Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

Google da senzura edəcək?


Google Şanxayda Rəqəmsal Əyləncə Sərgi və Konfransda, 3 avqust, 2018-ci il
Google Şanxayda Rəqəmsal Əyləncə Sərgi və Konfransda, 3 avqust, 2018-ci il

Alphabet Inc-in Google şirkəti Çində axtarış mühərrikini işə salmağı planlaşdırır. Ancaq “Reuters” iki mənbəyə istinadla yazır ki, bəzi vebsaytların və axtarış terminlərinin senzura olunacağı gözlənir. Bu plan insan haqları fəallarının tənqidinə səbəb olub.

Hazırda Çin ABŞ-ın Facebook Inc, Apple Inc və Qualcomm Inc kimi texnologiya şirkətləri ilə biznes sövdələşmələrini diqqətlə nəzərdən keçirir. Həm də bu, Pekinlə Vaşinqton arasında ticari münasibətlərin gərginləşdiyi bir dönəmdə baş verir.

İNSAN HAQLARI, DEMOKRATİYA...

Google səkkiz il öncə Çindən məhz senzura sarıdan narahatlığa görə çıxmışdı. Google məhsulları bu ölkədə çox sərt tənzimlənməyə məruz qalıblar. Elə o vaxtdan şirkət Çinə qayıtmağın yollarını axtarır.

“The Intercept” xəbər saytı Google-un Çin planları barədə avqustun 1-də yazıb, şirkətdaxili sənədlərə, planlarla tanış adamlara istinad edib.

Sundar Pichai
Sundar Pichai

Kod adı “Dragonfly” (“İynəcə”) olan layihənin 2017-ci ilin yazından başlandığı bildirilib. Məlumata görə, dekabrda Google rəhbəri Sundar Pichai və Çinin hökumət rəsmisinin görüşündən sonra layihə sürətlə irəliləyib.

“The Intercept” yazıb ki, insan haqları, demokratiya, din və dinc etirazlarla bağlı axtarış terminləri qara siyahıya salınacaq və bu siyahı artıq Çin hökumətinə göstərilib. Yekun versiyanın gələn 6-9 ay ərzində hazırlanacağı, Çin rəsmilərinin təsdiqini gözləyəcəyi xəbər verilir.

Çində dövlətə məxsus “Securities Times” isə yazıb ki, Google axtarış mühərrikinin Çinə qayıtması xəbərləri doğru deyil. O, “uyğun sənədlər”ə istinad edib.

Ancaq axtarış mühərrikinin senzura olunmuş versiyası ilə tanış Google əməkdaşı “Reuters”ə layihənin mövcudluğunu təsdiqləyib. Adının çəkilməsini istəməyən əməkdaş bu layihənin slaydlarını gördüyünü, vitse-prezidentlik səviyyəsində çoxlarının bundan xəbərdar olduğunu deyib.

Planlardan xəbərdar bir Çin rəsmisi də Google-un modifikasiya olunmuş axtarış proqramıyla bağlı Çinin uyğun idarəsi ilə kontakt qurduğunu bildirib.

BAİDU-NUN SƏHMLƏRİ DÜŞÜB

Google informasiyanı şərh etməyib, “Reuters” Çindən də açıqlama ala bilməyib.

Çin, 1989-cu il
Çin, 1989-cu il

Şirkət “The Intercept”in yazdığı detalları da şərh etməyib, ancaq Çində bir sıra mobil tətbiqləri işə saldığını, bu ölkədə fəaliyyətini saxlamaq məqsədilə yerli istehsalçılarla işlədiyini qeyd edib.

Amma bu məlumatlar Çində axtarış mühərriki bazarında dominantlıq edən Baidu şirkətinin səhmlərini “vurub”. Baidu- nun səhmləri avqustun 1-də 7,7 faiz ucuzlaşıb.

Amnesty International insan haqları təşkilatı bildirib ki, Google-u siyasətini dəyişməyə çağırıb.

“Google qorxulu presedent yaratmış, Çin hökumətinə qələbə qazandırmış olar”, – qurumun Çin üzrə tədqiqatçısı Patrick Poon bəyanatında deyib.

Google-un Çində əsas axtarış platforması 2010-cu ildə bloklanıb. Ancaq yanvarda Çində Chushou mobil oyun platformasına sərmayə qoyub, bu ayın əvvəlində isə Tencent Holdings Ltd-nin WeChat sosial media tətbiqində süni intellekt (AI) oyununu işə salıb.

Facebook-un da Çində səhifəsi bağlanıb, ancaq o da bazara girməyə maraqlı olduğunu bildirib.

Google-un mümkün qayıdışı Çinin sosial media bazarında güclü reaksiya doğurub.

“Gəlin təhlükəsizlik divarını aşaq. Axtalanmış versiyadansa heç olmamağı yaxşıdır”, – bir anonim izləyici yazıb.

XS
SM
MD
LG