Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 04:53

Daimler də İrandan gedir


Daimler-in yük maşınları
Daimler-in yük maşınları

Almaniyanın avtomobil nəhəngi olan Daimler İranda fəaliyyətini dayandırıb. Bundan cəmi bir neçə saat öncə ABŞ prezidenti Donald Trump elan edib ki, İranda fəaliyyət göstərən istənilən şirkətin Birləşmiş Ştatlar bazarına girməsini önləyəcək.

“Sanksiyalara uyğun olaraq İranda onsuz da məhdud fəaliyyətimizi dayandırmışıq”, – Daimler-in sözçüsü avqustun 7-də deyib.

Daimler İranda bəzi planlar qururdu, iki yerli şirkətlə birlikdə Mercedes-Benz yük maşınları yığmağı planlaşdırırdı.

Aİ-NİN SƏYLƏRİNƏ ZƏRBƏ

Şirkətin Trump-ın hədələrinə qulaq verərək İrandan çıxmaq qərarı Avropa İttifaqı liderlərinə də zərbə sayıla bilər. Belə ki, Aİ İranla biznes əlaqələrini saxlamaq, 2015-ci il nüvə sazişinə əməl etmək vədi vermişdi.

Trump mayda nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunacağını bəyan edib.

Di gəl, Aİ-nin səylərinə baxmayaraq, Daimler də nəhəng Avropa korporasiyalarına qoşularaq İrandan çıxmaq qərarı verib.

John Bolton
John Bolton

Fransanın Total neft şirkəti, PSA və Renault avtomobil şirkətləri bundan öncə oxşar qərar açıqlamışdılar. Avropanın Airbus şirkəti isə İrana təyyarə göndərişlərini dayandırdığını bildirib.

“İranla iş görən heç kəs Birləşmiş Ştatlarla İŞLƏMƏYƏCƏK”, – Trump avqustun 7-də tvitində yazıb.

Avqustun 7-də açıqlanmış ilk sanksiyalar İranın avtomatika, təyyarə almasını, fars xalçalarını və digər sektorları hədəfləyib.

“SANKSİYALAR İŞLƏYİR”

Ağ evin milli təhlükəsizlik müşaviri John Bolton avqustun 7-də Fox News-a deyib ki, Avropanın böyük şirkətlərinin İrandan çıxması ABŞ sanksiyalarının artıq işlədiyini göstərir.

“Avropa hökumətləri hələ də nüvə sazişinə əməl edirlər, ancaq şirkətləri bacardıqları qədər sürətlə oradan çıxır və bu da Amerika sanksiyalarının effektini göstərir”, – o deyib.

Daimler İranın nüvə proqramına görə illərlə qüvvədə olan sanksiyalardan sonra bu ölkəyə qayıdan ilk böyük Avropa şirkətlərindən olub. 2016-cı ildə İranın Khodro Diesel (IKD) və Mammut Group şirkətləri ilə birlikdə Mercedes yük maşınları istehsal edərək satmaq barədə niyyət məktubu imzalayıb.

Daimler avqustun 7-də bildirib ki, İranda yük maşınlarının hazırlanmasına və satışına başlamayıb, orada avtomobil də satmır.

“Siyasi prosesləri, özəlliklə də nüvə sazişinin gələcəyimi diqqətlə monitorinq edirik”, – Daimler bildirib.

PSA İranla 700 milyon avroluq istehsal sazişləri imzalamışdı, Renault isə elan etmişdi ki, istehsal gücünü ildə 350 min avtomobilə çatdırmaq üçün yeni zavod tikintisinə investisiya qoyacaq.

Sanksiyalara görə hər iki şirkət həmin layihələrin dayandırıldığını bildirib.

Total isə Cənubi Pars qaz yatağı üzrə bir neçə milyard dollarlıq layihəni dayandırıb.

XS
SM
MD
LG