Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

İran donanma təlimlərinə başlayır


Hörmüz boğazında neft tankeri
Hörmüz boğazında neft tankeri

İran Fars körfəzində böyük donanma təlimlərinə başlayıb. Bir neçə günə isə Birləşmiş Ştatların Tehrana sanksiyaları bərpa edəcəyi gözlənir. Media bunu ABŞ rəsmilərinə istinadla yazıb.

Bir rəsminin avqustun 2-də “Reuters” agentliyinə deməsinə görə, təlimlərdə 100-dən çox gəmi iştirak edir. Bu addımın Vaşinqtona bir mesaj olduğu görünür.

Birləşmiş Ştatların digər rəsmisinin “Frans Pres” agentliyinə bildirməsinə görə, təlimə əsasən kiçik döyüş qayıqları qatılıb və indiyədək ərazidəki ABŞ gəmiləri ilə heç bir əlaqə qurulmayıb.

Bu təlimlər qeyri-ənənəvi vaxta salınıb, belə ki, İran donanması, adətən, payızda təlim keçirir.

ABŞ prezidenti Donald Trump mayda İranla nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunacağını bildirib. Sanksiyaların ilk hissəsinin avqustun 7-dən qüvvəyə minəcəyi gözlənir.

İranın neft ixracı
İranın neft ixracı

Gözlənən sanksiyalar artıq İran iqtisadiyyatına təsirini göstərib. Bu həftə İran rialı rekord həddə ucuzlaşıb, İranda küçə etirazları baş qaldırıb.

Tehran, İsfahan, Kərəc, Şiraz, Məşhəd, Əhvaz şəhərlərində yüzlərlə adam etirazlara çıxıb.

QARŞILIQLI HƏDƏLƏR

Tərəflər arasında gərginlik artdıqca Fars körfəzindəki ABŞ və İran qüvvələri də yüksək hazırlıq vəziyyətinə gətirilib. Vaşinqton aydın şəkildə bildirib ki, sanksiyaların məqsədi İrandan neft ixracını dayandırmaqdır. Neft ixracı isə İranda iqtisadi artımın əsas qüvvəsidir və qlobal bazarlara məhz Körfəzdən gedir.

Birləşmiş Ştatlar İrandan neft ixracını kəsməkdən ötrü hərbi vasitələrə əl atacağını deməyib, amma maliyyə sanksiyalarını artırıb, Avropa və Asiyadakı müştərilərə təzyiq göstərir ki, neft idxalını dayandırsın.

İran rəsmiləri isə xəbərdarlıq ediblər ki, neft ixracını dayandırılması cəhdləri ilə mübarizə aparacaq.

İran İslam İnqilabı Keşikçiləri Korpusu xəbərdarlıq edib ki, İrandan neft ixracının dayandırılmasına Hörmüz boğazını bağlamaqla cavab verəcək. Hörmüz boğazından təkcə İran nefti deyil, Küveyt və İraqdan da neft daşınır.

ABŞ ordusunun Mərkəzi Komandanlığı avqustun 1-də bildirib ki, İranın donanma fəaliyyətində, həmçinin Hörmüz boğazında güclənmə müşahidə olunur.

ABŞ rəsmilərinin mediaya deməsinə görə, bu günədək İranın Körfəzdə donanma əməliyyatları kommersiya fəaliyyətinə təsir göstərməyib.

İran hakimiyyəti isə Pentaqonun müşahidə etdiyi fəaliyyətlə bağlı şərh verməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG