Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

'Qiymətlərin yüksəlməsi işsizləri artıra bilər'-Media icmalı


Pulqabı
Pulqabı

Ölkədə işsizliyin aradan qaldırılmasından ötrü görülən işlər, manatın gələcək taleyi, bəzi tarif, rüsum və yığımların artırılmasının mümkün təsirləri medianın aparıcı mövzularındandır...

Artan tariflər və rüsumlar...

«Novoye Vremya» qəzetində «Qiymət dalınca qaçmaq lazım deyil, iş tapmaq olmur» sərlövhəli yazı oxumaq olar.

Müəllif ölkədə bir çox istiqamətlər üzrə tariflərin, dövlət rüsum və yığımların artmasını, bunun mümkün nəticələrini müzakirəyə çıxarıb.

Yazıda bildirilir ki, bu ilin iyun ayında Azərbaycan dövlət büdcəsinə dəyişikliklər edilib. Orada dövlət büdcəsinə daxil olan rüsumların həcminin artırılması diqqət çəkib.

Müəllif xatırladıb ki, ilk növbədə əmlak və avtomobıllərin qeydiyyatı üzrə rüsumlar artırılıb: «Əvvəl əmlak başqasının mülkiyyətinə verildikdə buna görə rüsum Bakıda 200 manat, başqa şəhər və rayonlarda 80 manat idi. İndi Bakı üzrə 250 manat, Sumqayıt, Gəncə, Abşeron üzrə 175 manat, digərləri üzrə isə 125 manatdır. Başqa sözlə, bu sahədə rüsumlar 25 faizdən 118 faizə kimi artıb».

Yazıda bildirilir ki, avtomobillərin qeydiyyatı ilə də bağlı rüsumlar artırılıb.

Müəllif, eyni zamanda, tütün və alkoqollu içkilər üzrə aksiz markalarının, ölkəyə gətirilən mobil cihazların qeydiyyat rüsumlarının, ictimai nəqliyyatda gediş haqlarının artırılmasına da toxunur.

Müəllif xatırladıb ki, mobil cihazlarla bağlı qeydiyyat rüsumları 4 dəfədən 30 dəfəyə kimi (20 manatdan 150 manata kimi) artırılıb.

Yazıda vurğulanır ki, rüsum və tariflərin artırılması bəzi iş yerlərinin bağlanmasına səbəb ola bilər.

Müəllif hesab edir ki, işsizlərin sayını artıran hökumətin olduqca qəribə hədəfi var...

Dollar
Dollar

Kommersiya banklarında dollar cüzi bahalaşıb

Marja.az saytında «Manat yenidən spekulyativ təzyiqlə qarşı-qarşıyadır» sərlövhəli yazı yer alır.

Müəllif Azərbaycanın əsas ticarət tərəfdaşları olan Türkiyə, İran, Rusiya valyutalarının kəskin ucuzlaşmasının manata mümkün təsirlərini təhlil edib. Onun fikrincə, bu təzyiq, hələlik, güclü deyil.

Yazıda vurğulanır ki, bir neçə gün öncə Mərkəzi Bankın sədri Elman Rüstəmov da bu məsələyə toxunub: «Risklərdən xüsusilə xarici riskləri qeyd etmək istəyirəm. Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə çox ciddi məzənnə və inflyasiya volatilliyi (dəyişkənliyi) görürük. Azərbaycana idxalın ciddi arta biləcəyi potensialını (riskini) görürük. Bunlar Azərbaycanın rəqabət qabiliyyətini poza bilər. Ölkəmizin rəqabət qabiliyyətinin qorunması, qeyri-neft sektorunun ixracının artırılması üzrə görülən tədbirlərin effektivliyini qoruyub saxlamaq üçün müəyyən qabaqlayıcı tədbirlər görülməlidir».

Yazıda bildirilir ki, Azərbaycanda bankların bir neçə günlük valyuta məzənnələrinin müqayisəsi də dolların manata nisbətdə, cüzi də olsa, bahalaşdığını göstərir: «Məsələn, bir neçə gün öncə dolları 1.6980 manata alan banklar alış qiymətini 1.70 manata, satış qiymətini isə 1.7010 manatdan 1.7020-1.7030 manata qaldırıblar».

Müəllif rəsmi rəqəmlərə istinadən bildirir ki, Dövlət Neft Fondu 2018-ci ildə valyuta satışını artırıb. Yazıda vurğulanır ki, iyul ayında 536.6 milyon dollar satılıb. Halbuki, iyun ayında bu, 439 milyon dollar təşkil edib.

Müəllif hesab edir ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarının ucuzlaşması, manatın məzənnəsinin sabit qalması ixracdan ötrü əlverişli deyil: «Bu halda həm xarici bazarlarda Azərbaycanın ixrac qabiliyyəti azalır, həm də ölkəyə xarici məhsulların idxalı artır».

Əmək yarmarkası
Əmək yarmarkası

«Məşğulluğun təmin edilməsi...»

«Azərbaycan» qəzetində «Məşğulluğun təmin edilməsi alıcılıq qabiliyyətini də artırır» sərlövhəli yazıda ölkədə yeni iş yerlərinin yaradılmasından bəhs edilir.

Müəllif yazıb ki, əhalinin sosial müdafiəsinin təmin olunması dövlətin iqtisadi siyasətinin hədəflərindən biridir, iqtisadi inkişaf isə yeni iş yerlərinin açılmasına imkan yaradır: «Həmin məqsədə çatmaq üçün özəl sektora 2 milyard manatdan çox güzəştli kredit verilib. Nəticədə ölkənin iri şəhərlərində, eləcə də regionlarda minlərlə kiçik, orta və iri müəssisələr fəaliyyət göstərir. Bunun nəticəsidir ki, ölkəmizdə işsizlik 5, yoxsulluq 5.4 faiz səviyyəsindədir. Hazırda bu, dünya üzrə yüksək göstərici sayılır».

Müəllif özünüməşğulluq proqramının əhalinin işlə təminatında roluna toxunub. Yazıda daha sonra Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı İlham Əliyevin çıxışandan sitat gətirilir: «Özünüməşğulluq proqramını icra etmək üçün indi kifayət qədər vəsait var. Hesab edirəm ki, hər il 6-7 min insan bu proqrama cəlb olunarsa, bir neçə ildən sonra heç sosial yardıma ehtiyac qalmayacaq və insanlar öz halal zəhmətləri ilə pul qazanacaqlar».

Müəllif ölkədə qeyri-formal məşğulluğun da mövcudluğunu gündəmə gətirərək bunun aradan qaldırılmasını da vacib sayır: «Çünki qeyri-formal məşğulluq nəticədə ciddi sosial problemlər yaradır. Ona görə ki, uzun illər bu qayda ilə çalışan insanlar yaşlaşdıqda layiq olduqları pensiya ala bilmirlər. Üstəlik, sahibkarlar bu yolla dövlətə vergi, Sosial Müdafiə Fonduna vəsait ödəməkdən yayınırlar».

XS
SM
MD
LG