Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

BMT sülhməramlıları İsrail-Suriya sərhədinə qayıdıb


Suriya-İsrail sərhədində hökumət qüvvələri
Suriya-İsrail sərhədində hökumət qüvvələri

Son bir neçə ildə ilk dəfə olaraq BMT sülhməramlıları Suriyayla İsrailin tutduğu Golan Yüksəkliyi arasındakı zonaya qayıdıb və orada Rusiya hərbi polisi ilə birgə növbə çəkir. Məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Avqustun 2-də açıqlanmış bu informasiya Moskvanın İsrail, Suriya, İran və regiondakı digər ölkələr arasında on illərdir davam edən münaqişələrdə vasitəçilik rolunu artırdığını göstərir.

Son aylar Suriya qüvvələri Rusiyanın dəstəyi ilə ölkənin İsrail və İordaniya ilə sərhəd zonalarına nəzarəti ələ alırlar. İsrail isə sərhədlərində təhlükəsizliyin təminatı, İranın Suriyada təsirini azaltmaq üçün Rusiyanın zəmanətini əldə etməyə çalışır.

PATRUL BƏRPA OLUNUB

İsrail İranın Suriyada hərbi iştirakının artmasını yəhudi dövlətinə böyük hədə sayır. Tehran Suriyaya hərbi müşavirlər göndərir, Suriya hökumətinin tərəfində vuruşan şiə döyüşçüləri dəstəkləyir.

İsrail İranın müttəfiq qüvvələrinin Suriyadan çıxmasını tələb edib, Moskva isə bu tələbləri “qeyri-real” adlandıraraq rədd edib. Ancaq Rusiya sərhəd regionda İran qüvvələrinin olmadığı bufer zona yaradılmasını, BMT sülhməramlılarının Suriya və İsrail arasında sülhün təminatına cəlbini təklif edib.

Sergei Rudskoi
Sergei Rudskoi

Rusiya Baş Qərargahından general polkovnik Sergei Rudskoi avqustun 2-də deyib ki, BMT sülhməramlıları burada növbə çəkməyi bərpa edib. Sülhməramlılar yeddi il öncə vətəndaş müharibəsi başlayanda regiondan çıxarılıblar. BMT patrulları ilk dəfə sərhədə 1974-cü ildə, Suriya və İsrail arasında bir neçə müharibədən sonra yerləşdirilib.

“Bu gün BMT sülhməramlıları Rusiya hərbi polisinin müşayiəti ilə altı ildən sonra ilk dəfə patrulu bərpa ediblər”, – Rudskoi Moskvada jurnalistlərə deyib.

Onun sözlərinə görə, Rusiya hərbi polisi təkcə sülhməramlıları müşayiət etməyəcək, BMT məntəqələri qarşısında özünün müşahidə postlarını quracaq ki, “mümkün provokasiyalar istisna olunsun”.

Durum sabitləşincə Rusiya postları Suriya hökumət qüvvələrinə təhvil veriləcək, general polkovnik söyləyib.

İSRAİL DƏ DURUMUN NORMALLAŞDIĞINI DEYİR

İsrail də sərhəddə durumun normallaşdığını bəyan edib. İsrailin müdafiə naziri Avigdor Lieberman deyib ki, sərhədin Suriya tərəfində durum 2011-ci ildən qabaqkı vəziyyətə qayıdıb.

Bu yaxınlarda Suriya hökumət qüvvələri üsyançı qrupları ərazidən tamamilə çıxarıb.

Lieberman vurğulayıb ki, Dəməşq iki ölkə arasındakı 1974-cü il razılaşmasına sayqı göstərərsə, İsrailin “Suriya ərazisinə müdaxilə etmək, yaxud orada əməliyyat aparmağa səbəbi olmayacaq”. Daha bir şərt isə Suriyanın İran qüvvələrinə İsrailə hücum üçün meydan verməməsi, yaxud Livandakı Hizballah qruplaşmasına silah ötürülməməsidir.

1974-cü il razılaşmasından sonra sərhəd zonasında sülh bərqərar olub, ancaq Suriya vətəndaş müharibəsinin pik dövründə döyüş zonasına çevrilib. BMT sülhməramlıları buradan 2014-cü ildə çıxıb. O zaman Al-Qaeda yaraqlıları 45 sülhməramlını oğurladı, onlar iki həftə sonra buraxıldılar.

Birgə Rusiya-BMT patrulu barədə informasiya yayılmamışdan öncə Rusiya İsraillə razılaşma əldə etdiyini açıqlayıb – iranpərəst döyüşçülər sərhədin 85 kilometrliyində saxlanacaq. Rusiya rəsmilərinin bildirməsinə görə, Moskva İsrailə həmin zonada iranpərəst döyüşçülərin olmayacağına təminat verib. Rusiyanın İsraildəki səfirliyi isə xəbərdarlıq edib ki, İranın Suriyadan tamamilə çıxacağını gözləmək “qeyri-real” olardı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG