Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

Deutsche Welle-nin Belarus müxbiri də saxlanıb


İllüstrativ foto
İllüstrativ foto

Almaniyanın Deutsche Welle beynəlxalq yayımçısının Belarus müxbiri saxlanıb. O, BelTA dövlət xəbər agentliyindən informasiyanı qanunsuz əldə etməkdə şübhəli bilinir.

Son günlər Belarus hakimiyyətinin müstəqil mediaya təzyiqləri artırdığı görünür. Saxlananlar əsasən prezident Alyaksandr Lukashenka və hökumətini tənqid edən media orqanlarının təmsilçiləridir.

Paulyuk Bykouski-nin həyat yoldaşı Volha Bykouskaya avqustun 8-də axşam bildirib ki, ərini İstintaq Komitəsinin əməkdaşları aparıb, onun kompüterlərini və kredit kartlarını da müsadirə ediblər.

İstintaq Komitəsinin avqustun 8-də yaydığı bəyanata görə, həmin gün BelTA işilə əlaqədar Alyaksey Zhukau adlı jurnalist də saxlanıb. O, “Belaruslar və Bazar” vebsaytının redaktorudur.

“HAMIMIZI QORXUTMAQ CƏHDİDİR”

Deutsche Welle avqustun 8-də bildirib ki, Belarusun Berlindəki səfiri Dzyanis Sidarenka-ya etiraz notası verərək Bykouski-nin dərhal buraxılmasını tələb edib. Beynəlxalq yayımçı hüququn aliliyinin akkreditədən keçmiş jurnalistlərə də aid olmalı olduğunu vurğulayıb.

Roger Wicker
Roger Wicker

ABŞ-ın Helsinki Komissiyasının sədri Roger Wicker avqustun 9-dakı bəyanatında jurnalistlərin saxlanmasını pisləyib, Belarus hakimiyyətini onları dərhal azadlığa buraxmağa çağırıb.

“...Belarus prezidenti Alyaksandr Lukashenka-nın müstəqil media orqanlarını qəsdən hədəfə alması bütövlükdə ölkə əhalisinin hüquqlarına ziddir. Belarus hakimiyyəti saxladığı jurnalistləri buraxmalı, həyatlarını həqiqətin üzə çıxarılmasına və həqiqətin paylaşılmasına həsr edənlərin qısnanmasına son verməlidir”, – Wicker bəyanatında deyib.

“Bu, hamımızı qorxutmaq cəhdidir”, – belaruslu Nobel mükafatı laureatı Svetlana Alexievich AzadlıqRadiosu-na deyib.

“Bu, bir sınaqdır: biz vətəndaş müqaviməti göstərməyə qadir bir cəmiyyətikmi”, – o, sözlərinə əlavə edib.

Svetlana Alexievich Belarusda kitabının təqdimatında
Svetlana Alexievich Belarusda kitabının təqdimatında

***

Bu gün – avqustun 8-də Belarusda jurnalistlərin dindirilmək məqsədilə saxlandığı xəbər verilir. Onların BelTA dövlət xəbər agentliyindən informasiyanı qanunsuz yolla əldə etdiyi bildirilir, amma görünən odur ki, hakimiyyət müstəqil mediaya təzyiqi davam etdirir.

Realt.by vebsaytının əməkdaşları AzadlıqRadiosu-na deyiblər ki, baş redaktorları Uladzislau Kuletski, jurnalistlər Ihar Khmara, Maryya Saroka və Alena Maslouskaya İstintaq Komitəsi tərəfindən dindirilmək üçün saxlanıblar. Polis onların kompüterlərini də müsadirə edib.

Həmin dörd jurnalistə BelTA işilə əlaqədar dindiriləcəklərini deyiblər.

Prezident Alexander Lukashenko-nun fotoları BelTA-nın arxivində
Prezident Alexander Lukashenko-nun fotoları BelTA-nın arxivində

Selska Haspadarka jurnalının keçmiş əməkdaşı Alyaksey Zhukau həyat yoldaşı Aryna Semychkina ilə birlikdə avqustun 8-də saxlanıb. Onların saxlanma səbəbi bəlli deyil.

Polis bu gün Deutsche Welle radiostansiyasının Minskdəki müxbiri Paulyuk Bykouski-yə də “baş çəkib”. Jurnalistin AzadlıqRadiosu-na deməsinə görə, polis bunun BelTA işilə bağlı olduğunu deyib. Bykouski polis əməkdaşlarına deyib ki, illərdir BelTA-nın informasiyasından istifadə etmir, bundan sonra onlar gediblər.

***

Belarusda avqustun 7-də iki müstəqil media orqanında polis reydindən sonra saxlanmış beş qadın jurnalist hələ də buraxılmayıb.

Polis Tut.by və BelaPAN portallarının əməkdaşlarının BelTA dövlət xəbər agentliyindən informasiyanı qanunsuz əldə etdiyini bildirir.

Saxlanan jurnalistlər Tut.by-nin əməkdaşları Maryna Zolatava, Hanna Kaltyhina, Halina Ulasik və Hanna Yermachonak, bir də BelaPAN-dan Tatsyana Karavyankova-dır.

Avqustun 7-də jurnalistlərin vəkillərinə onlarla görüşə icazə verilməyib.

Avropa Şurası avqustun 7-də bu reyd və saxlamalarda “dərin narahatlığ”ını bildirib.

Reyd aparılan media orqanları prezident Alyaksandr Lukashenka və hökumətinə tənqidi yanaşması ilə fərqlənir.

Sərhədsiz Reportyorlar təşkilatı Belarus hakimiyyətini “tənqidçi jurnalistlərin təqibi”ni dayandırmağa çağırıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG