Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Trump oğlunun rusiyalı vəkillə niyə görüşdüyünü açıqlayıb


Donald Trump
Donald Trump

ABŞ prezidenti Donald Trump etiraf edib ki, 2016-cı ilin iyunundan Nyu Yorkdakı Trump Tower-də Kremlə bağlı vəkillə görüşdən məqsəd onun siyasi opponent barədə informasiya almaq olub. Ancaq prezident bunun “tamamilə leqal” olduğunu iddia edib.

Avqustun 5-də yazdığı tvitdə Trump bu tip görüşlərin “siyasətdə daim keçirildiyini” bildirib.

ƏVVƏL BAŞQA SÖZ DEYİRDİ

2016-cı ildə keçirilmiş görüşə Trump-ın oğlu kiçik Donald Trump, kürəkəni, hazırda baş müşaviri olan Jared Kushner, Trump-ın seçki kampaniyasının ovaxtkı rəhbəri Paul Manafort, rusiyalı vəkil Natalya Veselnitskaya və digərləri qatılıblar.

Natalya Veselnitskaya
Natalya Veselnitskaya

Rusiyalı vasitəçi Trump-ın oğluna deyibmiş ki, Rusiyadan bir rəsmi Trump-ın seçkidəki rəqibi Hillary Clinton-u ittiham etməyə əsas verəcək sənədlər və informasiya təklif edir. Veselnitskaya Trump-ın komandasıyla görüş zamanı Kremlin adından çıxış etmədiyini deyir. O, Konqresdə dinləmə zamanı söyləyib ki, “hər hansı dövlət qurumundan müstəqil şəkildə hərəkət edir”.

Ancaq “The Associated Press”in iyulun 27-də yazmasına görə, Veselnitskaya-nın Rusiyanın aparıcı hökumət rəsmiləri ilə daha sıx işlədiyini göstərən sənədləri görüb.

Trump-ın Twitter-də yazdığı həmin görüşün məqsədilyə bağlı ilk birbaşa açıqlamasıdır. Onun oğlu və digərləri daha öncə etiraf etmişdilər ki, niyyətləri Clinton-a zərbə vuracaq informasiya toplamaq olub. Əslində, görüşün planlaşdırılması barədə emaillər üzə çıxandan sonra belə bir etiraf eləmişdilər.

Trump daha öncə deyirdi ki, görüşdə rusiyalı uşaqların amerikalılar tərəfindən övladlığa götürülməsi müzakirə olunub.

“GÖRÜŞÜN NƏTİCƏSİ OLMAYIB”

O, Twitter-də oğlunun belə bir görüş keçirdiyinə görə hüquqi problemlə üzləşə biləcəyi sarıdan narahat olmadığını da qeyd edib.

Kiçik Donald Trump boşanma məhkəməsində, iyul, 2018-ci il
Kiçik Donald Trump boşanma məhkəməsində, iyul, 2018-ci il

“Gözəl oğlum Donaldın Trump Tower-də görüşü sarıdan narahat olmağım barədə yazılanlar tamamilə uydurmadır. Bu görüş opponent barədə informasiya almaq üçün keçirilib, tamamilə qanuni olub və siyasətdə belə görüşlər həmişə keçirilib – nəticəsi də olmayıb. Bu haqda bilgili olmamışam!” – Trump yazıb.

Düzdür, ABŞ-da siyasi kampaniyalar zamanı rəqiblər haqda gözdənsalıcı informasiya əldə etmək məqsədilə daim araşdırma aparılır, amma xarici ölkə, yaxud onun təmsilçiləri ilə işləmək seçki kampaniyasının qaydalarını və digər qanunları pozmaq demək olar.

Birləşmiş Ştatlarda xüsusi prokuror Robert Mueller Trump-ın seçki kampaniyasının seçkini qazanmaq məqsədilə Rusiyayla əməkdaşlıq edib-etmədiyini araşdırır.

İndiyədək Trump Moskvayla hər hansı əməkdaşlığa getmədiyini deyib. Rusiya prezidenti Vladimir Putin isə seçkiyə müdaxilə iddialarını təkzib edib. Baxmayaraq ki, ABŞ kəşfiyyat və hüquq-mühafizə orqanları Moskvanın seçkiyə müdaxilə niyyətilə kampaniya aparması qənaətinə gəlib.

Trump-ın seçki kampaniyasının keçmiş meneceri Paul Manafort hazırda Virciniyada məhkəmə qarşısına çıxarılıb. O, vergi və bank fırıldağında ittiham olunur, bu ittihamların Rusiyanın seçkiyə müdaxilə iddiaları ilə birbaşa bağlılığı yoxdur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG