Krımın paytaxtı Simferopolda tatar fəal özünü yandırıb. O, Rusiyanın təyin etdiyi hakimiyyətin Krım tatarlarının evləri yerləşən torpaqlarda yaşayış binaları tikmək planlarına etiraz edib.
Vatan Karabash adlı fəal avqustun 3-də üstünə benzin tökərək od vurub, “hakimiyyətin özbaşınalığı”na etiraz şüarı səsləndirib.
Yoldan keçənlər Karabash-ı dərhal yerə yıxaraq alovu söndürüblər.
Onun vəziyyətinin necə olduğu, hələlik, bəlli deyil.
9 MİN AİLƏ ÜÇÜN MƏNZİL İNŞA OLUNACAQ
Avqustun 2-də polis Simferopol yaxınlığındakı Strelkovayada bina tikmək planlarına etiraz edənləri dağıdıb.
Rusiya hakimiyyəti bu ilin əvvəlində elan edib ki, ərazidə “Krım Qızılgülü” adlı yeni yaşayış məskəni salınacaq, 9 min ailə üçün mənzillər inşa olunacaq.
Yerli tatarlar onların evlərinin də sökülə biləcəyindən narahatlıq bildiriblər.
Krım tatarları 1980-ci illərin sonunda və 90-cı illərin əvvəllərində Orta Asiyadan qayıdandan sonra ərazidə evlər salıblar. Onlar 1944-cü ildə sovet diktatoru Josef Stalin tərəfindən deportasiya olunublar.
Evlərin çoxu rəsmi icazəsiz tikilib.
Yaşayış binalarını tikəcək Monolit şirkəti ötən ay bildirib ki, “bəzi evlərin qanuniliyi məsələsi qalmaqdadır”.
Rusiya 2014-cü ilin martında Ukraynanın Krım vilayətini ilhaq edib. BMT-nin 100 ölkəsi bunu beynəlxalq qanun pozuntusu adlandırıb.
Rusiya Krımı tutması və Ukraynanın şərqində separatçıları dəstəkləməsinə görə ABŞ, Avropa Birliyinin sanksiyalarına məruz qalıb.