq istədiyini” vurğulayıb.
“YENİ TƏHDİD GÖRMƏMİŞİK”
Daxili Təhlükəsizlik Departamentinin sözçüsü Sara Sendek avqustun 8-də verdiyi bəyanatda deyir: “Senator Nelsonun son bəyanatlarından xəbərimiz var. Seçki infrastrukturuna rusiyalı oyunçular tərəfindən hər hansı yeni təhdid görməmişik”.
Senatın kəşfiyyat komitəsinin sədr müavini, demokrat Mark Warner isə deyib ki, Florida və ABŞ-ın digər ştatları Rusiyanın müdaxilə təhdidinə “ciddi” yanaşmalıdırlar.
“Rusiyanın fəaliyyəti seçkilərimizin təhlükəsizliyinə hədə yaratmaqdadır, senatorlar Nelson və Rubio bunu düzgün olaraq vurğulayırlar”, – Warner deyib.
ABŞ kəşfiyyat agentlikləri rusiyalı əməliyyatçıların 2016-cı il prezident seçkisinə yönəlik haker hücumları, sosial mediada dezinformasiya kampaniyası aparması qənaətinə gəliblər. Məqsəd seçkinin nəticəsini prezident Donald Trump-ın xeyrinə dəyişmək imiş.
2016-cı ildə seçkinin nəticəsinin dəyişdirildiyinə dəlil tapılmayıb. Amma kəşfiyyat agentlikləri xəbərdarlıq ediblər ki, rusiyalı agentlər o vaxtdan bu səyləri davam etdirirlər, indi də 6 noyabr konqres seçkisini hədəfə alırlar.