Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:26

'Azərbaycanda bank böhranı aradan qalxmayıb'-Media icmalı


'Etibarlı adamın yoxdursa, kredit vermirlər'
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

'Etibarlı adamın yoxdursa, kredit vermirlər'

Aqrar sektorda vəziyyət, problemli kreditlərin həcminin artması, Azərbaycan-İran əlaqələri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Problemli kreditlər artır

«Novoye Vremya» qəzetində «Nazirlər Kabinetinin müdaxilə vaxtı və ya bir daha kredit borcları barədə» sərlövhəli yazı oxumaq olar.

Müəllif hesab edir ki, problemli kreditlər məsələsinə hökumət səviyyəsində müdaxilənin vaxtı çatıb.

Yazıda bildirilir ki, manat «tənzimlənən üzən məzənnə» şəraitində fəaliyyət göstərir. Müəllifin fikrincə, manat indiki məzənnə sabitliyini süni yol ilə saxlaya bilir: «Bu halda manatın məzənnəsinin əsas dünya valyutalarına nisbətdə nə dərəcədə sabit olduğu məlum deyil. Ölkənin bank sisteminin bütünlükdə səmərəli fəaliyyəti isə bundan birbaşa asılıdır. Heç kəsə sirr deyil ki, dollara nisbətdə manatın müəyyən sabitliyi belə Azərbaycanda bank böhranını aradan qaldırmayıb. Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi həcminin 1 milyard 745.7 milyon manata çatması böhranın davam etdiyini göstərir. Bu, iyun ayı ilə müqayisədə 2 faiz artım deməkdir».

Müəllif Mərkəzi Bankın hesabatına istinadən yazıb ki, ilin əvvəlindən belə kreditlər 7.3 faiz artıb. Vaxtı keçmiş kreditlər ümumi kredit portfelində 14.4 faiz təşkil edir.

Müəllif hesab edir ki, vaxtı keçmiş kreditlər problemi həll olunmadan banklar böhrandan çıxa bilməz: «Təəssüf ki, buna ciddi diqqət yetirilmir, hər bank kredit borcları məsələsini öz bildiyi kimi həll etmək istəyir. Kimi məhkəməyə verir, kimi qoyulan əmlakı müsadirə edir, kimi də fiziki təzyiqlə pullarını qaytarmağa çalışır. Bütünlükdə isə vəziyyət günbəgün pisləşir, problemli kreditlərin ümumi həcmi isə artmaqda davam edir».

Yazıda vurğulanır ki, Nazirlər Kabineti bu problemə biganə qalmamalı, məsələyə müdaxilə edərək onu Maliyyə Bazarlarına Nəzarət Palatası və kommersiya bankları ilə birgə həll etməlidir.

İ.Əliyev və H.Ruhani
İ.Əliyev və H.Ruhani

Tehran və Bakının planları

Trend.az saytında «Tehran və Bakının yeni iqtisadi planları - İqtisadi İnkişaf Mərkəzinin yaradılması və...» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, iki ölkə İran-Azərbaycan İqtisadi İnkişaf Mərkəzi yaratmağı planlaşdırır. Yazıda bildirildiyinə görə, bunu İranın Nəqliyyat və Logistika Federasiyasının baş katibi Məhəmməd Eyqarlu deyib. M.Eyqarlunun sözlərinə görə, mərkəzin yaradılması qərarı bu yaxınlarda iki ölkə nümayəndələri arasında keçirilmiş birgə ticarət görüşündə qəbul edilib.

Yazıda vurğulandığına görə, baş katib habelə qeyd edib ki, bu cür mərkəz İran-İraq arasında yaradılıb və yaxşı nəticələr verib.

Tehranla Bakı arasındakı yaxşı münasibətləri vurğulayan M.Eyqarlu deyib ki, Azərbaycan İran məhsullarının digər ölkələrə nəqli məntəqəsi kimi çıxış edə bilər.

M.Eyqarlu həmçinin, Hindistan və Yaxın Şərqi Qafqaz, Mərkəzi Asiya və Avropa ilə əlaqələndirən «Şimal-Cənub» nəqliyyat dəhlizindən danışıb. Yazıda bildirildiyinə görə, o vurğulayıb ki, İranın Yollar və Şəhər İnkişafı Nazirliyi bu marşrutun yaradılmasına xüsusi diqqət ayırır.

Pambıq tarlası
Pambıq tarlası

«Aqrar sahədə yüksək göstəricilər»

«Azərbaycan» qəzetində «Aqrar sektorda yüksək göstəricilərə nail olunmuşdur» sərlövhəli yazı dərc edilib. Yazıda Goranboy rayonunda iqtisadi uğurlardan bəhs edilir.

Müəllif yazıb ki, son illər həyata keçirilən irimiqyaslı layihələr nəticəsində rayonların iqtisadi səviyyəsi bir neçə dəfə yüksəlib, əhalinin güzəranı xeyli yaxşılaşıb: «Xüsusilə, aqrar sektorda əldə edilən uğurlar ildən-ilə artıb, ənənəvi kənd təsərrüfatı sahələri daha da inkişaf edib. Rayonda unudulmuş bəzi kənd təsərrüfatı sahələri də yenidən dirçəldilib, hətta qısa zaman ərzində yüksək göstəricilərə nail olunub».

Müəllif vurğulayıb ki, rayon əhalisinin 60 faizi təmir edilmiş yollardan istifadə edir, yeni elektrik xətləri çəkilib, fasiləsiz elektrik təchizatı həll olunub. Yazıda bildirilir ki, ev təsərrüfatının 95 faizi qazlaşdırılıb, içməli su məsələsi həllini tapıb, 40-dan çox məktəb təmir edilib və yaxud tikilib. Müəllif habelə yazıb ki, yeni aqroparkın fəaliyyətiylə ərzaq təhlükəsizliyi həllini tapıb və işsizlik aradan qaldırılıb.

Yazıda iddia olunduğuna görə, pambıqçılığın, tütünçülüyün və baramaçılığın inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları uğurla icra olunur: «Bu il kümçülər 9.8 ton barama istehsal edərək yüksək göstəriciyə nail olublar. Cari təsərrüfat ilində 5 min hektar sahədə pambıq, 8 min hektar sahədə isə tütün əkilib. Rayon taxılçılarının göstəriciləri də yüksək olub. Bu il 18 min 774 hektarda taxıl yetişdirilib. Artıq 17 min 67 hektar sahənin məhsulu biçilib. Hər hektardan məhsuldarlıq 30 sentnerdən çoxdur».

Yazının sonunda da oxuyuruq: «Hazırda respublikamızın digər bölgələrində olduğu kimi, Goranboyda da işlərin qızğın vaxtıdır. Bir tərəfdə tütün yığılırsa, digər tərəfdə pambıq tarlalarında iş gedir. Fermerlər məhsulu axıradək yetişdirmək və daha çox qazanc əldə etmək üçün gecəni-gündüzə qatıb, yorulmaq bilmədən çalışırlar. Çəkilən zəhmət isə əvəzsiz qalmır».

XS
SM
MD
LG