Keçid linkləri

2024, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:09

Serbiya İsraili ‘mənəviyyatsız tədbirdə’ iştiraka görə tənqid edir


Serbiyanın xarici işlər naziri Ivica Dacic
Serbiyanın xarici işlər naziri Ivica Dacic

Serbiyanın xarici işlər naziri Ivica Dacic İsraili Xorvatiyada keçirilən tədbirdə öz təyyarələrini uçurduğuna görə sərt tənqid edib. Xorvatiya Balkan müharibəsində (1991-1995) serb qiyamçılara qarşı müzəffər hücumunun ildönümünü təntənə ilə qeyd edirdi.

Serbiya xarici işlər naziri avqustun 6-da Belqradın Pink TV kanalına müsahibəsində deyib ki, “İsrail bayrağının həmin cinayət aktının ildönümündə dalğalanması çox təəssüfedicidir”.

Oluja – Tufan əməliyyatının avqustun 5-də keçirilən 23-cü ildönümündə təşkil olunmuş hərbi paradda İsrailin üç F-16 qırıcısı da iştirak etmişdi. Oluja əməliyyatı nəticəsində Belrqrad tərəfindən dəstəklənən serb separatçıların nəzarətində olan ərazi geri alınıb.

Bu əməliyyat nəticəsində yüzlərlə serbin həlak olmasından başqa 200 min serb evlərini tərk edib. Bu bütün Balkan müharibəsi ərzində serblərin ən böyük köçü olub.

Belqraddakı İsrail səfriliyi isə bildirir ki, İsrail təyyarələrinin uçurulmasına yeganə səbəb Xorvatiyanın İsraildən bu təyyarələri almasını qeyd etmək idi.

"Burada heç bir siyasi element və ya Serbiya və Xorvatiya ilə münasibətlərə heç bir bağlılıq yox idi. İsrail və Serbiya arasında möhkəm dostluq heç bir şəkildə pozula bilməz”.

Lakin Dacic deyib ki, İsrailin İkinci Dünya Müharibəsi zamanı Xorvatiyanın Ustasha hökuməti tərəfindən yaradılmış ölüm düşərgəsində əksəriyyəti yəhudi, serb, qaraçı və xorvat antifaşisti olan minlərlə insanın məhv edildiyi halda belə bir tədbirə qatılması mənəviyyatsızlıq kimi qiymətləndirilə bilər.

Avqustun 4-də Serbiya liderləri də sözü gedən əməliyyatı kədərli tarix kimi qeyd ediblər. Prezident Aleksandar Vucic bu hücumu faşist Almaniyasının siyasətləri ilə müqayisə edib.

"Hitler yəhudilərsiz dünya istəyirdi; Xorvatiya və onun siyasətləri isə serblərsiz Xorvatiya istəyir”.

Xorvatiyanın hakim Demokratik İttifaq Partiyasından millət vəkili Branko Bacic Serbiya prezidentinin bəyanatını “tarixi yalan” adlandırıb.

Xorvatiya Yuqoslaviyadan müstəqilliyini 1991-ci ilə elan edib və daha sonra dörd il müddətində suverenliyinin təminatı üçün serb qüvvələri ilə vuruşmalı olub.

Serbiya və NATO və Avropa İttifaqının üzvü olan Xorvatiya arasında münasibətlər təlatümlü olaraq qalır.

Vucic isə bəyan edib ki, onun ölkəsi bütün Balkan ölkələri və Rusiya ilə yaxşı münasibətlər, həm dəAvropa İttifaqına üzvlük istəyir.

XS
SM
MD
LG