Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Rusiya Gürcüstana niyə hücum etdi – Saakashvili danışır


Qoridə atışma, 2008-ci il
Qoridə atışma, 2008-ci il

Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili deyir ki, Rusiyanın on il öncə Tbilisi ilə beşgünlük müharibədə motivi “Gürcüstan dövlətçiliyi”nə hücum idi. Onun fikrincə, Moskva bu Cənubi Qafqaz respublikasının apardığı islahatlar sayəsində regiondakı digər ölkələr üçün örnəyə çevirməsindən narahat idi.

Saakashvili 2008-ci ilin avqust müharibəsinin 10 illiyi ərəfəsində Current Time TV-yə müsahibə verib. Sözügedən müharibə zamanı Rusiya qüvvələri Gürcüstan ərazisinə soxulub. Avropa Birliyinin vasitəçiliyi ilə sülh əldə edilincə geri çəkilib. Müharibənin başlanmasına görə Tbilisi və Moskva bir-birini ittiham edib.

Rusiyanın minlərlə əsgəri Gürcüstanın separatçı Cənubi Osetiya və Abxaziya regionlarında qalıb və Moskva onları müstəqil dövlət kimi tanıyıb.

Mikheil Saakashvili, arxiv fotosu
Mikheil Saakashvili, arxiv fotosu

“Rusiyanın işğalının məqsədi təkcə Gürcüstana dövlət kimi hücum etmək deyildi, həm də Gürcüstan dövlətçiliyinə hücum idi. Çünki Gürcüstan dövlətçiliyi uğurlu islahatlar gerçəkləşdirərək Rusiyaya problemlər yaradırdı”, – Saakashvili iyulun 27-də Skype vasitəsilə AzadlıqRadiosu və Amerikanın Səsi-nin birgə layihəsi olan Current Time TV-yə deyib. O, harada olduğunu açıqlamayıb.

KREML AĞANIN HƏSƏD VƏ QƏZƏBİ

Saakashvili 2003-cü ilin Qızılgül İnqilabı ilə hakimiyyətə gələrək Gürcüstanda islahatlar aparıb və onu qərbpərəst kursa yönəldib. Onun sözlərinə görə, o zaman ölkə bir örnəyə çevrilib və “Rusiya da bizə məhz belə bir örnək olduğumuza görə hücum edib”.

“Təəssüf ki, bu uğur Kreml ağanın həsəd və əsəbiliyinə səbəb oldu”, – deyən Saakashvili, görünür, o zaman Rusiyanın baş naziri olan Vladimir Putini nəzərdə tutub. Müharibə məhz Putinin ikinci prezidentlik müddəti bitəndən 3 ay sonra baş verib. Hazırda Rusiyanın baş naziri olan Dmitry Medvedev onda prezident idi.

Müharibədən öncə Rusiya rəsmiləri açıq-aşkar Gürcüstanın NATO üzvlüyü yönündə çalışmasına qarşı çıxırdılar. Moskvanın separatçı Abxaziya və Cənubi Osetiyaya dəstək göstərməsi də ikitərəfli münasibətləri gərginləşdirmişdi.

Rusiya isə iddia edir ki, Gürcüstan Cənubi Osetiyanın əsas şəhəri olan Tsxinvaliyə hücum etməklə müharibəni başladıb. Saakashvili müsahibəsində müharibəni Rusiyanın başlatdığını bir daha vurğulayıb: “Ancaq tamamilə səfehlər və kəmağıllar deyə bilər ki, müharibəni Gürcüstan başlayıb”.

50 yaşlı Saakashvili 2004-2013-cü illərdə prezident olub. Onun partiyasını 2012-ci il parlament seçkisində müxalifətdə olan “Gürcü arzusu” bloku məğlub edib. O, böyük islahatlar aparmasına baxmayaraq, prezidentliyinin son illərində hakimiyyətdən sui-istifadədə ittiham olunub. Bu yaxınlarda 2006-cı ildə bir qətl hadisəsi ilə əlaqədar hakimiyyətdən sui-istifadədə təqsirli bilinib və qiyabi olaraq 3 illik həbsə məhkum edilib.

Saakashvili daha sonra siyasi karyerasını Ukraynada davam etdirib. Ukrayna prezidenti Petro Poroshenko 2015-ci ildə onu Odessa regionuna qubernator təyin edib. Amma korrupsiya iddiaları üzündən onunla da yollarını ayırıb, 2017-ci ilin iyulunda vətəndaşlıqdan məhrum edilib. Hazırda xaricdə yaşayır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG