Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

Huawei smartfon bazarının ‘zirvəsinə qalxır’


Pekində Huawei mağazası
Pekində Huawei mağazası

Çinin telekommunikasiya nəhəngi olan Huawei-nin qurucusu Ren Zhengfei şirkəti ovunu yorulmadan izləyən qəddar “canavar”a bənzədir. “Frans Pres” agentliyi yazır ki, bu xasiyyət tezliklə Huawei-ni smartfon dünyasının ən yüksək nöqtəsinə çıxara bilər.

ABŞ bazarından çıxarılmış Huawei bu ilin ikinci rübündə Apple şirkətini ötərək dünyanın ikinci smartfon istehsalçısına çevrilib, bazarın lideri Samsung-u qarabaqara izləyir.

Təhlilçilərin fikrincə, Huawei buna ABŞ bazarına girməkdən əlini üzərək inkişaf etməkdə olan ölkələrdə bazar payını qamarlamaqla nail olub. Axı, bu şirkətin telefonları daha ucuzdur, getdikcə də təkmilləşdirilir.

CASUSLUQ EHTİMALI

“Bazarlarda və regionlarda Huawei-nin imici və brend kimi tanınması güclənməkdədir”, – Counterpoint qlobal bazar təhlili firmasından Tarun Pathak deyib.

Onlar məhsullarını qiymət seqmentlərinə uyğun olaraq fərqləndirir və bu da Apple və Samsung-la rəqabətdə maraqlı durum yaradır”, – o, sözlərinə əlavə edir.

Çində Huawei-nin tədbiri, 2016-cı il
Çində Huawei-nin tədbiri, 2016-cı il

Hazırda 73 yaşı olan Ren Huawei-ni 1987-ci ildə bir neçə min dollarla yaradıb, ilkin olaraq telekommunikasiya şəbəkələri üçün avadanlıq hazırlayıblar.

Huawei ilk telefonunu 15 il öncə bazara çıxarıb və bu ilin aprel-iyun aylarında dünyada ikinci yerə çıxıb. Məlumatı Beynəlxalq Data Korporasiyası (IDC) ötən həftə yayıb. 2010-cu ildən bəri ilk dəfə olaraq Apple ilk 2 şirkətdən biri ola bilməyib.

Huawei-nin istehlak məhsulları üzrə rəhbəri Richard Yu ötən həftə deyib ki, 2019-cu ilin sonunadək Cənubi Koreyanın Samsung şirkətini ötə bilərlər.

Canalys şirkətindən Ben Stanton qeyd edib ki, “Huawei-nin Birləşmiş Ştatlardan çıxarılması onu məqsədlərinə çatmaq üçün Asiya və Avropada daha çox işləməyə məcbur etdi”.

Huawei hətta siyasi təzyiqdən öncə də inkişaf etməkdə olan bazarlara girməyə başlamışdı.

“Frans Pres” yazır ki, Huawei-nin ABŞ bazarından çıxarılmasının bir səbəbi Vaşinqtonun Renin karyerasına inamsızlığından qaynaqlanır. O, vaxtilə hərbi texnoloq olub. Yəni Birləşmiş Ştatlar narahatdır ki, Pekin texnologiya şirkətlərindən xaricdə casusluq üçün yararlana bilər. Huawei isə hökumətlə hər hansı bağlılığı olmadığını bildirir.

Bu arada Huawei biznesini İndoneziyadan tutmuş Səudiyyə Ərəbistanı, Cənubi Afrika, hətta Avropada möhkəmləndrib. Bu bazarlarda qiymətə daha çox fikir verirlər.

iPhone 6 və iPhone 6 Plus telefonları Samsung-la müqayisədə, arxiv fotosu
iPhone 6 və iPhone 6 Plus telefonları Samsung-la müqayisədə, arxiv fotosu

DÜNYADA 54 MİLYONDAN ÇOX TELEFON SATIBLAR

Təhlilçilər deyirlər ki, həmin bazarlar yetişəndə, müştərilər daha keyfiyyətli telefonlara üstünlük verəndə onlar artıq Huawei sisteminin içində olacaqlar.

“Apple və Samsunq bazardakı mövqelərini saxlamaq istəyirlərsə, portfoliolarını daha rəqabətli etməlidirlər”, – Stanton belə düşünür.

İkinci rübdə Samsung qlobal bazarının 20,9 faizinə 71,5 milyon telefon satıb. Huawei 15,8 faizə 54,2 milyon, Apple isə 12,1 faizə 41,3 milyon iPhone sata bilib.

Agentlik qeyd edir ki, Huawei daha da güclənərsə, ABŞ-ın təhlükəsizlik radarından çıxa bilməyəcək.

Bu il Trump administrasiyası Huawei-nin rəqibi ZTE-ni az qala məhv etmişdi, İrana və Şimali Koreyaya məhsul satdığına görə cərimələr qoymuşdu.

Sonradan qaldırılan cərimələr ZTE-ni ABŞ-dan elektronika komponentləri almaqdan məhrum edəcəkdi. Huawei isə əsas komponentləri özü hazırlayır, ona görə də Birləşmiş Ştatların əlində elə də güclü təzyiq vasitəsi yoxdur.

Ancaq şirkətin artımını yalnız bu sektorda satışın azalması və bazarın toxluğu məhdudlaşdıra bilər.

IDC bildirir ki, ikinci rübdə dünyada 342 milyon smartfon satılıb və bu, bir il öncəkindən 1,8 faiz azdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG