Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Bahalaşmanın görünən və görünməyən tərəfləri...-Media icmalı


Telefon
Telefon

Aqrar sahədə vəziyyət, ictimai nəqliyyatda gediş haqlarının və bəzi rüsumların artırılmasının mümkün təsirləri medianın aparıcı mövzularındandır...

Yeni rüsumun qiymətlərə təsiri...

Musavat.com saytında «Yeni rüsumlar ölkədə satılan mobil telefonları bahalaşdıracaq?» sualı gündəmə daşınır.

Müəllif xatırladıb ki, Nazirlər Kabineti bu il iyulun 31-də qəbul etdiyi qərarla «Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri»ni təsdiq edib. Bu qərarla indiyə kimi cəmi 5 manat təşkil edən dövlət rüsumu bazar qiyməti və funksiyalarından asılı olaraq 20 manatdan 150 arasında dəyişəcək.

Yazıda vurğulandığına görə, bu qərardan sonra cəmiyyətdə belə bir fikir yaranıb ki, mobil cihazlar ən azı 50 manat bahalaşa bilər: «Öyrəndik ki, Azərbaycanda ən çox satılan mobil telefonların qiyməti 201 dollardan 400 dollara qədərdir. Qaydalara görə, bu qiymətdə olan mobil telefonun qeydiyyat rüsumu 60 manatdır. Mağazalarda olduğumuz zaman satıcılar müxtəlif fikirlər söylədilər. Bəziləri bildirdilər ki, yeni qaydalar onların mağazalarında qiymətlərə təsir etməyəcək. Lakin bunun əksini söyləyənlər də oldu».

Yazıda bildirilir ki, ölkəyə mobil telefon idxalı ilə məşğul olan şirkətlər aparatları rəsmi olaraq gömrükdən keçirir. Aparat satıldıqdan sonra bir ay ərzində şirkət özü onu müvafiq nazirlikdə dövlət qeydiyyatına aldırır.

Müəllif vurğulayıb ki, mobil cihazları ölkəyə fiziki şəxs kimi gətirənlər də var. Onun fikrincə, fiziki şəxslərin gətirdiyi telefonlar şirkətlərin malları ilə müqayisədə ucuz olur. Yazıda qeyd edilir ki, amma onda mağazalar telefonu dövlət qeydiyyatına müştərinin özünün saldırmalı olduğunu deyirdilər. Müəllifin yazmasına görə, mağazaların satıcıları vurğulayıb ki, belədə yeni rüsumlardan sonra onların satdığı telefonların qiymətində fərq yaranacaq.

Sayta şərh verən iqtisadçı-ekspert Natiq Cəfərli də deyib ki, yeni rüsumlar iri mağazalardakı qiymətlərə təsir etməyəcək: «Şirkətlər hüquqi şəxs kimi mobil telefonları gətirdikləri üçün bu qaydaların onlara aidiyyəti yoxdur».

Metro
Metro

«Bahalanma davam edəcək»

«Novoye Vremya» qəzetində «Növbədə benzin, qaz və sudur» sərlövhəli yazı oxumaq olar.

Yazıda Tarif Şurasının iyulun 30-da ictimai nəqliyyatda gediş haqlarını 50 faiz bahalaşdırmasının mümkün təsirlərini təhlil edilib.

Müəllifə görə, bu qiymət artımının nəticələri qorxuludur: «Müstəqil ekspertlər belə düşünürlər ki, bu, təkcə sərnişindaşıma sahəsində yox, digər sahələrdə də bahalaşmya yol açacaq və ictimai nəqliyyatda bahalaşma aysberqin görünən tərəfidir».

Müəllifə görə, qiymət artımı təkcə avtobus və metro ilə kifayətlənməyəcək: «Avtobusların, metronun arxasınca taksi xidməti bahalaşacaq, şəhərlərarası nəqliyyatda tariflərin bahalaşması kənd təsərrüfatı məhsullarını bahalaşdıracaq. Bu, hələ hamısı deyil. Aqrar sahədə məhsul yığımı başa çatdıqdan sonra mazut və dizel yanacağının artması da tamamilə mümkündür».

Əhalinin nəqliyyat xərclərinə gəlincə, müəllif hesab edir ki, hələ son bahalaşdırmaya qədər də bu sahədə vəziyyət yaxşı deyildi. Yazıda vurğulanıb ki, marşrutların optimallaşdırılması adı ilə sərnişinlər evlərinə çata bilməkdən ötrü 2-3 marşrut dəyişirdilər: «Bu azmış kimi, üstəlik, Tarif Şurası da bahalaşdırma qərarı verib».

Üstəlik, müəllif sərnişindaşımada tələbələrə, məktəblilərə və pensiyaçılara kompensasiyalar nəzərdə tutulmamasını bahalaşmanın neqativ hallarından sayır.

İstixana
İstixana

«Aqrar sahədə işgüzarlıq»

«Azərbaycan» qəzetində «İş də var, işgüzarlıq da» sərlövhəli yazı dərc edilib.

Müəllif Şəmkir rayonunun simasında aqrar sahədə uğurlardan bəhs edir. Yazıda bildirilir ki, bu ilin ötən dövründə rayonda bostan bitkiləri, meyvə-tərəvəz istehsalı sahəsində yüksək məhsuldarlıq əldə edilib, əhali də yaxşı qazanc götürüb: «Hazırda ümumi sahəsi 958 hektar olan istixanalarda 6039 nəfər məhsul yetişdirir. Bu il rayon ərazisində 100 hektara yaxın yeni istixanaların tikintisi də nəzərdə tutulur. Artıq 52.1 hektarı hazırdır, istixanaların 717 hektarında pomidor, 110 hektarında xiyar, 58.6 hektarında faraş kartof, 35 hektarında göyərti, 2 hektarında çiyələk yetişdirilir».

Yazıda qeyd edilir ki, yetişdirilən 100 min tondan çox pomidorun 61 min tonu Rusiya Federasiyasının müxtəlif şəhərlərinə ixrac edilib. Qalan 40 min tona yaxın pomidor isə əhalinin daxili tələbatının ödənilməsindən ötrü yerli bazarlara yönəldilib.

Müəllifə görə, digər sahələr üzrə göstəricilər də yaxşıdır. Fermerlər 6499 hektar sahədə kartof, 6315 hektarda tərəvəz, 1555 hektarda qarğıdalı, 902 hektarda günəbaxan, 9882 hektar sahədə isə yem bitkiləri yetişdiriblər.

Yazıda bildirilir ki, bu il üstəlik, 1000 hektar sahədə meyvə bağının salınması nəzərdə tutulur, 540.8 hektarda məhsuldar meyvə ağacları əkilib.

Yazının sonunda da oxuyuruq: «Hazırda Şəmkirdə işlərin qızğın çağıdır. Bir yanda taxıl biçilir, bir yanda bostan bitkiləri toplanır, bir yanda üzüm yığılır. İstixanalarda çalışanların da iş-gücləri çoxdur. Hər bir istixana sahibi məhsulu vaxtında toplayıb, xarici ölkələrə çıxarmaq üçün əlindən gələni edir. Bir sözlə, hamı çalışır ki, zəhmət bahasına yetişdirilən bütün növ məhsulları vaxtında toplayıb gəlir əldə etsin».

XS
SM
MD
LG