Keçid linkləri

2025, 20 İyun, Cümə, Bakı vaxtı 17:09

'İndiki Nazirlər Kabineti sələflərinin yolunu gedəcəkdisə...'-Media icmalı


Baş nazir Novruz Məmmədov
Baş nazir Novruz Məmmədov

Dövlət başçısı İlham Əliyevin xarici səfərləri, gömrük yığımlarının artırılması, Azərbaycanın ticarət tərəfdaşlarının mili valyutalarının ucuzlaşmasının mümkün təsirləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«İslahatların aparılacağına ümidlər doğrulmadı»

«Novoye Vremya» qəzetində «İslahatlar yığımların artırılmasına dəyişdirilir» sərlövhəli yazı oxumaq olar.

Yazıda Nazirlər Kabinetinin ölkəyə idxal edilən bəzi məhsulların qeydiyyat rüsumlarının və gömrük yığımlarının artırılması ilə bağlı qərarları müzakirəyə çıxarılıb.

Müəllif vurğulayıb ki, bu il sentyabrın 6-dan qüvvəyə minəcək yeni qərarla gömrük dəyəri 1000 manata qədər olan mala görə yığım haqqı 10 manatdan 15 manata, 1000 manatdan yuxarı, 10000 manata qədər olanlara görə isə 50 manatdan 60 manata qaldırılır. Habelə, 10 min manatdan 50 min manata qədər olan əmtəəyə görə 120 manat (indiki halda hu haqq 100 manat təşkil edir), 100000 manatdan yuxarı və 500000 manatadək olduqda isə 300 manat (hazırda 100000 manatdan yuxarı olduqda 275 manatdır) ödənilməsi lazım gələcək.

Yazıda qeyd edilir ki, malın gömrük dəyəri 1 milyon manatdan yuxarı olduqda isə 1000 manat yığım haqqı müəyyən edilir (indiyə qədər malın dəyəri milyon manatdan yuxarı olduqda vahid 275 manatlıq yığım tarifi var idi).

Qərarı narazılıqla qarşılayan müəllif baş verənləri hökumətin səmərəli fəaliyyət göstərə bilməməsi kimi dəyərləndirir: «Təəssüf ki, Nazirlər Kabineti islahatları hər növ rüsum, ərzaq və xidmətlərin bahalaşdırılması üzərinə cəmləyib. Belə alınır ki, əhalinin yeni hökumətin islahatlar aparacağı ümidi özünü doğrultmayıb. O zaman aydın olmur ki, əgər indiki Nazirlər Kabineti sələflərinin yolunu gedəcəkdisə, onun tərkibini dəyişdirməyin nə mənası var idi?».

Dollar/Manat
Dollar/Manat

Azərbaycanda dollara tələbat artıb

Strateq.az saytında «Azərbaycanda dollara tələbat kəskin şəkildə artıb–manatı nə gözləyir?» sualı gündəmə daşınır.

Sayt Azərbaycanın əsas ticarət tərəfdaşlarından Rusiyada, İranda və Türkiyədə dolların bahalaşması fonunda bu prosesin mümkün təsirləri barədə iqtisadçı-ekspert Vüqar Bayramovun düşüncələrinə yer verib.

Yazıda bildirilir ki, hazırda Türkiyədə 1 dolların 5 lirəni arxada qoyub, İranda dollar panikası yaşanır və avronun da nisbətən ucuzlaşması baş verir.

İqtisadçı V.Bayramov rəsmi mənbələrə istinadən deyib ki, Azərbaycan Dövlət Neft Fondu bu ilin iyul ayında 536.6 milyon dollar məbləğində satış edib. İyun ayında isə 439 milyon dollar satılıb. Bu ötən ay valyuta satışının 22 faiz artımı deməkdir.

V.Bayramov vurğulayıb ki, 2018-ci ilin 7 ayı ərzində Fond 3 milyard 511.1 milyon dollar satıb: «Ötən ilin eyni dövründə bu rəqəm 1 milyard 940 min manat idi. Yəni, bu ilin 7 ayında Neft Fondu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 1.8 dəfə çox dollar satıb».

V.Bayramova görə, idxalın artması fonunda avqust ayında da dollara tələbin yüksək olacağı gözlənilir.

Ekspert vurğulayıb ki, bütövlükdə, manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olsa da, neftin qiyməti və ticarət tərəfdaşlarının vəziyyəti də proseslərə təsir edir: «Bu baxımdan, Rusiyadakı iqtisadi vəziyyətin necə dəyişməsi bizim valyuta bazarımız üçün az təsirli deyil. Türkiyə isə qeyri-neft ixracatımızın 26, ümumu ticarət dövriyyəmizin isə 13 faizini formalaşdırır. Amma rubl ilə müqayisədə Mərkəzi Bankın lirənin manata təsirlərini marjinallaşdırmaq imkanları daha genişdir...».

V.Putin, H.Ruhani və İ.Əliyev
V.Putin, H.Ruhani və İ.Əliyev

«Beynəlxalq münasibətlərdə fəal»

«Azərbaycan» qəzetində «Azərbaycan beynəlxalq münasibətlərin fəal aktyoruna çevrilib» sərlövhəli yazıda dövlət başçısı İlham Əliyevin xarici səfərləri dəyərləndirilib.

Müəllif yazıb ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan çoxşaxəli xarici siyasət həyata keçirir və dövlətlərin suverenliyi, ərazi bütövlüyü, daxili işlərinə qarışmamaq bu siyasətin əsas prinsiplərdir: «Azərbaycanın dünya siyasətində əsas söz sahibi olan bütün ölkələrlə, eləcə də beynəlxalq təşkilatlarla əlaqələrini daha da inkişaf etdirməsi, sülh, sabitlik və iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi artıq bir reallıqdır. Bütün bunlar Azərbaycanın xarici siyasətinin kifayət qədər geniş, düşünülmüş və çoxşaxəli olduğunu göstərir».

Yazıda qeyd edilir ki, milli və dövlətçilik maraqlarına cavab verən xarici siyasət strategiyasının əsas istiqamətlərini keçmiş prezident Heydər Əliyev müəyyən edib: «Dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək, milli təhlükəsizlik, dövlətçilik maraqlarını təmin etmək və bunu beynəlxalq təhlükəsizlik sistemi ilə bağlamaq bu kursun əsas vəzifəsidir».

Müəllif hesab edir ki, prezident İ.Əliyevin də həyata keçirdiyi müstəqil xarici siyasət məhz bu əsaslar üzərində qurulub: «Bütün bunlar diplomatik reallıqlar fonunda respublikanın imicini xeyli yüksəldib. Dövlət başçısının hər bir xarici səfəri Azərbaycanın ayrı-ayrı dövlətlərlə, təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələrinin daha da genişlənməsinə təkan verib...».

XS
SM
MD
LG