Keçid linkləri

2024, 09 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 07:01

Trump ‘Rusiya istintaqı’nı dərhal dayandırmağa çağırır


Donald Trump (solda) və Robert Mueller
Donald Trump (solda) və Robert Mueller

ABŞ prezidenti Donald Trump baş prokuror Jeff Sessions-u “Rusiya istintaqı”nı dərhal dayandırmağa çağırıb. Söhbət Rusiyanın 2016-cı ildə prezident seçkisinə iddia olunan müdaxiləsinin, Trump-ın seçki kampaniyası ilə Kreml arasında mümkün əlbirliyin istintaqından gedir.

Trump-ın tviti Konqresdəki respublikaçıların tənqidlərinə səbəb olub. Onlar istintaqın davam etdirilməsinə çağırıblar. Demokratlar isə bunu Trump-ın ədaləti bir daha önləmək cəhdi adlandırıblar.

Prezident avqustun 1-də yazdığı bir neçə tvitdə Sessions-dan xüsusi prokuror Robert Mueller-in araşdırmasını dayandırmağı tələb edib.

“BU, PREZİDENTİN FİKRİDİR”

Trump Mueller-in təhqiqatını “TAMAMİLƏ UYDURMA” adlandırıb: “Dəhşətli durumdur, Baş Prokuror Jeff Sessions bu Saxta Əcinnə Ovunu dərhal dayandırmalı, onun ölkəmizi daha da ləkələməsini önləməlidir”.

Jeff Sessions
Jeff Sessions

Nümayəndələr Palatasının demokrat üzvü Adam Schiff Trump-ın tvitinin “məhkəməni əngəlləmək” cəhdi olduğunu deyib.

Trump Sessions-a Mueller-i işdən çıxarmaq göstərişimi verir? Ağ evin mətbuat katibi Sarah Sanders tvitin “göstəriş olmadığını”, prezidentin baş prokurora heç bir göstəriş vermədiyini deyib.

“Bu, prezidentin fikridir”, – deyən sözçü onu da əlavə edib ki, Trump təhqiqatın bu il də davam etməsind’n məyus olub, onun vəkilləri istintaqın 2018-ci ilin əvvəlində bitməsini gözləyiblər.

“Prezident əngəlləmir, mübarizə aparır”, – Sanders deyib.

Media yazır ki, Mueller Trump-ın “Rusiya istintaqı”na hücum edən tvitlərinin onun təhqiqatı əngəlləməsinə sübut olub-olmadığını da araşdırır.

Sarah Sanders
Sarah Sanders

Trump mayda tvitində yazırdı ki, Ədliyyə Departamenti hərəkətə keçməsə, özü istintaqa qarşı tədbir görə bilər.

“Bu, Birləşmiş Ştatlar prezidentinin ədaləti real zaman kəsimində, gözlərimiz önündə əngəlləməsinə tutarlı dəlildir”, – demokrat senator Richard Blumenthal avqustun 1-də deyib.

“ONLARIN İŞİNİ DƏSTƏKLƏYİRİK”

Sessions Trump-ın seçki kampaniyasında müşavir kimi çalışdığını əsas gətirərək ötən il Mueller-in istintaqından özünü kənarlaşdırıb. Trump onun bu addımını kəskin tənqid edib.

Baş prokurorun artıq bu istintaqı dayandırmaq səlahiyyəti yoxdur. O, həmin səlahiyyəti müavini Rod Rosenstein-ə verib. Rosenstein də Trump-ın hücumlarının hədəfindədir.

Ancaq respublikaçı, Federal Təhqiqat Bürosunun keçmiş direktoru Mueller Konqresdə böyük dəstəyə malikdir.

Avqustun 1-də bir çox respublikaçı senatorlar Trump-ın Mueller-in istintaqını dayandırmaq çağırışını rədd ediblər.

“Onlara işlərini tamamlamağa imkan verilməlidir. Onlar vacib bir işlə məşğuldurlar və bunu dəstəkləyirik...”, – Senatda 3-cü respublikaçı sayılan John Thune deyib.

Senator Orrin Hatch deyib ki, Sessions-un istintaqı dayandırmaq səlahiyyəti olduğunu düşünmür və belə etmək ağılsızlıq olardı.

Senatın ədliyyə komitəsinin apreldə qəbul etdiyi qanunvericilik Mueller-in işdən çıxarılmasını qadağan edir. Ancaq Senatın respublikaçı lideri Mitch McConnell bu qanunun tətbiqinə ehtiyac görmədiyini deyib, çünki o, Trump-ın Mueller-i işdən çıxaracağını düşünmür.

XS
SM
MD
LG