Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

Jurnalistlərin qətli ətrafında versiyalar


Öldürülmüş jurnalistlər (sağdan sola) Orxan Camal, Kiril Radçenko və Aleksandr Rastorquyev
Öldürülmüş jurnalistlər (sağdan sola) Orxan Camal, Kiril Radçenko və Aleksandr Rastorquyev

BMT-nin Mərkəzi Afrika Respublikasındakı (MAR) sülhyaratma missiyası yerli hakimiyyətin 3 rusiyalı jurnalistin ölümünü araşdırmasına kömək edir. Rusiya muzdlu qrupu barədə sənədli film çəkən jurnalistlər 2 gün öncə qətlə yetiriliblər.

BMT-nin sözçüsü Farhan Haq avqustun 1-də Nyu Yorkda reportyorlara deyib ki, jurnalistlər Orxan Camal, Aleksandr Rastorquyev və Kiril Radçenkonun maşınını və güllədən deşik-deşik olmuş cəsədlərini BMT sülhməramlıları tapıb.

“Cəsədlər BMT-nin Sibyudakı xəstəxanasına aparılıb, daha sonra yerli hakimiyyət onları Bangidəki yerli xəstəxanaya köçürüb. İnsidentin hansı şəraitdə baş verdiyi hələ müəyyənləşdirilir”, – deyən Haq onu da əlavə edib ki, avqustun 1-də BMT polisi təhqiqata yardım məqsədilə Sibuta yola düşüb.

***Buna da bax: Heydər Camalın oğlu Orxan Camal öldürülüb

2013-cü ildə MAR prezidenti Francois Bozize devriləndən MAR-da zorakılıq baş alıb gedir.

İNDİYƏDƏK OXŞAR İNSİDENT OLMAYIB

Ancaq BMT-nin MAR-dakı missiyasının bildirməsinə görə, jurnalistlərin pusquya düşdüyü ərazi silahlı qüvvələr və missiyanın nəzarətində olub, burada son vaxtlar ciddi insident qeydə alınmayıb.

Jurnalistlər mərkəzdə yerləşən Sibyu şəhərinən şimalında qətlə yetirilib. Bu şəhər paytaxt Bangiyə aparan magistral yolun üstündə yerləşir.

BMT missiyasının hərbi sözçüsü, mayor Séraphin Embondza Bangidə mətbuat konfransında deyib ki, indiyədək bu yolda oxşar insident barədə heç nə eşitməyib.

Vagner
Vagner

İyulun 30-da qətlə yetirilmiş jurnalistlərin ölümü ətrafında suallar dolaşmaqdadır. Onlar Rusiya yarımhərbi qrupu barədə sənədli film çəkirmişlər. Bu, prezident Vladimir Putin-in xarici ölkələrə Rusiya ordusundan istifadə etmədiyi hallarda muzdluları yollamasına dəlil sayıla bilər.

Təhqiqatların İdarə Olunması Mərkəzi (TsUR) iyulun 31-də Facebook-da bildirib k, jurnalistlər Vagner qrupu barədə sənədli film çəkmək üçün MAR-a gediblər. Bu özəl qrup yüzlərlə muzdlunu birləşdirir və məlumatlara görə, Kremlə yaxın biznesmen Yevgeny Prigozhin tərəfindən maliyyələşdirilir. Vagner üzvləri Ukraynanın şərqində, Suriyada və digər yerlərdə döyüşlərə qatılıb.

TsUR-un sponsoru Putin-in mühacirətdə olan tənqidçisi Mikhail Khodorkovsky-dir.

Yerli və beynəlxalq media Vagner-in MAR-da da fəaliyyət göstərdiyi yazıb. Rusiya bu il həmin ölkənin təhlükəsizlik qüvvələrini yüngül silahlarla təmin edib, onlara təlim keçmək üçün yüzlərlə hərbi və mülki təlimçi göndərib.

Rusiya hakimiyyəti Vagner-in dünyanın heç bir yerində onların göstərişlərini yerinə yetirmədiyini bildirir.

VERSİYALAR

Jurnalistlərin qətlilə bağlı müxtəlif versiyalar dolaşmaqdadır.

MAR hökuməti onların başıçalmalı, ölkədə işlənməyən dildə danışan 10 nəfər tərəfindən güllələndiyini bildirib. Hökumət onların yolkəsənlər tərəfindən öldürülməsi versiyasını irəli sürüb.

TsUR-un baş redaktoru Andrei Konyakhin jurnalistlərin üstündə bir neçə min dollar və qiymətli avadanlıq olduğunu desə də, onların yalnız qarət məqsədilə öldürülməsinə şübhəylə yanaşdığını söyləyib. Baş redaktorun fikrincə, hücum jurnalistlərin apardığı istintaqla bağlı ola bilər.

“Bu, çox nümayişkaranə yolla edilib”, – o, “Associated Press” agentliyinə deyib, jurnalistlərin sürücüsünün sağ buraxılmasına diqqət çəkib.

“Hər şeylərini almışdılarsa, niyə özlərini də öldürürdülər?” – Konyakhin deyib.

2013-cü ildən MAR-da müsəlman və xristian qruplaşmalar arasında döyüşlər gedir. Ölkənin böyük hissəsi hökumətin nəzarətində deyil, BMT-nin sülhməramlı missiyası zorakılıqları önləməyə çalışır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG